Prezident İlham Əliyevin Milli Qəhrəmanlar haqqında sərəncamı

Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz rəşadət və misilsiz vətənpərvərlik nümunələri göstərərək Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş şəxslərin və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə qərara alıram:

  1. Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1000 (bir min) manat müəyyən edilsin.

  2. “Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının 1-ci hissəsində “3.000.000 (üç milyon)” sözləri “1000 (bir min)” sözləri ilə əvəz edilsin.

  3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrasının təmin edilməsi ilə əlaqədar lazım olan məsələləri həll etsin.

  4. Bu Fərman 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 avqust 2013-cü il.