Prezident Lənkərana səfər edib-YENİLƏNİB

lenkeran

İlham Əliyev Lənkəran şəhərinə gəlmişdir

Prezident İlham Əliyev respublikamızın cənub bölgəsinə səfəri çərçivəsində Lənkəran şəhərinə gəlmişdir.

Dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin Xatirə parkındakı abidəsi önünə gül dəstəsi qoydu.

İcra hakimiyyətinin başçısı Taleh Qaraşov Heydər Əliyev Xatirə parkında aparılan yenidənqurma işləri barədə Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki, parkda tikinti işlərinə 2012-ci ilin sentyabrında başlanılmış və 2013-cü ilin mayında başa çatdırılmışdır. Ümumi sahəsi 27 min 500 kvadratmetr olan istirahət mərkəzində geniş yaşıllıq salınmışdır. Ümummilli lider Heydər Əliyevin Xatirə parkındakı abidəsinin ətrafına qranit üzlüklər çəkilmişdir. İşıqlandırma sisteminin də tamamilə yeniləndiyi parkda üç fəvvarə əsaslı təmir olunmuşdur.


lenkesu

İlham Əliyev Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak etmişdir

Prezident İlham Əliyev Lənkərana səfəri çərçivəsində şəhərə içməli suyun verilməsi mərasimində iştirak etmişdir.

Dövlətimizin başcısı “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin baş planını əks etdirən stendlərlə tanış oldu.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemləri ötən əsrin 60-70-ci illərində yaradılmışdır. Şəhərə içməli su Xanbulançay su anbarından verilirdi. Lənkəran şəhərinin və ona bitişik kəndlərin 68 min əhalisinin cəmi 15 faizi mərkəzləşmiş qaydada içməli su ilə təmin olunurdu. İçməli su həyət evlərinə fasiləsiz, çoxmənzilli yaşayış binalarına isə gündə 1-2 saat olmaqla cədvəl əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada quyu suları ilə ödəyirdi. İndiyədək istismarda olan magistral və şəhərdaxili paylayıcı su xətləri isə yararsız vəziyyətə düşmüşdü. Şəhərdə cəmi 28 kilometr kanalizasiya xətti mövcud idi. Qalan ərazilərin tullantı suları açıq kanallarla təmizlənmədən dənizə axıdılırdı.

Diqqətə çatdırıldı ki, bu problemlərin həlli məqsədilə dövlətimizin başçısının göstərişinə əsasən hazırlanmış “Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi” 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Lənkəran şəhəri, Şilavar, Digah, Velədi, Sütəmurdov və Göyşaban kəndlərinin 82 min sakininin içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılmasına hesablanmışdır. Gələcəkdə magistral kəmər boyunca yerləşən Gərmətük, Şürük, Bala Şürük, Küvənil, Tütəpeştə, Lüvəsər və Səpnəkəran kəndlərinə də bu mənbədən içməli su verilməsi nəzərdə tutulur. Bütövlükdə layihədən 100 min nəfər faydalanacaqdır. Şəhərə saniyədə 348 litr su veriləcəkdir ki, bu da sakinlərin tələbatını tam ödəyəcəkdir.

Bildirildi ki, layihəyə əsasən Lənkəran şəhəri və ətraf kəndlər üçün içməli su mənbəyi kimi Xanbulançay anbarı seçilmişdir. Burada məhsuldarlığı sutkada 30 min kubmetr olan qum süzgəcli suqəbuledici qurğu inşa olunmuşdur. Lənkəran şəhərini fasiləsiz rejimdə içməli su ilə təmin etmək üçün tutumu 10 min kubmetr olan anbar tikilmiş və buradan şəhərə 11,6 kilometr uzunluğunda magistral xətt çəkilmişdir.

Prezidentə məlumat verildi ki, Lənkəran şəhərində tikintisi nəzərdə tutulan 233 kilometr paylayıcı su şəbəkəsinin 160 kilometrlik hissəsində işlər yekunlaşmış, 15 min abonentin 10 mini yeni şəbəkəyə birləşdirilmiş və onların 3 mini smart-kart tipli sayğacla təmin olunmuşdur. Layihə üzrə inşası planlaşdırılan 197 kilometr uzunluğunda kanalizasiya xətlərinin 20 kilometrlik hissəsi çəkilmişdir və 9,4 kilometr uzunluğunda mikrotunel tipli kanalizasiya kollektorunun inşası davam etdirilir. Şəhərdə toplanan tullantı suları gələcəkdə inşa ediləcək və məhsuldarlığı sutkada 40 min kubmetr olacaq təmizləyici qurğuya ötürüləcəkdir.

Vurğulandı ki, icrasına 2011-ci ilin oktyabrında başlanılmış və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilən layihə 2014-cü ildə başa çatdırılacaqdır. Gələcəkdə Astara şəhərinin və həmin rayonun 27 kəndinin 90 mindən artıq sakininə də içməli suyun Xanbulançay mənbəyindən verilməsi nəzərdə tutulur.

Layihə ilə tanışlıqdan sonra Prezident İlham Əliyev Lənkəran şəhərinə içməli suyun verilməsini bildirən düyməni basdı.

Sonda xatirə şəkli çəkdirildi.


lenekosa

İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Lənkəran-Vilvan-Osaküçə-Türkəncil avtomobil yolunun açılışında iştirak etmişdir.

Avtomobil yolunun sxematik planı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, uzun illər təmir edilməyən bu yol yararsız vəziyyətə düşmüşdü. Qısa müddətdə tamamilə yenidən qurulan yol əhalinin gediş-gəlişini xeyli asanlaşdıracaqdır.

Yolun yenidən qurulmasına Azərbaycan Prezidentinin 2012-ci il 8 iyun tarixli Sərəncamına əsasən dövlət büdcəsindən ilkin olaraq 4 milyon manat ayrılmışdır. 40 min nəfər əhalinin yaşadığı 20 yaşayış məntəqəsini birləşdirən Lənkəran-Vilvan-Osakücə-Türkəncil avtomobil yolunun 26,8 kilometrlik hissəsi yenidən qurulmuşdur. Yolun 22,7 kilometrinə 154,8 min kvadratmetr asfalt örtüyü döşənmiş, 4,1 kilometrində isə torpaq bərkidilmiş və üstünə çınqıl qatı salınmışdır.

Bildirildi ki, tikintisi “Lənkəranyol tikinti” ASC tərəfindən aparılan yolun inşasına 2012-ci ilin may ayında başlanılmış, 2013-cü ilin avqustunda başa çatdırılmışdır. Üçüncü texniki dərəcəli yolun yenidən qurulması zamanı altı körpü təmir olunmuş, iki suötürücü boru quraşdırılmışdır.

Prezident İlham Əliyev görülən işlərdən razı qaldığını bildirdi.


gen

İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Lənkəranda Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev Prezident İlham Əliyevə məlumat verdi ki, üçmərtəbəli binanın tikintisinə ötən ilin iyulunda başlanmış və tikinti işləri bu ilin avqustunda başa çatdırılmışdır. Ərazisi 1610 kvadratmetr olan mərkəz respublikadakı ən böyük gənclər mərkəzlərindən biridir.

Diqqətə çatdırıldı ki, mərkəzin foyesində gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Burada, həmçinin Ulu Öndərin və Prezident İlham Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, eləcə də gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Binanın birinci mərtəbəsindəki şahmat və internet otaqları bütün lazımı avadanlıqlarla təchiz olunmuşdur. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Müasir konfrans zalına malik mərkəzdə gənclər üçün müxtəlif mövzularda dəyirmi masalar keçirmək mümkün olacaqdır. Bundan başqa, mərkəzdəki 3D formatlı kino klubu da orijinallığı ilə diqqəti cəlb edir. Klubda ABŞ, Fransa və Yaponiya istehsalı olan ən son avadanlıq quraşdırılmış və 3D formatlı filmlərin nümayişi üçün hər cür şərait yaradılmışdır. Mərkəzdə gənclər kafesi də fəaliyyət göstərəcəkdir.

Bildirildi ki, binanın ikinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin gənclər siyasətini əks etdirən fotogüşələr yaradılmışdır. Bu mərtəbədə fəaliyyət göstərəcək əyləncə mərkəzində müxtəlif oyun aparatları quraşdırılmışdır. Burada yaradılmış atıcılıq salonu ən müasir avadanlıqla təchiz olunmuşdur. Salonda gənclərin ibtidai hazırlıq keçmələri və interaktiv, pnevmatik avtomatdan atəşaçma bacarıqlarının yüksəldilməsi istiqamətində məqsədyönlü işlər aparılacaqdır. Yaradıcılıq mərkəzində gənclər həm sənət öyrənəcək, həm də onların əl işləri sərgilənəcəkdir. Gənclər Mərkəzinin üçüncü mərtəbəsində isə 30 yerlik qapalı ,150 yerlik açıq zal fəaliyyət göstərəcəkdir. Bir sözlə, mərkəz gənclərin asudə vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

Prezident İlham Əliyev yeni mərkəzdə cənub regionun ali məktəblərə builki qəbul imtahanlarında yüksək bal toplamış gəncləri ilə görüşdü.

genc


SAH

İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur

Prezident İlham Əliyev Lənkəran Şəhər Mərkəzi Xəstəxanasında aparılan yenidənqurma işləri ilə tanış olmuşdur.

Səhiyyə naziri Oqtay Şirəliyev dövlətimizin başçısına aparılan yenidənqurma işləri barədə ətraflı məlumat verdi. Bildirildi ki, xəstəxananın binası 1983-cü ildə inşa olunmuşdur. O vaxtdan binada əsaslı təmir aparılmamışdır. Azərbaycan Prezidentinin ehtiyat fondundan Lənkəran Şəhər Mərkəzi Xəstəxanasının yenidən qurulması üçün 2012-ci ildə 3 milyon manat, 2013-cü ildə 8 milyon manat ayrılmışdır. Ümumi ərazisi 5 hektar olan xəstəxananın yenidən qurulmasına 2012-ci ilin avqustunda başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Bu tibb müəssisəsi möhtəşəmliyi və xidmətinin müxtəlifliyi ilə fərqlənir.

Kompleksə cərrahiyyə, poliklinika, narkologiya, terapiya, yoluxucu xəstəliklər korpusları, inzibati bina və mətbəx daxildir.

Xəstəxananın 13 şöbəsində müxtəlif xəstəliklərin müayinəsi və müalicəsi mümkün olacaqdır. Cərrahiyyə, terapiya, pediatriya, ginekologiya, anesteziologiya, reanimatologiya, şüa-diaqnostika, fizioterapiya, qəbul şöbələri, konsultativ poliklinika, perinetal mərkəz, klinik laboratoriya, təcili tibbi yardım stansiyası tibbin ən son nailiyyətləri olan avadanlıq və cihazlarla təmin edilmişdir.

Diqqəti çatdırıldı ki, xəstəxananın bütün infrastrukturu tamamilə yenilənmişdir. Xidmətdə fasilələr yaranmaması üçün 10 kilovoltluq transformator stansiyası və dizel generatoru quraşdırılmışdır. Yeni qazanxana, su anbarı, nasos stansiyası tikilmiş, avtomobil dayanacağı salınmışdır. Xəstəxanada çalışacaq 1900 tibb işçisinin 327-si həkim, 964-ü orta tibb işçisidir. Bu böyük tibb heyəti özlüyündə şəhər xəstəxanasının nə qədər geniş funksiyanı yerinə yetirəcəyini göstərən amildir. Bütün bunlar həm də onu göstərir ki, son illər səhiyyə sahəsində yaşanan ən böyük dəyişiklik tibb ocaqlarının ən müasir tibbi texnika və avadanlıqlar ilə təmin olunmasıdır. Müasir Azərbaycanı modern texnologiyaların tətbiq olunduğu məkana çevirmək məqsədini qarşıya qoyan Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkəmizdə yenidən qurulan səhiyyə müəssisələri regionda ilk dəfə açıq ürək əməliyyatı və qara ciyərin köçürülməsi kimi mühüm nailiyyətlərə imza atmışdır. Bu illər ərzində yüzlərlə tibb ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşa edilməsi səhiyyə sisteminin inkişafından xəbər verir. Yeni tibb ocaqları və müasir tibbi avadanlıqlar ilk növbədə bir məqsədə – Azərbaycan əhalisinin sağlamlığının qorunması kimi mühüm missiyanın yerinə yetirilməsinə xidmət edir. Azərbaycan səhiyyəsi son illərdə böyük və şərəfli yol keçmişdir. Bu dövr səhiyyəmizin tarixində geniş islahatlar dövrü kimi yadda qalmışdır.

Xəstəxanada yaradılmış şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev xidmətin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıq və tövsiyələrini verdi.