Prezident Masallı rayonuna səfər edib-YENİLƏNİB

masallii

İlham Əliyev Masallı rayonuna gəlmişdir

Prezident İlham Əliyev Yardımlıya səfərini başa çatdıraraq Masallı rayonuna gəlmişdir.

Dövlətimizin başçısı Heydər Əliyev Parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoydu.

Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Prezident İlham Əliyevə məlumat verdi ki, Ümummilli Liderin adını daşıyan park yenidən qurulmuşdur. 2011-ci ildə Heydər Əliyev Muzeyinin bazasında Heydər Əliyev Mərkəzi yaradılmışdır.

Parkda rayon sakinləri və qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.

 


İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Masallıda Heydər Əliyev Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevin diqqətinə çatdırıldı ki, birinci mərtəbədə internet kafe və 3D kino zalı fəaliyyət göstərir. Mərkəzin ikinci mərtəbəsində isə məktəblilərin Azərbaycanın zəngin tarixini dərindən öyrənmələri üçün xüsusi dərnəklər yaradılmışdır.

Rəsm studiyası, fotostudiya, xalq sənətkarlığı otağı da məhz belə dərnəklərdəndir.

Bildirildi ki, mərkəzdə yaradılan xalq sənətkarlığı otağında Azərbaycanın qədim musiqi alətləri və xalçaçılıq nümunələri nümayiş etdirilir. Elektron kitabxanada isə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və fəaliyyətindən bəhs olunan, o cümlədən Azərbaycan tarixini, ədəbiyyatını və mədəniyyətini özündə əks etdirən elekton vəsaitlər yer almışdır.

Prezident İlham Əliyev Mərkəzdə yaradılan şəraiti yüksək qiymətləndirdi.


İlham Əliyev Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Masallıda Mədəniyyət Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak etmişdir.

Dövlətimizin başçısına məlumat verildi ki, Mədəniyyət Mərkəzi 1956-cı ildə inşa olunmuşdur. Bu mədəniyyət ocağı istismarda olduğu müddətdə əsaslı təmir edilməmişdir. Ümumi sahəsi 7300 kvadratmetr olan bina üçmərtəbəlidir. Rayonun bu əsas mədəniyyət ocağının əsaslı təmirinə 2011-ci ildən başlanılmışdır. Tikinti işləri Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə həyata keçirilmişdir.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə qayğısından bəhs edən fotoguşə yaradılmışdır. Burada Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına, bu sahədə böyük əmək sərf edən insanlara diqqət və qayğısını əks etdirən fotolar da toplanmışdır.

Dövlətimizin başçısının Masallıya ötən səfərindən sonra şəhərin inkişafı məqsədilə imzaladığı Sərəncama uyğun olaraq ayrılan vəsait hesabına yenidən qurulan Mədəniyyət Mərkəzinin binası müasir standartlara cavab verir. 358 yerlik tamaşa salonundan və digər yardımçı otaqlardan ibarət Mədəniyyət Mərkəzinin bütün infrastrukturu tamamilə yenidən qurulmuşdur.
Mərkəzlə tanışlıq zamanı dövlətimizin başçısı rayon incəsənət məktəbi xor kollektivinin ifasını dinlədi.
Prezident İlham Əliyev Masallı ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Mahmudavar kənd mədəniyyət evinin direktoru Natəvan Əliyeva, rayon Ziyalılar Cəmiyyətinin sədri Qardaş Fətullayev, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Mirqiyas Təhməzov Prezident İlham Əliyevə Masallı sakinlərinin təşəkkürünü çatdırdılar.

Sonra “Halay” folklor kollektivi “Ay lolo” xalq mahnısını ifa etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.


 

İlham Əliyev Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının yeni inşa olunan inzibati binasının açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi.

İkimərtəbəli binanın inşasına 2012-ci ilin iyulunda başlanılmış, tikinti işləri yüksək səviyyədə həyata keçirilmişdir. Ümumi sahəsi 2650 kvadratmetr olan bina müasir inventar və havalandırma sistemi ilə təchiz edilmişdir. Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyası ilə bağlı fəaliyyətlərini əks etdirən fotolardan ibarət stend vardır. Birinci mərtəbədə, həmçinin partiyanın qadınlar şurası və gənclər birliyi üçün də otaqlar yaradılmışdır. Binanın ikinci mərtəbəsində Yeni Azərbaycan Partiyasının yaradıcısı ulu öndər Heydər Əliyevin büstü qoyulmuşdur. Burada, həmçinin inzibati otaqlar da vardır. Bu mərtəbədə müxtəlif tədbirlərin təşkli üçün 100 yerlik konfrans zalı, arxiv və digər otaqlar da müasir səviyyədə qurulmuşdur.

Bildirildi ki, hazırda Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının 9111 nəfər üzvü vardır. Təşkilatın üzvləri rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fəallıq göstərir, aparılan abadlıq-quruculuq və yenidənqurma işlərində yaxından iştirak edirlər.

Yeni Azərbaycan Partiyasının rayon təşkilatları üçün bu cür müasir binaların tikilməsi ölkənin bu aparıcı siyasi təşkilatının fəaliyyətinin daha da güclənməsinə xidmət edəcəkdir.


İlham Əliyev Masallı Regional Boks Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Masallı Regional Boks Mərkəzinin açılışında iştirak etmişdir.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, boks mərkəzinin təməli 2012-ci ilin əvvəlində qoyulmuşdur.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin Azərbaycan idmanının inkişafına və idmançılara göstərildikləri qayğını əks etdirən fotostend yaradılmışdır.

Dövlətimizin başçısı boks zalı ilə tanış oldu.

Məlumat verildi ki, burada trenajor və ağır atletika zalları, həmçinin gənclərin idmanın digər növləri ilə məşğul olmaları üçün bütün imkanlar vardır. Mərkəzdə müxtəlif treninqlər və digər tədbirlər keçiriləcəkdir.

Daha sonra Prezident İlham Əliyev Masallı rayonunda yeni inşa olunan Regional Taekvondo Mərkəzinin açılışında iştirak etdi.

Dövlətimizin başçısına məlumat verildi ki, son illərdə Masallıda idmanın müxtəlif növlərinin inkişafına xüsusi diqqət göstərilir.

Bu cür mərkəzlərin istifadəyə verilməsi isə gənclərin idmana olan maraq və həvəsini daha da artırır. Ərazisi 5613 kvadratmetr olan idman mərkəzinin tikintisinə 2012-ci ildə başlanılmışdır. İnşaat işləri yüksək səviyyədə aparılmışdır.

Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış oldu.

Burada ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən, eyni zamanda, Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs edən fotoguşələr yaradılmışdır.

Dövlətimizin başçısı sonra taekvondo zalı ilə tanış oldu.

Burada 120 nəfərlik trenajor zalındakı avadanlıq da müasirliyi ilə diqqəti cəlb edir. İndi ölkəmizdə ənənəvi olmayan idman növlərinin inkişafı da xüsusi diqqət mərkəzindədir. Azərbaycanda bədən tərbiyəsi və idmanın hərtərəfli inkişafı üçün 2009-2020-ci illəri əhatə edən Milli Strategiya bu baxımdan geniş imkanlar açır.

Prezident İlham Əliyev daha sonra mərkəzin ərazisi ilə tanış oldu. Bildirildi ki, ətrafda böyük həcmdə abadlıq və yaşıllaşdırma işləri görülmüşdür.