Prezident qəbul keçirdi – FOTO (YENİLƏNİR)

XALQ,AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avropa Parlamentinin (AP) sabiq vitse-prezidenti, AP-nin deputatı Riçard Çarnetskini qəbul edib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Necdet Ünüvarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də MDB-dən seçkilərdə müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri-icraçı katibi Sergey Lebedevi qəbul edib.

Sergey Lebedev seçkilərdə inamlı qələbə qazanması münasibətilə dövlətimizin başçısına təbriklərini çatdıraraq dedi: “Bu seçkilərin nəticələri Sizə Azərbaycan xalqının nə dərəcədə hörmət bəslədiyinin təzahürüdür. MDB İcraiyyə Komitəsinin sədri kimi əlavə etmək istərdim ki, Siz bütün Müstəqil Dövlətlər Birliyi məkanında böyük nüfuza maliksiniz”. Sergey Lebedev dövlətimizin başçısına MDB-nin fəaliyyətinə verdiyi dəstəyə görə minnətdarlığını bildirdi və İlham Əliyevin növbəti prezidentlik fəaliyyəti dövründə də Azərbaycanın bu təşkilatla fəal əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə etdi. Rəhbərlik etdiyi missiyaya 8 dövlətdən 221 müşahidəçinin daxil olduğunu vurğulayan qonaq nümayəndə heyəti adından Azərbaycan xalqına və ölkəmizə firavanlıq və uğurlu inkişaf arzuladı.

Xoş sözlərə və təbrikə görə minnətdarlığını bildirən Prezident İlham Əliyev xeyli sayda müşahidəçinin daxil olduğu MDB müşahidəçilər missiyasının fəaliyyətinin önəmini qeyd etdi. MDB ilə əlaqələrə toxunan dövlətimizin başçısı ölkəmizin bu əməkdaşlığa böyük önəm verdiyini bildirərək qeyd etdi ki, Azərbaycan tərəfi hər zaman bu təşkilatın daha da möhkəmləndirilməsi istiqamətində səylərin gücləndirilməsini vacib hesab edir. Prezident İlham Əliyev Sergey Lebedevin MDB-nin beynəlxalq nüfuzunun artması və inteqrasiya proseslərinin gücləndirilməsi istiqamətində fəaliyyətini yüksək qiymətləndirdi.

Azərbaycanın MDB-nin fəal üzvü olduğunu vurğulayan dövlətimizin başçısı bildirdi ki, ölkəmiz bundan sonra da bu təşkilat çərçivəsində təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsi ilə bağlı əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində səylərini əsirgəməyəcək.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Avstraliya Parlamentinin nümayəndələr palatasının deputatı, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun üzvü Efstathios Georganasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Avstraliya İttifaqı Parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycana səfərlərindən məmnunluqlarını ifadə edərək seçki məntəqələri bağlandıqdan dərhal sonra keçirdikləri brifinq zamanı bütün seçki prosesinin şəffaf şəkildə keçdiyini, seçki məntəqələrində seçici fəallığının və səsvermənin demokratik şəraitdə aparıldığının şahidi olduqlarını bildirdilər.

Dövlətimizin başçısı ölkəmizdə seçkilərin qanunvericiliyə uyğun, açıq və şəffaf şəkildə keçirilməsi, bununla da əhalinin iradəsini sərbəst ifadə etməsi üçün hər cür şərait yaradıldığını bildirdi. Prezident İlham Əliyev seçicilərin səsvermədə çox fəal şəkildə iştirak etdiklərini məmnunluqla qeyd etdi, eyni zamanda, seçkilərin Azərbaycanın üzv olduğu Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə tam uyğun şəkildə keçirildiyini vurğuladı.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) baş katibi Rəşid Əlimovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov Azərbaycan xalqının güclü dəstəyi ilə seçkilərdə qazandığı inamlı qələbə münasibətilə dövlətimizin başçısını səmimi qəlbdən təbrik etdi və seçkiləri müşahidə etmək üçün dəvətə görə minnətdarlığını bildirdi. Təmsil etdiyi təşkilatın önəminə toxunan Rəşid Əlimov bildirdi ki, bu gün Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin əhalisinin ümumi sayı 3 milyarddan çoxdur, ərazisi isə Avrasiya qitəsinin təxminən 3,2 hissəsini təşkil edir və təşkilatın dialoq üzrə tərəfdaş ölkə olan Azərbaycanla uğurlu əməkdaşlıq həyata keçirilir. Qonaq onu da xüsusi qeyd etdi ki, təşkilatın tarixində ilk dəfə olaraq dialoq üzrə tərəfdaş ölkədə müşahidə missiyası fəaliyyət göstərir. Bunu Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında inkişaf edən xüsusi əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirən Rəşid Əlimov bu əlaqələri alqışladıqlarını qeyd etdi. Rəhbərlik etdiyi müşahidə missiyasının tərkibinə təşkilatın bütün üzv dövlətlərinin nümayəndələrinin daxil olduğunu vurğulayan qonaq missiyanın bir həftə ərzində ölkəmizdə fəaliyyət göstərdiyini bildirdi. O, müşahidə missiyasının sərbəst şəkildə ölkəmizin müxtəlif regionlarında ümumi seçki məntəqələrinin təqribən 7 faizində müşahidələr apardıqlarını, seçki məntəqələrində işlərin yüksək səviyyədə, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə təşkil edildiyinin şahidi olduqlarını dedi. Qonaq seçki məntəqələrində istənilən hər hansı bir sənədlə tanış olmaq imkanı əldə etdiklərini və seçki proseslərinin açıq və şəffaf şəkildə olduğunu müşahidə etdiklərini bildirdi. Seçki komissiyalarının üzvlərinin böyük peşəkarlıq nümayiş etdirdiyini vurğulayan Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov məntəqələrdə əhalinin bütün təbəqələrinə yüksək diqqət göstərildiyini dedi. O, digər seçki missiyaları nümayəndələrinin də hər hansı bir seçki məntəqəsində ciddi qanun pozuntusunun qeydə alınmadığını söylədiklərini də vurğuladı. Şanxay Əməkdaşlıq Təşkilatının baş katibi Rəşid Əlimov 400-ə yaxın məntəqədə müşahidə aparan missiya adından bildirdi ki, ölkəmizdə prezident seçkiləri tam açıq, demokratik, şəffaf şəkildə keçirilmişdir. Bir daha inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edən Rəşid Əlimov dedi: “Sizə və dost Azərbaycan xalqına uğurlar və firavanlıq arzulayırıq. Azərbaycan inkişaf edir, şəxsən Siz hər bir Azərbaycan vətəndaşının rifahı naminə qayğı göstərirsiniz. Seçicilərlə apardığımız söhbətlər bir daha göstərdi ki, insanlar gələcəyi Sizinlə görürlər”.

Xoş sözlərə görə təşəkkürünü bildirən dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə fəal əməkdaşlıq həyata keçirdiyini məmnunluqla vurğuladı. Ölkəmizlə təşkilatın bütün üzv dövlətləri arasında konstruktiv, dostluq münasibətlərinin mövcud olduğunu və bu münasibətlərin tarixi keçmişə əsaslandığını, ümumi tarixə və maraqlara söykəndiyini dedi. Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına beynəlxalq aləmdə çox mühüm rol oynayan bir təşkilat kimi baxdığını qeyd edən Prezident İlham Əliyev bu təşkilatın bütün dünyada sabitliyin bərqərar olması işinə fəal töhfə verdiyini vurğuladı. Dövlətimizin başçısı Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyasının ilk dəfə olaraq Azərbaycanda həyata keçirilməsinin önəmini qeyd etdi və bunu təşkilatın ölkəmizlə olan münasibətlərinin, eyni zamanda, əlaqələrimizin yaxşı perspektivlərinin göstəricisi kimi dəyərləndirdi. Dövlətimizin başçısı Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri gücləndirmək əzmində olduğunu və bu təşkilatın bir sıra layihələrində iştirak etməyə maraq göstərdiyini dedi. Prezident İlham Əliyev qeyd etdi ki, bu qurumun üzv dövlətləri ilə uğurlu ikitərəfli münasibətlər ümumi əməkdaşlıq platformasının yaranması işinə xidmət edir və bu ölkələrlə əməkdaşlıq əlaqələri Azərbaycanın xarici siyasətinin prioritetlərindən birini təşkil edir.

Seçkilərin keçirilməsinə verilən yüksək qiymətə görə minnətdarlığını bildirən dövlətimizin başçısı ölkəmizin bu seçkilərin maksimum dərəcədə şəffaf, demokratik və Azərbaycan xalqının iradəsinin tam ifadə olunması şəklində keçirilməsi üçün böyük hazırlıq işlərinin görüldüyünü dedi. Dövlətimizin başçısı seçki kampaniyasının azad, konstruktiv şəkildə keçirildiyini vurğulayaraq, bunu Azərbaycan cəmiyyətində hökm sürən siyasi mədəniyyətin təzahürü kimi dəyərləndirdi və qeyd etdi ki, bütün kampaniya dövründə namizədlər üçün ən əlverişli şərait yaradılmışdı. Prezident İlham Əliyev seçkilərin nəticələrinin Azərbaycan xalqının son illər ölkədə həyata keçirilən işlərə verdiyi qiymətin ifadəsi olduğunu bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, bütün bunlar Azərbaycanın müstəqil dövlət kimi gələcəkdə daha da möhkəmlənməsi və inkişaf etməsi işinə öz töhfəsini verir.


Elgün

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir