Prezident Qubaya səfər edib-YENİLƏNİR

41

İlham Əliyev Quba rayonuna səfərə gəlmişdir

Dövlət başçısı və xanımı Mehriban Əliyeva əvvəlcə Quba şəhərinin mərkəzindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydular.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayev Azərbaycan Prezidentinə məlumat verdi ki, ərazisi 5 hektar olan Heydər Əliyev adına mədəniyyət və istirahət parkı tamamilə yenidən qurulmuşdur. Ərazidə yol və keçidlərə 2500 kvadratmetr asfalt döşənmiş, geniş yaşıllıq işləri aparılmışdır. İstirahət məkanında dörd kölgəlik quraşdırılmış, 60 oturacaq qoyulmuş, işıqlandırma sistemi və parkın ətrafındakı hasarlar yenilənmişdir. Parkda ulu öndər Heydər Əliyevin portretlərindən ibarət mozaik pannolar yaradılmışdır. Burada müasir işıqlandırma sistemi ilə təchiz edilmiş musiqili fəvvarə tikilmişdir. Dairəvi şəkilli ikinci fəvvarə dekorativ elementlərlə bəzədilmişdir. Quba rayonunun ən gözəl yerlərindən birində salınan bu parkın yenidən və ən müasir standartlar səviyyəsində qurulması əhalinin istirahətinin təşkilində mühüm rol oynayır.

 


42

 

İlham Əliyev Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak etmişdir.

Son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilmişdir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsini əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilmiş, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınmışdır. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılmış, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılmışdır. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilmişdir.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış oldular.

Dövlət başçısı və xanımı burada kompleksin sxemini əks etdirən stendlərə baxdılar.

Bildirildi ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ərazisində görülmüş işləri əks etdirən stendlərə baxdılar.

Dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi, kompleksin önünə əklil qoydu.

Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırıldı ki, aşkar olunmuş kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılmışdır. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilmişdir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilmişdir ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılmışdır.

Bildirildi ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunmuşdur. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilmişdir.

Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılmışdır. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülmüşdür. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılmışdır. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunmuş kitabxana, arxiv və digər inzibati otaqlar vardır. Kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən – sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə də ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Abidə bütövlükdə brutto-betondan hazırlanmışdır. Memarlar soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışmışlar.

Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar vardır. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer almışdır. Kompleksdə quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılmışdır. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar vardır. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir.

Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da vardır. Burada, həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer almışdır. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addım tarixi əhəmiyyəti ilə seçilir.

Komplekslə tanışlıqdan sonra dövlətimizin başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Dövlət başçısı mərasimdə çıxış etdi.

Rayon sakini İsa Şirinov, Quba Dağ Yəhudiləri İcmasının sədri Boris Simanduyev, Qusar rayon sakini Qorxmaz Muradov Azərbaycan Prezidentinə minnətdarlıqlarını çatdırdılar.

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkdilər.

Sonda xatirə şəkli çəkdirildi.

 


 

43

İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdi

Prezident İlham Əliyev Quba Rayon İcra Hakimiyyətinin yeni inzibati binasının açılışında iştirak etmişdir.

Dövlət başçısına və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunan bina şəhərin gözəlliyini daha da artırır. Üçmərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz edilmişdir.

Diqqətə çatdırıldı ki, Quba Rayon İcra Hakimiyyətinin hazırda yerləşdiyi bina 1959-cu ildə inşa olunmuşdur. Bina təmir olunsa da iş şəraiti üçün əlverişli deyildi. Yeni bina Heydər Əliyev adına mədəniyyət və istirahət parkının ərazisində yerləşir. Binanın inşasına ötən ilin avqustunda başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri ən yüksək səviyyədə aparılmışdır.

Foyedə ölkəmizin inkişafında böyük xidmətləri olmuş ulu öndər Heydər Əliyevin büstü qoyulmuş, Ümummilli Liderin ictimai-siyasi fəaliyyətini əks etdirən fotolardan ibarət stend quraşdırılmışdır. Burada Ulu Öndərin müxtəlif illərdə Quba rayonuna səfərlərini əks etdirən fotolar xüsusilə böyük maraq doğurur.

Binanın interyeri zövqlə tərtib olunmuşdur. Ümumilikdə binada 35 iş otağı vardır. Geniş otaqlarda hər cür şərait yaradılmışdır. Ən müasir tələblər səviyyəsində qurulan 250 yerlik akt zalı müasir səs sistemi ilə təchiz olunmuşdur. Burada rayonun ictimai-siyasi həyatı ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi mümkündür. Binada müasir avadanlığın quraşdırıldığı 50 nəfərlik yeməkxana da fəaliyyət göstərir. Binada vətəndaşların qəbulu üçün ayrıca otaq da yaradılmışdır.

Burada vətəndaşların qəbulunu operativ və səmərəli həyata keçirmək üçün geniş imkanlar vardır.

Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva inzibati binanın operativ idarəetmə mərkəzi ilə tanış oldular. Mərkəzdə rayonun icra nümayəndəlikləri ilə birbaşa canlı bağlantı yaratmaq mümkündür.

Konfrans zalı ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, 25 yerlik zal müasir tələblərə cavab verir.

Memarlıq və tikinti şöbəsində yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə Quba şəhərinin baş planı, rayonun elektron xəritəsi və görülən işlərlə bağlı geniş məlumat verildi.

Prezident İlham Əliyev görülən işlərdən razılığını bildirdi, tapşırıq və tövsiyələrini verdi.

 


45

İlham Əliyev Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qubada Heydər Əliyev adına mədəniyyət və istirahət parkında inşa olunmuş “Yaşıl teatr”ın açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Azərbaycan Prezidenti “Yaşıl teatr”ın rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həm respublika, həm də rayon səviyyəli mədəni-kütləvi tədbirlərin keçirilməsi məqsədilə yaradılan teatrın tikintisinə bu ilin əvvəlində başlanılmışdır. Teatrın tamaşa zalı 1000 nəfərlikdir. “Yaşıl teatr”da ən son texnologiyalara əsaslanan səs və işıq sistemləri qurulmuşdur.

Azərbaycan Prezidentinə və xanımına Heydər Əliyev adına parkda inşa olunmuş Bayraq kompleksi barədə də məlumat verildi.

Bildirildi ki, paytaxt Bakı ilə yanaşı, ölkəmizin bölgələrində yaradılan Bayraq meydanları dövlət atributlarımıza olan sevgi və hörmətin göstəricisidir. Quba rayonundakı Bayraq kompleksi də bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Buradakı bayraq dirəyinin hündürlüyü 78 metrdir.

Qeyd olundu ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında Uşaq Əyləncə Mərkəzi də inşa edilmişdir. Ümumi sahəsi 480 kvadratmetr olan kafedə yay və qış zalları fəaliyyət göstərəcəkdir.


44

İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Quba rayonuna səfəri çərçivəsində Gənclər Mərkəzinin açılışında iştirak etmişdir.

Ölkəmizdə gənclər siyasətinin formalaşması istiqamətində çoxşaxəli tədbirlər görülür. Ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olan dövlət gənclər siyasəti 2003-cü ildən başlayaraq Azərbaycanda uğurlu nəticələrlə yadda qalmışdır. Gənclərlə bağlı dövlət proqramları bu proseslərdə çox mühüm rol oynamışdır. Hazırda “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı uğurla həyata keçirilir. Bu gün ölkəmizdə gənclərin vətənpərvərlik, azərbaycançılıq və dövlətçilik prinsipləri, həmçinin tarixi-mədəni keçmişimizə, milli mənəvi dəyərlərə rəğbət ruhunda tərbiyə olunması prioritet istiqamətlərdəndir. Əsas məqsəd gənclərin cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında yaxından iştirakına stimul verməkdir. Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, gənclərin intellektual və yaradıcı potensialının üzə çıxarılması, xüsusilə regionlarda yaşayan gənclərin fəallığının artırılması istiqamətində məqsədyönlü layihə və proqramlar həyata keçirilir. Ölkəmizin bölgələrində müasir tələblərə cavab verən sosial infrastruktur obyektləri və Gənclər mərkəzləri yaradılır. Quba rayonunda da Gənclər Mərkəzinin yaradılması bu məqsədə xidmət edir.

Azərbaycanın birinci xanımına gül dəstəsi verildi.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən binanın inşası bir il ərzində həyata keçirilmişdir. Quba şəhərinin Heydər Əliyev adına mədəniyyət və istirahət parkında gənclərin asudə vaxtlarının səmərəli təşkili məqsədilə inşa edilən mərkəzin binası üçmərtəbəlidir. Bu bina respublikamızdakı ən böyük Gənclər mərkəzlərindən biridir.

Mərkəzin foyesində ulu öndər Heydər Əliyevin ictimai-siyasi fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr yaradılmışdır. Burada, həmçinin gənclərə daim diqqət göstərən ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur.

Prezident İlham Əliyev mərkəzin 250 yerlik akt zalı ilə tanış oldu. Geniş və işıqlı zalda gənclər üçün rayon və respublika səviyyəli tədbirlərin, konfransların və iclasların keçirilməsi nəzərdə tutulur. Mərkəzdə gənclər kafesi və karaoke-bar fəaliyyət göstərəcəkdir. Gənclər Mərkəzində kompyuter bilikləri və xarici dil üzrə xüsusi kursların təşkili də planlaşdırılır. Əsas məqsəd yeniyetmələr arasında elmi-texniki biliklərin təbliği, onların elmi-yaradıcı təşəbbüslərinin artırılması, bu sahədə istedadlı gənclərin üzə çıxarılmasıdır. Binadakı tennis və bilyard zalları da gənclərin asudə vaxtlarının səmərəli keçməsinə şərait yaradacaqdır. Mərkəzdəki şahmat otağı bütün lazımi avadanlıqla təchiz olunmuşdur. Rəsm və xalçaçılıq dərnəklərində gənclər bu sənətlərin sirlərini öyrənəcəklər. Burada, həmçinin onların əl işləri sərgilənəcəkdir. Mərkəzdə gənclərin müasir texnoloji yeniliklərlə yaxından tanış olmalarına, onların bilik və bacarıqlarının inkişaf etdirilməsinə yönələn kurslar təşkil ediləcəkdir. Bir sözlə, mərkəz gənclərin vaxtlarının səmərəli təşkilində, onların ictimai fəallığının yüksəldilməsində mühüm rol oynayacaqdır.

Mərkəzlə tanışlıqdan sonra Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi.


46

İlham Əliyev Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir

Prezident İlham Əliyev Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin başa çatdırılması münasibətilə təşkil olunan mərasimdə iştirak etmişdir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bölgələrdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir. Proqram çərçivəsində həyata keçirilən “Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi də 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla Quba şəhəri və rayonun Qırmızı qəsəbə, Mirzəməmmədkənd və Timiryazev kəndlərində 46 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşdırılmasına hesablanmışdır. Layihə çərçivəsində Quba Sukanal İdarəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilmişdir.

Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva idarənin binasında yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, ümumi sahəsi 1150 kvadratmetr olan binada müasir tələblərə cavab verən “SCADA” idarəetmə mərkəzi yaradılmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də Coğrafi İnformasiya Sisteminin yaradılmasıdır. Quba şəhərində də tətbiq olunmuş bu sistem sayəsində gələcəkdə bütün şəbəkə infrastrukturu coğrafi məlumatlar bazasına əsaslanan rəqəmsal xəritələrin tətbiqi ilə idarə ediləcəkdir. Bu sistem dünyanın iki nüfuzlu müsabiqəsinin qalibi olmuşdur.

Diqqətə çatdırıldı ki, Quba şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi dövlət büdcəsi hesabına maliyyələşdirilmiş və işlər 22 ay müddətində başa çatdırılmışdır. Layihəyə əsasən, Quba şəhərini və ətraf yaşayış məntəqələrini fasiləsiz və keyfiyyətli içməli su ilə təmin etmək üçün su mənbəyi Qudyalçay seçilmişdir. Suyun özüaxmlı nəqli nəzərə alınaraq şəhərin şimal hissəsində Qudyalçayın məcrasında 2435 metr uzunluğunda drenaj tipli suqəbuledici qurğu tikilmişdir. Su mənbəyindən paylayıcı anbara qədər ümumi uzunluğu 6450 metr olan iki paralel magistral su xətti çəkilmişdir. Əhalini fasiləsiz su ilə təmin etmək üçün Quba şəhərində relyef baxımından ən yüksək ərazidə ümumi tutumu 14 min kubmetr olan dörd anbar tikilmişdir. Layihə çərçivəsində Quba şəhərində ümumi uzunluğu 190 kilometr olan paylayıcı su şəbəkəsi yaradılmış, 9525 ünvana ev birləşmələri verilmiş, 8900 abunəçi “smart-kart” sayğacı ilə təmin olunmuşdur. Layihəyə uyğun olaraq Quba şəhərində 216 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılmış və bütün ünvanlar şəbəkəyə qoşulmuşdur. Hazırda şəhərdə toplanan tullantı suları mövcud kollektorlar vasitəsilə axıdılır. Gələcəkdə tullantı suları Xaçmaz şəhəri yaxınlığında inşa ediləcək, sutəmizləyici qurğuya ötürüləcəkdir.

Prezident İlham Əliyevə “SCADA” sistemi barədə də məlumat verildi. Bildirildi ki, su təchizatı və kanalizasiya sistemlərinin vahid mərkəzdən idarə edilməsi üçün yaradılmış sistem vasitəsilə suyun mənbədən istehlakçıyadək ötürülməsi onlayn rejimdə tənzimlənir. Bu sistem vasitəsilə anbarlarda suyun həcmi, siyirtmələrin işçi vəziyyəti, anbar çıxışlarında və şəbəkədəki təzyiq, anbarlardakı ehtiyatın həcmi avtomatik idarə olunur. Eyni zamanda, xətlərdə baş verən qəza hallarının koordinatları qeydə alınır, problemin operativ aradan qaldırılması təmin edilir. Yeni sistem qəza aradan qaldırılan müddətdə su təchizatında fasilə verilən əraziləri də dərhal müəyyən edir. “Azərsu” ASC tərəfindən su təchizatı və kanalizasiya sistemlərinin istismarında ən müasir sistem tətbiq edilir. Bu sırada mühüm yer tutan Coğrafi İnformasiya Sistemi coğrafi məlumat bazası rolunu oynayır. Bu sistem “Azərsu” ASC-də istifadə olunan Müştəri Məlumat, “SCADA”, Elektron Kargüzarlıq, Mühafizə və Təhlükəsizlik Sistemləri kimi digər məlumat bazaları ilə inteqrasiya olunaraq abonentlərin xəritə üzərində təsviri, “qaynar xətt”ə daxil olan müraciətlərin operativ şəkildə idarə olunması, baş verən qəzalara dərhal müdaxilə edilməsi və aradan qaldırılmasına nəzarət, su və kanalizasiya infrastrukturunda olan hər bir obyekt haqqında ətraflı məlumatın əldə edilməsinə şərait yaradır.

Sonra Prezident İlham Əliyev şəbəkəyə suyun verilməsini bildirən düyməni basdı.

Bununla Quba şəhərinin 24 saat fasiləsiz su ilə təmin olunması prosesi uğurla yerinə yetirildi.

Diqqətə çatdırıldı ki, idarənin binasında müasir tipli yeni laboratoriya da qurulmuşdur. Burada içməli suyun vacib 14 parametri öyrəniləcəkdir. Daha geniş və dəqiq analizlərin aparılması zərurəti yarandıqda nümunələr xüsusi təyinatlı maşınlarda Bakıdakı Mərkəzi Laboratoriyaya göndəriləcəkdir. İdarənin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə 11 nəqliyyat vasitəsi və xüsusi texnika alınmışdır.


 

47

İlham Əliyev Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur

Prezident İlham Əliyev Qubanın Qırmızı qəsəbəsində yeni salınmış Heydər bağında yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verildi ki, Qırmızı qəsəbədə Heydər bağı Azərbaycanda son dövrlərdə aparılan geniş abadlıq-quruculuq işlərinin bütün bölgələri tam əhatə etməsinin əyani göstəricisidir. Belə istirahət guşələrinin respublikanın ən ucqar qəsəbələrində yaradılması sakinlərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edir. Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu sosial siyasət bu gün respublikanın istənilən bölgəsində öz bəhrəsini verir.

Ən müasir tələblər səviyyəsində salınmış istirahət məkanında xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmışdır. Mərkəzində fəvvarə quraşdırılmış bağın ərazisi 6400 kvadratmetr olmaqla gəzinti hissəsindən və yaşıllıq zolağından ibarətdir. Heydər bağında geniş abadlıq-quruculuq işləri görülmüş, yaşıllıq zolaqları salınmış, oturacaqlar qoyulmuşdur. Burada balacaların da istirahəti diqqət mərkəzində saxlanılmış, onlar üçün yaradılan guşədə müxtəlif attraksionlar və qurğular quraşdırılmışdır. Bağın ərazisində üçmərtəbəli qonaq evi, kafe, çayxana, ağsaqqallar klubu mövcuddur. Bağ müasir işıqlandırma sistemi ilə təchiz olunmuşdur.

Heydər bağı ilə tanışlıqdan sonra Azərbaycan Prezidenti Qırmızı qəsəbənin sakinləri ilə görüşdü.

Prezident İlham ƏLİYEV çıxış edərək dedi: Sizi ürəkdən salamlayıram. Gözəl park yaradılıbdır. Sizi təbrik edirəm.

Qırmızı qəsəbə Dağ yəhudiləri dini icmasının sədri Boris SİMANDUYEV: Cənab Prezident, çox sağ olun. Sizin yolunuzu səbirsizliklə gözləyən Qırmızı qəsəbəyə xoş gəlmisiniz, səfa gətirmisiniz. Gələn ayaqlarınız var olsun! Sizin buraya gəlişiniz bizim üçün həmişə toy-bayram olur. Gəlişinizlə bizə sevinc gətirirsiniz. Bu gəlişinizin əks-sədası hələ sonralar eşidiləcəkdir. Siz buraya gələrkən bizə sevinc, xoşbəxtlik bəxş edirsiniz. Başqa ölkələrdə yaşayan dağ yəhudiləri eşidiblər ki, möhtərəm Prezidentimiz Qırmızı qəsəbəyə gələcəkdir. Onlar təntənəli görüşlər keçirəcəklər. Bu təntənəli görüşlərdə Sizin şərəfinizə çoxlu xoş sözlər deyiləcəkdir. Biz bununla fəxr edirik. Biz xoşbəxt adamlarıq ki, Sizin kimi uzaqgörən, xeyirxah, qayğıkeş, humanist bir insan bizim Prezidentimizdir. Siz də xoşbəxtsiniz ki Sizi sevən xalqınız vardır. Bu iki amil bizim respublikanı inkişafa aparır. Bütün qələbələrimizin əsas səbəbini də mən bunda görürəm ki, Sizi xalq sevir, Siz xalqa qayğı göstərirsiniz. Allah-təalanın xoş nəzərləri Sizin üzərinizdən əskik olmasın.

Prezident İlham ƏLİYEV: Çox sağ olun. Təşəkkür edirəm, minnətdaram. Dediyiniz kimi, Azərbaycanın uğurlu inkişafını təmin edən xalqla iqtidar arasındakı birlikdir. O ölkələrdə ki, bu birlik var, o ölkələr inkişaf edir. Harada bu, yoxdur, orada problemlər yaşanır.

Bu gün Azərbaycanın uğurlu inkişafı artıq reallıqdır. Bunu əlbəttə ki, ölkə əhalisi də, beynəlxalq ictimaiyyət də görür. Çünki son illər ərzində Azərbaycan kimi iqtisadi cəhətdən inkişaf edən ikinci ölkə yoxdur. Bu iqtisadi inkişaf sadəcə olaraq statistik rəqəmlərlə deyil, görülən işlərlə də ölçülür. Qubanın, Qırmızı qəsəbənin inkişafı göz qabağındadır. Hər rayonda, hər bölgədə quruculuq, inkişaf işləri gedir. Deyə bilərəm ki, rayonlar bir-biriləri ilə rəqabətə çıxır. Rayon sakinləri istəyirlər ki, onların rayonları, şəhərləri, qəsəbələri daha da gözəl, abad olsun. Yəni, bu, sağlam bir yarışdır. Bu yarışın nəticəsində Azərbaycan güclənir, inkişaf edir, möhkəmlənir və Azərbaycanda yaşayan bütün xalqların nümayəndələri bu ümumi inkişafa öz töhfələrini verirlər.

Dağ yəhudiləri də öz işi, əməyi, Vətənə olan sədaqəti ilə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində çox böyük işlər görmüşlər. Həm burada, həm başqa ölkələrdə yaşayan, amma qəsəbə ilə əlaqəni qırmayan vətəndaşlarımız Azərbaycanın inkişafına öz dəyərli töhfələrini verirlər. Mən hər dəfə Qubada olarkən çalışıram ki, buraya da gəlim, vətəndaşlarla görüşüm. Çalışıram ki, biz burada çatışmayan işləri düzəldək. Bu gün biz Qubanın içməli su layihəsini də açdıq, o cümlədən buraya 24 saat təmiz dağ çayının suyu veriləcəkdir. Qazlaşdırma da gedir, kənd yolları da tikilir, ümumiyyətlə, burada gözəl işlər görülür. Mən görürəm ki, qəsəbənin sakinləri necə böyük sevgi ilə, məhəbbətlə, zövqlə öz qəsəbələrini abadlaşdırırlar. Bu gözəl binalar inkişafın təzahürüdür. Bu qəsəbədən olan vətəndaşlar indi müxtəlif ölkələrdə yaşayırlar, qəsəbəni unutmurlar, gəlirlər belə gözəl yerlər yaradırlar.

Azərbaycan burada yaşayan bütün xalqların vətənidir. Dağ yəhudiləri burada əsrlər boyu yaşayırlar və Azərbaycanın üstünlüyü, o cümlədən bax, bu birlikdədir. Bilirsiniz ki, indi Azərbaycanda vaxtaşırı mötəbər beynəlxalq tədbirlər keçirilir. Humanitar forumlar, sivilizasiyalararası dialoq forumları, dünya dinlərinin nümayəndələrinin, rəhbərlərinin zirvə görüşləri. Hamı, necə deyərlər, bir fikirdədir ki, Azərbaycanda bu sahədə olan işlər ən yüksək zirvədədir. Mən isə həmişə deyirəm ki, bu, bizim həyat tərzimizdir. Əlbəttə, dövlət siyasəti də vardır və məqsədyönlü şəkildə aparılır. Amma, eyni zamanda, cəmiyyətdə də bax, bu əhval-ruhiyyə yaşanır. Bir-birinə, bir-birinin adət-ənənələrinə, dininə, yaşayış tərzinə hörmət xalqımızı, millətimizi, dövlətimizi gücləndirir. Ona görə, mən hər dəfə burada olarkən görürəm ki, işlər yaxşı gedir. Diaqnostika mərkəzi tikilib. Otellər tikilir, turistlərin sayı artır. Bu gün mən baxdım, gözəl Gənclər Mərkəzi tikilmişdir. Bu şəhərin əsas meydanı çox gözəl görkəm almışdır. Çox sağ olun. Sizə cansağlığı, uğurlar arzulayıram.


48

İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün açılışında iştirak etmişdir.

Son dövrlərdə paytaxtla yanaşı, bölgələrdə də yol-nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülən işlərin miqyası daha da artmışdır. Bu kompleks tədbirlərin nəticəsidir ki, artıq respublika əhəmiyyətli yollarla bərabər həm də rayon və kənddaxili yollar müasir səviyyədə inşa edilir. Dövlət bu məsələyə daim böyük diqqət və qayğı ilə yanaşır. Yeni yolların və körpülərin salınması, mövcud olanların isə əsaslı şəkildə təmir edilməsi respublikada geniş vüsət almışdır. Belə tədbirlərin həyata keçirilməsi ilk növbədə sakinlərin rahatlığını və onların sosial məsələlərinin həllinin diqqət mərkəzində saxlandığını nümayiş etdirir. Bu, həm də dövlətimizin apardığı məqsədyönlü sosial siyasətin respublikanın kəndlərini belə geniş əhatə etdiyini göstərir.

Azərbaycan Prezidenti və xanımı Mehriban Əliyeva əvvəlcə körpünün texniki göstəricilərini, Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolu üzərində indiyədək təmir olunmuş digər körpülər barədə məlumatları və fotoşəkilləri əks etdirən stendlərə baxdılar.

Nəqliyyat naziri Ziya Məmmədov dövlətimizin başçısına və xanımına körpünün əsas parametrləri barədə məlumat verdi.

Bildirildi ki, Quba-Qusar avtomobil yolunda, Qudyalçay üzərində beşaşırımlı körpünün inşasına 2012-ci ildə başlanılmışdır.

Təmir işləri qısa müddətdə, həm də yüksək keyfiyyətlə həyata keçirilmişdir. Uzunluğu 136, eni 14,5 metr olan körpüdə dayaqların sayı 6-dır. Körpüdə piyadalar üçün iki metr enində keçidlər salınmışdır. Doqquz ballıq zəlzələyə davamlı olan körpünün orta dayağı dörddirəkli konstruksiya ilə quraşdırılmışdır. Körpü üzərindən keçən 3,6 kilometr uzunluğunda yeni alternativ yol inşa olunmuşdur. Yeni körpünün inşası nəqliyyat vasitələrinin şəhərə daxil olmadan birbaşa Quba-Qusar avtomobil yoluna hərəkəti üçün nəzərdə tutulmuşdur. Bu isə nəqliyyat vasitələrinin hərəkətinin təhlükəsizliyini təmin etmək baxımından çox əhəmiyyətlidir.

Prezident İlham Əliyev körpünün rəmzi açılışını bildirən lenti kəsdi.

 


49

İlham Əliyev Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində Bakı Dövlət Universitetinin tədris-təcrübə və istirahət mərkəzinin açılışında iştirak etmişdir.

Açılışda iştirak edən Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu.

Dövlətimizin başçısı mərkəzin rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov məlumat verdi ki, mərkəzin ərazisi 8 hektardır. Ərazi 1970-ci ildən istifadə olunur. Son 20 ildə isə burada məcburi köçkünlər məskunlaşmışdı. Yeni binanın inşasına 2011-ci ilin sentyabrında başlanılmış, bu ilin sentyabrında başa çatdırılmışdır. Tikinti işləri universitetin daxili imkanları hesabına aparılmışdır.

Mərkəzin foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotostend quraşdırılmışdır. Binada “Bakı Dövlət Universitetinin tarixi” və “Tədris-təcrübə və istirahət mərkəzinin tarixi” adlı fotoguşələr də yaradılmışdır.

Dövlətimizin başçısı və xanımı mərkəzin otelində yaradılan şəraitlə tanış oldular. Bildirildi ki, 400 nəfər üçün nəzərdə tutulan mərkəzdə universitetin müəllim və tələbələrinin istirahətinə hər cür şərait yaradılmışdır. Burada həm professor-müəllim heyəti, həm də tələbələr üçün nəzərdə tutulmuş otaqlar ən müasir standartlara cavab verir. Müxtəlif müzakirələrin aparılması və tədbirlərin keçirilməsi üçün burada konfrans zalları təşkil olunmuşdur. Böyük akt zalında istənilən tədbirin keçirilməsi üçün hər cür şərait vardır. Müəllim-tələbə heyəti 300 nəfərlik yeməkxananın xidmətlərindən də istifadə edə biləcəkdir. İdman zalları müasir avadanlıqla təchiz olunmuşdur. Burada idmanın müxtəlif növləri ilə məşğul olmaq, həmçinin bir sıra yarışların keçirilməsi mümkündür. Mərkəzin əsas bölmələrindən biri də kitabxanadır. Elektron formatda təşkil olunan kitabxanada müxtəlif mövzulara aid yüzlərlə ədəbiyyat toplanmışdır. Bundan əlavə, tədris-təcrübə və istirahət mərkəzində müxtəlif istiqamətlər üzrə laboratoriyalar təşkil olunmuşdur. Bütün bunlar müəllim və tələbələrin daha yaxşı istehsalat təcrübəsi aparmalarına, yerli və beynəlxalq tədbirlərin keçirilməsinə yeni imkanlar yaradır.


50

 

İlham Əliyev Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur

Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində rayonun Əski-İqriq kəndində beşulduzlu “Rixos Quba Azerbaijan” otelində görülən işlərlə tanış olmuşdur.

Otelin otaqlarını gəzən Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, kompleksin tikintialtı ərazisi 75, ümumi sahəsi isə 202 hektardır. Ərazidə kanat yolu da çəkilmişdir. Otel kompleksində restoranlar, hovuz, idman meydançası və digər köməkçi obyektlərin tikilməsi nəzərdə tutulmuşdur. Kompleks səkkizmərtəbəli əsas binadan və 16 kottecdən ibarətdir. Burada ümumi sahəsi 27,3 min kvadratmetr olan süni göl yaradılmışdır. Gölün ətrafında restoran və helikopter meydançası tikilmişdir. Gələcəkdə kompleksdə xizək mərkəzinin və digər binaların da inşası nəzərdə tutulur.

Kotteclərdə yaradılan şəraitlə tanışlıq zamanı bildirildi ki, burada mini-kinoteatr, idman zalı və digər otaqlar vardır. Ərazidə, həmçinin tennis kortu, voleybol və futbol meydançaları inşa edilmişdir.

Dövlətimizin başçısı tikinti işlərinin yüksək səviyyədə aparılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.

 


 

52

İlham Əliyev Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qubaya səfəri çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tədris, idman və istirahət kompleksinin açılışında iştirak etmişdir.

Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim olundu.

Prezident İlham Əliyev kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.

Universitetin rektoru Şəmsəddin Hacıyev məlumat verdi ki, kompleks 1969-cu ildə Quba rayonunun İkinci Nügədi kəndində Azərbaycan Dövlət İqtisad Universitetinin balansına verilmiş 7 hektardan artıq ərazidə inşa edilmişdir. Bura universitetin 20 minlik kollektivinin istirahətinin təşkili və sağlamlığının möhkəmləndirilməsi üçün nəzərdə tutulmuşdur. Kompleksdə tələbələrin yay və qış məktəblərinin, müxtəlif idman yarışlarının və yay düşərgələrinin təşkili üçün bütün şərait yaradılmışdır. Burada tikilən 87 otaqdan ibarət üçmərtəbəli otel binasında, eyni zamanda, 162 nəfərin yerləşməsinə imkan vardır. Oteldə həm müəllimlərin, həm də tələbələrin istirahətinin təşkili məqsədi ilə bütün meyarlar nəzərə alınmışdır. Kompleksin 350 tələbə yeri olan və müasir infrastrukturu ilə diqqət çəkən yay məktəbi də yüksək səviyyədə qurulmuşdur. Buradakı auditoriyaların hamısı zəruri avadanlıqla təchiz olunmuşdur. Eyni şərait 100 nəfərlik müasir yeməkxanada da mövcuddur. Müxtəlif tədbirlərin keçirilməsi üçün 205 nəfərlik akt zalında da bütün imkanlar vardır.

Qeyd olundu ki, beynəlxalq standartlara uyğun qurulan idman kompleksində yaradılan şərait diqqət çəkir. Burada voleybol, futbol və basketbol oyunlarının keçirilməsi üçün qapalı idman zalı, saunalar, soyunub-geyinmə, trenajor otaqları, VİP-kabinetlər kabinetlər yaradılmışdır. Bundan əlavə, müasir tipli qapalı hovuzda tələbələrin üzgüçülüklə məşğul olmaları üçün lazımi şərait vardır. Beynəlxalq standartlara cavab verən açıq stadionda futbol, həndbol və digər idman yarışlarının keçirilməsi üçün bütün imkanlar nəzərə alınmışdır.

Bildirildi ki, kompleksin tikinti-quraşdırma işləri çərçivəsində kənd yolları yenidən çəkilmiş, işıqlandırma sistemi yaradılmışdır.

Burada beş min kvadratmetrdən çox əraziyə asfalt örtüyü döşənmişdir.

 


 

53

İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Qubada Azərbaycan Milli Qolf Klubunun açılışında iştirak etmişdir.

Son illərdə Azərbaycanda idmanın kütləviliyinin artırılması istiqamətində köklü islahatlar həyata keçirilir. Bu islahatların bölgələri də əhatə etməsi nəticəsində regionlarda idmanla məşğul olanların sayının sürətlə artması müşahidə olunur. İndi regionlarda müasir idman infrastrukturu yaradılır, yenilərinin təməli qoyulur. Azərbaycanda idmanın bütün növlərinin inkişafı diqqət mərkəzindədir. Qubada Milli Qolf Klubunun yaradılması bunun əyani təsdiqidir.

Dövlətimizin başçısı klubun rəmzi açılışını bildirən lenti kəsdi.

Burada yaradılan şəraitlə tanışlıq zamanı Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verildi ki, inşasına ötən il başlanılan klubun 44 qolf avtomobilindən ibarət parkı vardır.

Azərbaycan Prezidenti və xanımı elektromobillə klubun ərazisini gəzdi.

Məlumat verildi ki, qolf sahəsinin ümumi ərazisi 92 hektar, meydançanın sahəsi isə 75 hektardır. İnzibati bölmədə idman avadanlığı mağazası və kafe vardır. Bu idman obyektinin Cənubi Qafqaz regionunda bənzəri yoxdur. Belə ki, bu idman qurğusu regionda 18 dəlikli ilk qolf meydançasıdır. Kompleksin ərazisində su maneələri üçün üç süni göl yaradılmışdır. Burada həm də qolf üzrə müxtəlif treninqlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan Milli Qolf Klubundakı şərait dünya standartlarına tam cavab verir. Buna görə də gələcəkdə burada müxtəlif beynəlxalq yarışların yüksək səviyyədə keçirilməsi mümkündür. Belə bir obyektin yaradılması nəinki Qubanın, ümumilikdə bölgənin turizm sektorunun inkişafına mühüm töhfə verəcəkdir. Bu, regional kiçik və orta biznesin yeni səviyyəyə çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir.

Burada Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya xatirə hədiyyələri təqdim olundu.

Azərbaycan Prezidenti yaradılmış şəraitdən razılığını bildirdi, tapşırıqlarını verdi.