Prezident Sərəncamlar imzaladı

Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
XALQ.AZ xəbər verir ki, sərəncama əsasən Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə  Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirməli və “Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq prezidentə təqdim etməlidir.
Zərurət yarandığı təqdirdə, Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanları (qurumları) da bu sərəncamda nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunacaq.
****

Prezident İlham Əliyev “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamla “Yanar dağ” dövlət tarix-mədəniyyət və təbiət qoruğunun müasir standartlara uyğunlaşdırılması və sözügedən abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması məqsədilə 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinə 1,2 milyon manat ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Prezident Qəbələ rayonunun Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında da sərəncam imzalayıb.
Sərəncamla 11 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Nic–Mıxlıqovaq–Yemişanlı–Uludaş–Tikanlı–Abrıx avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 6,8 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.