Prezident Sərəncamlar və Fərman imzaladı

prez

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 28 aprel tarixli 1276-IVQD nömrəli Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 433-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasında yeni nəsil şəxsiyyət vəsiqəsinin tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 28 noyabr tarixli 893 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 11, maddə 1495; 2015, № 10, maddə 1192; 2016, № 8, maddə 1384) 5-ci hissəsində və 7.2-ci bəndində “2017-ci il” sözləri “2018-ci il” sözləri ilə əvəz edilsin.


İlham Əliyev “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş” üzrə səlahiyyətli orqanların müəyyən edilməsi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyul tarixli 677 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in 2-ci maddəsinin ikinci hissəsinin icrasını təmin etmək məqsədi ilə qərara alıram:

  1. 2011-ci il oktyabrın 18-də Sankt-Peterburq şəhərində imzalanmış “Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının nümunələrinin ötürülməsi qaydası haqqında Saziş”in Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti müəyyən edilsinlər.

  2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Sazişin Azərbaycan Respublikası tərəfindən həyata keçirilməsi üzrə səlahiyyətli orqanların müəyyən edildiyi barədə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsinə bildiriş göndərsin.


İlham Əliyev voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsinin təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurunun sadələşdirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Müəyyən edilsin ki, Bakı şəhərində və Göygöl rayonunda keçiriləcək voleybol üzrə qadınlar arasında 2017-ci il Avropa çempionatının final mərhələsi (bundan sonra – çempionat) ilə əlaqədar Azərbaycan Respublikasına gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında yerləşən struktur bölmələrində viza ala bilərlər.

  2. Aşağıdakı sənədlərdən biri viza verilməsi üçün əsas hesab edilsin:

2.1. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçməni təsdiq edən sənəd;

2.2. çempionat oyunlarına bilet və ya biletin əldə olunmasını təsdiq edən sənəd.

  1. Bu Sərəncamın 1-ci hissəsində göstərilən şəxslər viza almaq üçün aşağıdakı müddətlərdə müraciət edə bilərlər:

3.1. təşkilati məsələlərlə əlaqədar gələn və Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş şəxslər – 2017-ci il avqustun 15-dən oktyabrın 15-dək;

3.2. çempionatda iştirak edən komandaların üzvləri və nümayəndə heyətləri – 2017-ci il sentyabrın 1-dən oktyabrın 10-dək;

3.3. Avropa Voleybol Konfederasiyasının müvafiq qaydalarına uyğun olaraq daimi akkreditasiyadan keçmiş jurnalistlər, habelə çempionat oyunlarına bilet əldə etmiş şəxslər – 2017-ci il sentyabrın 10-dan oktyabrın 5-dək.

  1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi:

4.1. çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 nömrəli Fərmanının 4.2-ci bəndinə əsasən təsdiq edilmiş ölkələrin siyahısı üzrə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə Avropa Voleybol Konfederasiyasına və xarici ölkələrin müvafiq orqanlarına məlumat versin;

4.2. çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurunun sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə məlumatın Nazirliyin, habelə Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsini təmin etsin.

  1. Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti Azərbaycan Respublikasına uçuş həyata keçirən aviasiya şirkətlərinə çempionatla əlaqədar Azərbaycan Respublikasına gələn şəxslər üçün viza prosedurunun sadələşdirilməsi barədə məlumat versin.

İlham Əliyev “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 424-VQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

“Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 22 noyabr tarixli 319 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 11, maddə 1014) 2-ci hissəsi ləğv edilsin.