Prezident Salyanda-Fotolar

 

Sentyabrın 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Salyan rayonuna səfərə gəlib.

Dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Salyan şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoydu.

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Salyanın sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyektləri tikilib, kənd təsərrüfatı sahəsində istehsal müəssisələri yaradılıb.

****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonuna səfəri çərçivəsində 110/35/10 kV-luq “Qaraqaşlı” yarımstansiyasının açılışında iştirak edib.

Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə elektroenergetika sahəsində mühüm işlər görülüb. “Qaraqaşlı” yarımstansiyasının tikilməsi Salyan rayonunda 31 min abonentin elektrik təchizatının yaxşılaşdırılmasına, eləcə də bölgədə mövcud olan güc qıtlığının aradan qaldırılmasına səbəb olub. İstehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təchiz edilməsi üçün yeni yarımstansiyanın tikilməsi ilə yanaşı, istismar müddətini başa vurmuş elektrik şəbəkələrinin yenidən qurulması, həmçinin yüksək və aşağı gərginlikli yeni hava xətlərinin çəkilməsi həyata keçirilib. Yarımstansiyanın qidalandırılması məqsədilə 110 kV-luq “Birinci Neftçala” hava xəttinin giriş-çıxış və 110 kV-luq dairəvi elektrik təchizat sxeminin yaradılması üçün 110 və 220 kV-luq qovşaq yarımstansiyaları əlaqələndirilib. Salyan rayonunun su təsərrüfatı üçün tələb olunan 11,5 MVA gücündə 35 kV-luq iki yarımstansiya da məhz bu yarımstansiyadan qidalandırılacaq. Odur ki, “İşıqlı Azərbaycan” layihəsinə uyğun olaraq tikilən “Qaraqaşlı” yarımstansiyası rayonun elektrik enerjisi təchizatında xüsusi önəm daşıyır.

“Azərişıq” ASC-nin sədri Baba Rzayev dövlətimizin başçısına yeni yarımstansiya barədə məlumat verdi. Bildirildi ki, yeni yarımstansiya Salyan rayonunun böyük hissəsini, xüsusən də dövlət əhəmiyyətli obyektləri – Heydər Əliyev Mərkəzi, Heydər Əliyev Parkı, Salyan Rayon İcra Hakimiyyəti, Mərkəzi Xəstəxana, çoxlu sayda sənaye, təhsil, tibb və məişət təyinatlı obyektləri elektrik enerjisi ilə təmin edir. Bundan əlavə, qeyri-neft sektorunun – kənd təsərrüfatı, sahibkarlıq, sənaye sahələri və digər infrastruktur layihələri üzrə inşa ediləcək obyektlərin elektrik enerjisi ilə təminatı bu yarımstansiyadan həyata keçiriləcək. İşin operativ və səmərəli aparılması üçün yeni yarımstansiya müasir standartlara cavab verən elektron tipli rele mühafizə və avtomat sistemlər, eleqaz və vakuum tipli avadanlıqla təchiz edilib və məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub.

Dövlətimizin başçısı yarımstansiyanı işə saldı.

Qeyd edək ki, Salyan rayonunda “Kərimbəyli” və “Xurşud” yarımstansiyaları da tikilərək yenidən qurulub. Bu yarımstansiyalar, ümumilikdə, 30 mindən artıq istehlakçının elektrik enerjisi ilə təchizatını tam təmin edir. Bundan başqa, 35 kV-luq beş yarımstansiyada müxtəlif gücdə olan transformatorlar yeniləri ilə əvəz edilib. Həmçinin 110, 35 və 10/6 kV-luq transformator məntəqələrində təmir işləri aparılıb, köhnə tipli transformator məntəqələri yeni tipli komplekt transformator məntəqələri ilə əvəzlənib. Yeni 35 kV-luq hava elektrik verilişi xəttinin tikilib istifadəyə verilməsi nəticəsində Salyan və Sabirabad rayonları arasında dairəvi elektrik təchizatı sxemi yaradılıb. Hazırda 3500-ə yaxın abonenti olan Xıdırlı, Kürsəngi və Qaraçala kəndlərində kabelləşmə işləri aparılır, SMART tipli elektron sayğaclar quraşdırılır.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

*****

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də 1200 şagird yerlik Salyan şəhər 2 saylı tam orta məktəbin yeni binasının açılışında iştirak edib.

Dövlətimizin başçısı məktəbin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Təhsildəki nailiyyətlər hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca məqsəd seçib. Bununla da neft gəlirləri Azərbaycanda həm də təhsilin və elmin inkişafına yönəlib. Birləşmiş Millətlər Təşkilatı da XXI əsri “Təhsil əsri” elan edib. Odur ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu indiki qədər heç vaxt aktual olmayıb.

Təhsilin inkişafına xüsusi önəm verən Azərbaycan da əhalisinin savadlılığı baxımından dünyanın bir çox inkişaf etmiş ölkələri ilə müqayisə olunur. Dövlətin təhsillə bağlı strategiyasının həyata keçirilməsində ölkənin ən böyük qeyri-hökumət təşkilatı olan Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə diqqət çəkir. Təhsil sahəsində Fondun ən böyük və irimiqyaslı işi olan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi uğurla davam etdirilir. Onu da deyək ki, 2003-cü ildən indiyə qədər ölkədə 3000-dən çox məktəb tikilib, Azərbaycanda heç vaxt olmayan qədər geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Bununla da ölkədə təhsilə qayğı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi işi ümummilli səviyyəyə qaldırılıb.

Dövlətimizin başçısına Salyan şəhər 2 saylı tam orta məktəbdə yaradılan şəraitlə bağlı məlumat verildi.

Bildirildi ki, 1954-cü ildən ümumtəhsil məktəbi kimi fəaliyyət göstərən Salyan şəhər 2 saylı tam orta məktəb 1937-ci ildə tikilmiş ikimərtəbəli uyğunlaşdırılmış binada yerləşirdi. 2003-cü ilədək məktəb binası 26 sinif otağından ibarət idi və tədris iki növbədə aparılırdı. 2003-cü ildə əlavə 14 sinif otağı tikildi və həmin ildən etibarən tədris birnövbəli sistemə keçdi.

2016-2017-ci tədris ilində məktəbin 556 şagirdi müvəqqəti olaraq 3 saylı tam orta məktəbin binasında yerləşdirilmişdi. Dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla məktəb üçün yeni bina tikildi və bu, bir çox problemləri aradan qaldırdı. İlk növbədə, digər təhsil ocaqlarında yerləşdirilən şagirdlər öz doğma məktəblərinə qayıtdılar. İndi onlar müasir, zəruri avadanlıqla təchiz olunmuş məktəbdə təhsillərini davam etdirirlər.

Üç mərtəbədən ibarət yeni məktəb binasında 48 sinif otağı, 6 laboratoriya, əmək təlimi otaqları, tibb məntəqəsi, kitabxana, 380 yerlik akt zalı, idman və atıcılıq zalları fəaliyyət göstərir.

Burada yaradılan şərait bir daha təsdiqləyir ki, son illərdə təhsil sahəsində qazanılan uğurların təməlində Azərbaycanın yeni təhsil modeli dayanır. Artıq ölkədə yeni təhsil konsepsiyası formalaşıb və həyata keçirilməyə başlanıb. Azərbaycanda yüzlərlə məktəbin tikilməsi, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi nəhəng təhsil infrastrukturunun formalaşmasına geniş imkanlar açıb.

Prezident İlham Əliyev məktəbin sinif otaqlarında, laboratoriyalarında, idman və atıcılıq zallarında yaradılan şəraitlə tanış oldu. Atıcılıq otağında şagirdlər pnevmatik silahdan hədəfə atəş açmaq məharətlərini nümayiş etdirdilər.

Dövlətimizin başçısı məktəbin müəllim və şagird kollektivinə uğurlar arzuladı.

 

 

 

 

*****

Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin atributu olmuş üçrəngli, ay-ulduzlu bayrağın yenidən Azərbaycanın müstəqillik rəmzinə çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri sayəsində mümkün oldu. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra milli bayrağımız ilk dəfə Ulu Öndər tərəfindən Naxçıvanda qaldırıldı. İndi bu bayraq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatlarında, mötəbər mərasimlərdə qürurla dalğalanır və hər bir azərbaycanlı dövlət bayrağını özünün qürur mənbəyi hesab edir. Bu mühüm amili şərtləndirən əsas səbəblərdən biri də Prezident İlham Əliyevin dövlət atributlarımıza xüsusi ehtiramla yanaşmasıdır. Fərəhli haldır ki, paytaxtdan sonra əksər bölgələrimizdə də üçrəngli bayrağımızın şərəfinə muzeylər yaradılır, xüsusi layihələr həyata keçirilir.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verildi. Bildirildi ki, Bayraq Muzeyinin yerləşdiyi ərazidə Bayraq Meydanı yaradılıb, burada dövlət bayrağı ucaldılıb, ərazidə geniş abadlaşdırma işləri görülüb. Bayraq Muzeyinin inşası bu il ərzində həyata keçirilib. Rayonun daxili imkanları hesabına reallaşdırılan layihə çərçivəsində ümumi sahəsi 410 kvadratmetr olan bina tikilib. Zəruri infrastrukturla təchiz olunan muzeydə çoxlu sayda eksponatın sərgilənməsi üçün hər cür şərait yaradılıb. Bayraq Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, qədim Azərbaycan dövlətlərinin bayraqları, xəritələr, konstitusiyalar, orden və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri qorunur. Burada müstəqillik dövrümüzün tarixi hadisələrinə geniş yer verilib. Bütün bunlar həm Salyan gənclərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

 

 

 

 

****

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun açılışında iştirak edib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq son illərdə ölkəmizdə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları ilə yanaşı, dövlət büdcəsinin vəsaiti hesabına da irimiqyaslı layihələr uğurla icra olunur. Prezident İlham Əliyevin sərəncam və göstərişlərinə əsasən indi əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib. Bu tədbirlər, ilk növbədə, vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına yönələn layihələrin davamlı olmasını nümayiş etdirir. Belə layihələr sırasında Salyan rayonunun Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi xüsusi əhəmiyyəti ilə seçilir.

“Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verdi.

Bildirildi ki, ümumi uzunluğu 30 kilometrdən çox olan yolun 17,4 kilometri Prezident İlham Əliyevin 2014-cü və 2015-ci illərdə imzaladığı sərəncamlara əsasən ayrılan vəsait hesabına yerli icra hakimiyyəti tərəfindən yenidən qurulub. Yolun qalan 12,8 kilometrinin yenidən qurulması isə dövlətimizin başçısının ötən il imzaladığı Sərəncamla “Azəravtoyol” ASC-yə həvalə edilib.

Torpaq və çınqıl örtüklü olduğundan vətəndaşların gediş-gəlişinə maneələr yaradan avtomobil yolu iki hərəkət zolaqlı olmaqla 4-cü texniki dərəcəyə uyğun yenidən qurulub. Zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, kipləşdirilmə işləri görülüb, yola asfalt-beton örtüyü döşənib. Yenidənqurma işləri çərçivəsində zəruri olan yerlərdə suötürücü boruların tikintisi işləri aparılıb. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları və məlumatverici lövhə quraşdırılıb, yola nişanlama xətləri çəkilib.

Qeyd edək ki, Çuxanlı-Gəncəli-Piratman-Parça Xələc-Seyidan avtomobil yolunun tikintisi 5 mindən çox əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdıracaq, kənd təsərrüfatı məhsullarının rahat şəkildə daşınmasına imkan yaranacaq.

Dövlətimizin başçısı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdü.

Azərbaycan Prezidenti görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı
-Sizi ürəkdən salamlayıram. Salyan rayonunda yenidən olmağımdan çox şadam. Bu, mənim Salyan rayonuna səkkizinci səfərimdir. Bugünkü səfər zamanı biz yeni kənd yolunun açılışını birlikdə edirik. Bu, çox əhəmiyyətli yoldur. Uzunluğu 30 kilometr olan bu yol bir neçə kəndi birləşdirir. Beləliklə, bu, Salyan rayonunun yol infrastrukturuna növbəti töhfədir. Bu, ikinci kənd yolu layihəsidir. Əvvəlki dövrdə bir layihə icra edilmişdir, indi üçüncü layihənin icrası ilə bağlı işlər gedir. Sabah həmin yolun tamamlanması ilə əlaqədar yeni Sərəncam da imzalanacaq və beləliklə, əminəm ki, yaxın gələcəkdə Salyan rayonunda bütün kənd yolları abadlaşacaq.

Mənə bu gün məlumat verildi ki, bir yol layihəsi də var və bu məsələ vətəndaşlar tərəfindən qaldırılıb – Salyan-Şirvan yolunun tikintisi məsələsidir. Bu məsələyə də baxılacaq və əminəm ki, Dövlət İnvestisiya Proqramına bu yol da salınacaq və beləliklə, həm Şirvan şəhəri ilə əlaqə yaxşılaşacaq, həm də ki, yolun üstündə bir çox kəndlər, qəsəbələr var, bu, onlara da böyük bir hədiyyə olacaq.

Yol infrastrukturu ölkəmizdə prioritet məsələlərdən biridir. Salyan sakinləri yaxşı bilirlər ki, Bakı-Salyan yolu əsaslı şəkildə tikilib, indi Bakı-Salyan-Astara yolunun tikintisi uğurla gedir. Bir sözlə, Salyan rayonunun digər bölgələrlə, xüsusilə Bakı şəhəri ilə yol əlaqəsi böyük dərəcədə yaxşılaşıb. Ölkəmizdə, ümumiyyətlə, bu sahəyə çox böyük diqqət göstərilir. Bu il, – bu layihəyə şərti ad vermişik, – “40 yol” layihəsi icra edilir. Əslində bu, yüzlərlə kəndi birləşdirir. Gələn il artıq yeni yolların salınması ilə bağlı təkliflər hazırlanır. Hesab edirəm ki, gələn il bu işlər daha da böyük həcmdə görüləcək. Çünki yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir. Çünki yol olmayan yerdə kənd təsərrüfatı ilə məşğul olmaq da çətin olur. Fermerlər öz məhsullarını bazarlara çıxarmaqda çətinlik çəkirlər. Ona görə də yol layihələri bundan sonra da uğurla icra ediləcək. Biz demək olar ki, bütün magistral yol layihələrimizi artıq icra etmişik. Şəhərlərarası yol layihələrinin böyük hissəsi icra edilib. İndi kəndlərarası yolların tikintisi gündəlikdə duran vacib məsələlərdəndir.

Salyan rayonunun inkişafı ilə bağlı kompleks tədbirlər görülür, sosial infrastruktur yaxşılaşır. Bu gün mən 2 saylı məktəbin yeni binasının açılışında iştirak etmişəm. Bu da çox böyük təhsil ocağıdır. Şəhərin ən böyük məktəbidir və bu məktəbin böyük ənənəsi var. Onu biz yenidən tikdik.

Kənd təsərrüfatı ilə bağlı önəmli addımlar atılır. Salyanda pambıqçılığın bərpası istiqamətində işlər yaxşı gedir. Mənə verilən məlumata görə, 7 min hektarda pambıq əkilib, bu da məşğulluğu təmin edir. Minlərlə insan indi bu sahədə işləyir, pul qazanır. Qazlaşdırma Salyan rayonunda 80 faizdən çoxdur. Bu da yaxşı göstəricidir. Növbəti illərdə əlbəttə ki, daha da artacaq. Bu gün biz elektrik yarımstansiyasının açılışını etdik və elektrik enerjisi ilə təminat daha da yaxşılaşacaq. Keçən il biz içməli su layihəsinin birinci mərhələsini mənim iştirakımla istismara verdik və növbəti dövrdə bu layihənin tam tamamlanması nəzərdə tutulur. Bir sözlə, Salyan rayonunun həm sosial, həm iqtisadi inkişafı diqqət mərkəzindədir. Nəzərə alsaq ki, infrastruktur layihələrinin bir çoxu icra edilib, növbəti illərdə qalan layihələr də icra ediləcək.

Biz daha çox diqqəti kənd təsərrüfatı və sənaye istehsalının inkişafına yönəltməliyik. Bu istiqamətdə də addımlar atılır. Qeyd etdiyim kimi, böyük fasilədən sonra Salyanda pambıqçılıq bərpa olundu və 7 min hektarda pambıq əkilib. Bu, böyük nailiyyətdir və sənaye istehsalının artırılması istiqamətində də addımlar atılmalıdır. Bu gün mən Neftçala şəhərində Sənaye Məhəlləsinin açılışında da iştirak etmişəm. Bizim bir çox şəhərlərimizdə buna oxşar sənaye zonaları yaradılmalıdır, o cümlədən Salyan şəhərində. Müvafiq göstəriş verilibdir, gərək yerli icra orqanları yer ayırsınlar və dövlət tərəfindən bütün infrastruktur layihələri orada icra ediləcək və sahibkarlar üçün yaxşı şərait yaradılacaq. Çünki bundan sonrakı dövrdə sənayenin və kənd təsərrüfatının inkişafı ölkəmizin uzunmüddətli ümumi inkişafını təmin edəcək.

Son vaxtlar Azərbaycanda aqroparkların yaradılması geniş vüsət almışdır. Onlardan biri də Salyan rayonunda yaradılır. Mənə verilən məlumata görə, bu, 3 min hektar sahədə yaradılır. Biz həm məşğulluğu artıracağıq, işsizliyi daha da aşağı salacağıq, yerli istehsalı artıracağıq, ixracyönümlü məhsulları istehsal edəcəyik və beləliklə, ölkə iqtisadiyyatı neftdən, qazdan daha da az asılı olacaqdır. İndi də bu asılılıq azalır və regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində bu gün Azərbaycanın qeyri-neft sektoru uğurla inkişaf edir. Son vaxtlar mənim təşəbbüsümlə kənd təsərrüfatının müxtəlif sahələrinə dəstək, yeni təkan vermək üçün müşavirələr keçirilibdir – pambıqçılıq, tütünçülük, baramaçılıq, fındıqçılıq, çayçılıq, çəltikçilik, sitrusçuluq – biz bütün bu sahələrə xüsusi diqqət göstəririk. Hər bir rayonun özünə xas olan kənd təsərrüfatı sahələri var və ixtisaslaşma istiqamətində də çox ciddi addımlar atılır.

Ona görə, bu gün Salyan rayonunun gələcək inkişafı ilə bağlı məndə çox nikbin fikir var. Əminəm ki, bu günə qədər həll olunmayan məsələlər öz həllini tapacaq və rayonun sürətli inkişafı təmin ediləcəkdir. Bu yolun açılışı da, əslində, Azərbaycanın ümumi inkişafını göstərir. Bizim ölkəmiz inkişaf edir, sosial-iqtisadi layihələr icra olunur. Baxmayaraq, neftin qiymətinin kəskin aşağı düşməsinə görə bizim gəlirlərimiz azalıbdır, ancaq sosial və infrastruktur layihələrində heç bir geriləmə yoxdur. Gələn ilin iqtisadi göstəriciləri daha da yaxşı olacaq. Gələn il bu ilə nisbətən daha da böyük həcmdə Dövlət İnvestisiya Proqramı icra ediləcək. Gələn ilin büdcəsi də daha böyük olmalıdır və dövlət investisiya xərcləri daha da böyük olacaqdır. Yəni, iqtisadi, maliyyə sahələrində qarşımızda heç bir problem yoxdur. Azərbaycan möhkəm iqtisadi potensiala malik olan bir ölkədir. Gələcək illərdə bizim iqtisadi gücümüz ancaq artacaq və beləliklə, bütün rayonlarda işlər daha da yaxşı gedəcək.

Sizi bir daha bu hadisə münasibətilə təbrik edirəm.

x x x

Salyanın inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından minnətdarlığını bildirən Aygün ƏZİZOVA dedi:

-Cənab Prezident, Sizi bütün salyanlılar adından salamlayıram. Rayonumuza xoş gəlmisiniz.

Sizin rayonumuza hər gəlişiniz salyanlılara, sözün əsl mənasında, bayram ovqatı yaşadıb. Çünki hər gəlişinizdə rayonumuzda yeni-yeni obyektlər açılır, yeni layihələrin əsası qoyulur. Cənab Prezidentimizlə birgə yeni infrastruktur layihələrinin açılışında iştirak etmək və belə fərəhli anları bölüşmək bizim üçün həqiqətən böyük fəxrdir.

Bu gün açılışını etdiyiniz bu yol isə rayonumuz üçün xüsusi bir əhəmiyyət kəsb edir. Çünki indiyə qədər sakinlər yolsuzluqdan çox əziyyət çəkirdilər. Məktəblilər, yaşlılar istədikləri yerə getmək üçün çox uzun vaxt sərf etməli olurdular. Sakinlər xəstələrini rayon mərkəzindəki xəstəxanaya çatdırmaq üçün böyük vaxt sərf edirdilər. Hətta fermerlərin min bir əziyyətlə becərdikləri məhsulu satışa çıxarmalarına belə bu yol əngəl olurdu. Mən özüm də bu yoldan mütəmadi olaraq istifadə edən bir müəllimə kimi deyə bilərəm ki, bu yoldakı çətinlikləri mən özüm də yaşamışam. Şükürlər olsun ki, bu problem Sizin diqqət və qayğınız sayəsində həll olundu. Bundan sonra sakinlər mənzil başına daha tez çatacaqlar, bu rahat yoldan istifadə etməklə öz problemlərini daha asan həll edəcəklər.

Hər bir xalqın mədəniyyəti onun yolundan başlayır. Yəqin elə buna görədir ki, yol çəkmək həmişə savab iş sayılıb. Cənab Prezident, həmişə savab içində olasınız. Bu yoldan istifadə edəcək bütün sakinlər adından mən Sizə öz minnətdarlığımı bildirirəm. Yollarınız çəkdiyiniz bu yollar kimi həmişə açıq və uğurlu olsun. Tanrı Sizə yar olsun. Allah Sizi qorusun.

Azərbaycan xalqı həqiqətən də xoşbəxt bir xalqdır ki, onun Sizin kimi təcrübəli, tədbirli, uzaqgörən bir Prezidenti var. Allah Sizi başımızın üstündən əksik etməsin. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

x x x

Fermer Avdı HƏSƏNOV çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, mən Çuxanlı kəndinin sakini olaraq bildirirəm ki, uzun illərdir kənd təsərrüfatında çalışıram. İxtisasca kənd təsərrüfatı mütəxəssisiyəm. “Dağüstü” kəndli-fermer özəl toxumçuluq təsərrüfatının təsisçisiyəm. Təsərrüfatım 1996-cı ildə təsis olunub. Təsərrüfatımızda 2003-cü ildən etibarən yüksək reproduksiyalı buğda, arpa toxumları istehsal olunur. Fəaliyyətimiz rayonumuzun toxum tələbatının təmin olunmasına istiqamətlənib.

Möhtərəm cənab Prezident, son illərdə ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da, o cümlədən bizim təsərrüfatımızda da çox böyük uğurlar əldə edilib. Bu uğurları biz dövlətimizin dəstəyi, Prezidentimizin qayğısı sayəsində və bizim üçün yaradılan infrastrukturun hesabına əldə etmişik.

Möhtərəm cənab Prezident, ölkəmiz digər ölkələrdən fərqli olaraq, sahibkarlar üçün infrastrukturun yaradılması məsələlərini öz üzərinə götürüb. Ona görə də bizim ölkəmizdə sahibkarlığın inkişafı üçün çox münbit şərait yaradılıb. Bizim yeganə çətinliyimiz və bizi narahat edən məsələ kəndlərimizi rayon mərkəzi ilə birləşdirən bu yolun bərbad vəziyyətdə olması idi. Çünki bu yolun bərbad vəziyyətdə olması üzündən sahibkarlarımız öz məhsullarını bazarlara çatdırmaqda çətinlik çəkirdilər. Fermerlərimiz təsərrüfatdaxili yüklərin daşınmasında əziyyət çəkirdilər və sonda maddi ziyanla qarşılaşırdılar. Nəhayət, cənab Prezident, Sizin Sərəncamınız əsasında bu yol əsaslı təmir olunaraq, bu gün Sizin xeyir-duanızla, Sizin iştirakınızla bizim istifadəmizə verilir. Ona görə də mən bir Azərbaycan vətəndaşı olaraq Prezidentimizə minnətdarlığımı bildirirəm. Çox sağ olun, cənab Prezident. Allah Sizi qorusun. Tanrı Sizə yar olsun.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

x x x

Azərbaycan Prezidenti İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.

 

 

 

 

*****

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunun duzsuzlaşdırılması kompleksinin fəaliyyəti ilə tanış olub.

Son illər ölkəmizdə su ehtiyatlarından istifadənin yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu tədbirlər sırasında Salyan rayonunun Xıdırlı kəndində dəniz suyunu içməli su səviyyəsinə qədər təmizləməyə imkan verən kompleksin yaradılması mühüm əhəmiyyət daşıyır.

Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov kompleks barədə dövlətimizin başçısına məlumat verdi.

Xəzər dənizinin suyunun duzsuzlaşdırılması kompleksi 2013-cü ildə istifadəyə verilib. 2016-cı ildə kompleksdə əlavə tikinti işləri aparılmadan ikinci xətt quraşdırılıb. Hər xəttin istehsal gücü 1000 kubmetrə bərabərdir. Yəni, gün ərzində dənizdən qəbul edilən 2500 kubmetrə yaxın duzlu su müəssisəyə daxil olur və həmin sudan 2000 kubmetr içməyə yararlı su istehsal edilir. Aparılan tikinti və yenidənqurma işləri nəticəsində dənizdən suyun götürülməsi üçün uzunluğu 200 metr olan damba inşa edilib. Müəssisədə əks osmos membranları ilə təchiz olunmuş yüksək texnoloji avadanlıq və elektron idarəetmə sistemi qurulub. Həcmi 500 və 200 kubmetr olan xüsusi örtüklə izolyasiya edilmiş üç metal su çəni quraşdırılıb, tutumu 500 və 2500 kubmetr olan yeraltı su anbarları inşa edilib.

Bildirildi ki, müəssisədə istehsal olunan su içməli su göstəricilərinə tam uyğundur. Hazırda istehsal olunan suyun böyük əksəriyyəti, təqribən 90 faizi ətraf ərazilərdə salınan 700 hektara yaxın yaşıllıqların suvarılmasında, qalan hissəsi isə məişətdə istifadə edilir. Bu pilot layihə yalnız dəniz suyunun duzsuzlaşdırılması ilə kifayətlənməyib, eyni zamanda, Şirvan kollektorunun suyunun duzdan təmizlənməsini həyata keçirir. Bu çərçivədə kollektorda 2013-cü ildə birinci, ötən il isə gün ərzində 2500 kubmetr suyu duzsuzlaşdıran ikinci xətt istismara verilib. Ümumiyyətlə isə Şirvan kollektoru üzərində quraşdırılan qurğular gündə 5 min kubmetr suyu içməli su həddinə kimi duzsuzlaşdırır. Sutka ərzində duzsuzlaşdırılan 7 min kubmetr su 1750 hektar ərazidə yaşıllıqların suvarılmasına kifayət edir.

Onu da deyək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” Açıq Səhmdar Cəmiyyəti kompleksin ərazisində qapalı şəraitdə tinglər yetişdirir. Buradakı 1 milyon 600 minə yaxın tingin suvarılmasında duzsuzlaşdırılmış sudan istifadə olunur. Dövlətimizin başçısının meşə massivlərinin yaradılması ilə bağlı tapşırıq və tövsiyələrinin icrasına mühüm töhfə olan bu layihə çərçivəsində əsasən zeytun, tut, badam, innab, nar, həmçinin müxtəlif həmişəyaşıl ağac növlərinin yetişdirilməsi həyata keçirilir. Hazırda tinglik sahələrində 350 min ədəd zeytun, 110 min nar, 1 milyondan çox tut, 100 minə yaxın badam və başqa ting növləri yetişdirilir. Bu tinglər təhkim olunmuş ərazilərdə yeni aqrobağların və yaşıllıqların salınmasında istifadə edilir. Ehtiyac olduğu təqdirdə onlardan müəyyən edilmiş qaydalar çərçivəsində aidiyyəti üzrə istifadəçilərə əvəzsiz verilə bilər.

Prezident İlham Əliyev ting sahələrinə baxdı.

Kompleksin fəaliyyəti ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

 

 

 

 

 

*****

 

 

Scroll to top