Prezident seçkiləri tam ədalətli və şəffav keçirilib

22

Ramiz Mehdiyev: “Biz prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT/ DTİHB-nun verdiyi qiyməti əsla qəbul etmirik”

 

“Bunu həmin iki rəsmi struktur tərəfindən son dərəcə biabırçı, qərəzli və nalayiq fakt sayırıq”

Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev “Azərtac”, APA, “1news.az” və “Trend” agentliklərinə müsahibə verib. APA həmin müsahibəni təqdim edir.

  • “Azərtac” Dövlət Agentliyi: Oktyabrın 9-da Azərbaycan seçicisi ümumi səsvermə yolu ilə ölkənin gələcəyi barədə öz seçimini etdi. Siz prezident seçkilərində səsvermənin yekunlarını necə qiymətləndirirsiniz?

  • Dünya siyasəti əsaslı şəkildə qeyri-müəyyənliyi ilə fərqlənir. Çox vaxt dünyadakı güc sahibləri gözlənilmədən elə hərəkətlər edir ki, bu, insanları sarsıdır. Ona görə də hissiyyata qapılmaq və onların “dostluğuna” şirniklənmək olmaz. Mənim bu qənaətim ona əsaslanır ki, ikili standartlar siyasəti dünyanı idarə edir və “sözə baxmayanları cəzalandırır”. İndi isə sizin sualınızın mahiyyəti barədə.

Hər şeydən əvvəl xüsusi qeyd etmək istəyirəm ki, prezident seçkiləri yüksək vətəndaşlıq və elektoral fəallıq şəraitində keçib. Kvorumun 72 faizdən çox olması buna birmənalı sübutdur. Praktiki olaraq hər yerdə seçicilərin yüksək iştirakı qeyd edilib.

İnsanlar yerlərdə səs verərkən başa düşürdülər ki, ölkənin gələcəyi, sosial-iqtisadi islahatların sonrakı gedişi, nəhayət bütün dünyada narahatlıq doğuran reallıqlar fonunda Azərbaycan iqtidarının titanik səyləri nəticəsində əldə edilmiş sabitliyin və inkişafın taleyi ilk növbədə onlardan asılıdır.

Tam məsuliyyətlə deyə bilərəm ki, 2013-cü ilin prezident seçkiləri demokratiya quruculuğu, Azərbaycanda həqiqətən azad cəmiyyət və hüquqi dövlət yaradılması yolunda irəliyə doğru böyük addım olub.

Səsvermənin gedişini müşahidə edən, seçkilərdə iştirak edən hər kəs ölkənin siyasi və demokratik təsisatlarının, Mərkəzi Seçki Komissiyasının, vətəndaş cəmiyyəti strukturlarının seçkilərin ən yüksək standartlara uyğun olması üçün onlardan asılı olan bütün tədbirləri həyata keçirdiklərini yəqin etmək imkanına malik idi. Bu gün fərəhlə qeyd edə bilərik ki, şəffaflıq, demokratiyanın fundamental prinsiplərinə riayət edilməsi seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün lazım olan hər cür şərait yaradılıb.

Barışmaz müxalifət seçkilərin yekunlarına əsasən ictimaiyyətə bircə dənə də saxtalaşdırılmış bülleten təqdim etməyib. Təkcə bu fakt onu göstərir ki, seçkilər şəffaf və ədalətli olub.

Səsvermənin yekunları elektoral kütlənin çox hissəsinin əhval-ruhiyyəsini, Azərbaycan xalqının nə istədiyini parlaq şəkildə göstərir. Seçicilərin fəallığı və səsvermənin nəticələri göstərdi ki, respublika vətəndaşlarının böyük əksəriyyəti hakim Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevin təklif etdiyi davamlı inkişaf xəttini bütünlüklə dəstəkləyir. Son onillikdə ölkəmizin fundamental sosial-iqtisadi uğurları onun adı ilə ayrılmaz surətdə bağlıdır.

Sevindirici haldır ki, Azərbaycanda vətəndaş fəallığı, ictimai, siyasi fəallıq var və insanlar optimal seçim etməklə yenilikləri düşünülmüş şəkildə dəstəkləyirlər. Xüsusi qeyd etmək istəyirəm ki, İlham Əliyevə səs verənlərin əksəriyyəti o həmvətənlərimizdir
ki, onlar milli dövlətçiliyin ardıcıl surətdə möhkəmlənməsini taleyüklü məsələ edirlər.

Bu o deməkdir ki, müasirlərimiz Azərbaycan rəhbərliyinin möhtəşəm yeniləşmə proqramını həyata keçirmək səylərini layiqincə qiymətləndirirlər. Bu proqram planauyğun şəkildə gerçəkliyə çevrilir, insanların həyat keyfiyyətini açıq-aydın yüksəldir.

Cənubi Qafqazın və postsovet məkanının iqtisadi lideri olan müasir Azərbaycan özünəməxsus sabitlik və firavanlıq adasına çevrilib, müsbət dəyişikliklər həm ölkənin daxili həyatında, həm də regionun sosial-iqtisadi landşaftında müvafiq qaydada əks olunub. Bütün bunlar sabitliyin qorunub saxlanmasında, məişət şəraitinin və həyat göstəricilərinin yaxşılaşmasında maraqlı olan həmvətənlərimizin əhval-ruhiyyəsinə təsir göstərməyə bilməz.

Son on ildə ölkə əhalisinin real gəlirləri əhəmiyyətli dərəcədə artıb, 1 milyondan çox iş yeri açılıb, milli iqtisadiyyatın həcmi 3,5 dəfə, ÜDM 10 dəfədən çox artıb, dövlətin qızıl-valyuta ehtiyatları çoxalıb, həyatımızın bütün sahələrində mühüm dəyişikliklər baş verib. Bütün bunlar Azərbaycanın lideri İlham Əliyevin təşəbbüsü ilə başlanmış islahatlar proqramının uğurla həyata keçirilməsi sayəsində mümkün olub.

Möhtəşəm sosial-iqtisadi dəyişikliklər Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsinə şərait yaradıb. Bu gün ölkəmizi nəinki tanıyırlar, onunla hesablaşırlar, çünki o, beynəlxalq sabitliyin möhkəmlənməsi, tərəfdaşlarımızın enerji təhlükəsizliyinin təmin edilməsi, beynəlxalq koordinatlar sistemində mühüm rol oynayan Cənubi Qafqaz regionunun inteqrasiya potensialının inkişafı üçün az iş görməyib.

Bu reallıqlar fonunda təəccüblü deyil ki, İlham Əliyev təkcə həmvətənləri arasında deyil, Azərbaycanın hüdudlarından kənarda da böyük nüfuz və etimad qazanıb. O, prezident vəzifəsində olduğu on il ərzində dəfələrlə siyasi bəsirət və uzaqgörənlik nümayiş etdirib, fəaliyyət qabiliyyətini, kreativliyini, qeyri-standart düşünmək və mürəkkəb məsələləri dəqiq həll etmək bacarığını təsdiqləyib. Buna görə də cəsarətlə demək olar ki, ölkə vətəndaşları İlham Əliyevə səs verməklə tərəqqiyə, layiqli həyata, sosial rifaha və aydın gələcəyə səs veriblər.

Şübhəsiz ki, Yeni Azərbaycan Partiyasının namizədinin bu uğuru qabaqcadan məlum idi. Çünki Azərbaycan cəmiyyəti gələcək qarşısında öz məsuliyyətini gözəl başa düşür. İlham Əliyevin təşəbbüsü ilə başlanmış möhtəşəm yenilənmə proqramları, obrazlı şəkildə desək, təzəcə sürət götürür. Unikal layihələrin çoxu hələ debüt mərhələsindədir və yeni Azərbaycanın memarı rolunda çıxış edən insanın başladığı böyük işləri məntiqi sonluğa çatdırması üçün vaxt lazımdır.

Burada İlham Əliyevin təklif etdiyi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını xatırlatmaq yerinə düşər. Bu konsepsiya mahiyyət etibarilə həm nadir, həm də universaldır, çünki milli orqanizmin ahəngdar inkişafını tənzimləməklə həyat fəaliyyətinin bütün sahələrini əhatə edir. Ölkə vətəndaşları bu cür qeyri-standart təşəbbüsləri tamamilə bəyənir və buna görə də Azərbaycan liderinin həyata keçirdiyi bütün dəyişikliklərin novator mahiyyətini dəstəkləyirlər. Təəccüblü deyil ki, seçkilərdən hələ xeyli əvvəl yerlərdə adamlar İlham Əliyevin hakimiyyətdə sözü ilə əməli bir olan insan kimi namizədliyini dəstəkləyəcəklərini fəal dəstəklədiklərini nümayiş etdiriblər.

Əsası Heydər Əliyev tərəfindən qoyulmuş dövlət quruculuğu və vətəndaş cəmiyyəti quruculuğu kursunu özünün bütün təşəbbüslərində dəstəkləyən hakim partiya da onun qələbəsi üçün az iş görməyib.

Seçkilər ərəfəsində paytaxtda və bölgələrdə İlham Əliyevin tərəfdarları mükəmməl təşviqat işi qurub, cəsarətlə xalqın arasına gedərək öz namizədinin planları və konseptual baxışları barədə həmvətənlərimizlə geniş dialoq aparıblar.

Seçicilərlə çoxsaylı görüşlər keçirilib, bu görüşlər zamanı insanlar başlanmış islahatların, Qarabağ böhranı ilə bağlı danışıqlar prosesinin taleyi, siyasi inkişafın perspektivli prioritetləri ilə maraqlanıblar. Seçicilər sosial müavinətlərin, pensiyaların və əhalinin ayrı-ayrı kateqoriyalarının əmək haqlarının artırılması məsələlərinə xüsusi maraq göstəriblər. Bir qayda olaraq, həmvətənlərimiz bütün bu suallara qənaətbəxş cavablar alırdılar, çünki Azərbaycanın inkişafı hər hansı risklər və eksperimentlər olmadan, dəqiq planlar əsasında həyata keçirilir.

Bu cür yanaşma İlham Əliyevin iş stilinə uyğundur. Prezident vəzifəsində on il ərzində o, möhtəşəm planları gerçəkləşdirə biləcək bacarıqlı və istedadlı dövlət xadimi olduğunu sübut edib.

Onun hakimiyyətdə olduğu illər ərzində Azərbaycan sosialyönümlü siyasətin həyata keçirilməsində sanballı uğurlar qazanıb, insan resursuna sərmayə yatırılması işində böyük sıçrayış edib, gələcəyin möhkəm təməlini qoymaq üçün qeyri-neft sektorunu nəzərəçarpacaq dərəcədə inkişaf etdirib.

Eyni qayda ilə rəsmi Bakı nümayiş etdirib ki, o, beynəlxalq arenada həqiqətən müstəqil siyasət yeridir, milli prioritetləri hər şeydən üstün tutur, bu prioritetlər spektrində ölkənin ərazi bütövlüyünün bərpa edilməsi ən birinci yerdədir.

Sonuncu prezident seçkilərinin yekunları göstərdi ki, milli elektorat İlham Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsinə, sosialyönümlü iqtisadiyyatın inkişafına, əhalinin maddi rifahının yaxşılaşmasına istiqamətlənmiş siyasətini yüksək qiymətləndirib. Buna görə də səsvermənin yekunlarını, seçicilərin 84,55 faizinin indiki prezidentə üstünlük verməsini yüksək dərəcədə qanunauyğun və ədalətli hesab etmək olar.

APA: – Bütövlükdə beynəlxalq təşkilatlar ölkə rəhbərliyinin şəffaf və demokratik seçkilər keçirilməsində maraqlı olduğunu vurğulayıb. Lakin ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, habelə ABŞ Dövlət Departamentinin seçkilərə verdiyi qiymətlər fərqlidir. Siz seçkilərə bu cür qeyri-birmənalı qiymət verilməsini necə qəbul edirsiniz?

  • Hər şeydən əvvəl onu vurğulamaq istərdim ki, beynəlxalq müşahidəçilərin müsbət rəyləri və qiymətləri mənfi rəy və qiymətlərdən sayca qat-qat çoxdur. Xatırladım ki, nüfuzlu beynəlxalq təşkilatlardan olan müşahidəçi və ekspertlərin ümumi sayı 1295 nəfər olub və onlar dünyanın 100 ölkəsindən gəliblər. Praktiki olaraq onların hamısı seçkilərin şəffaflıq səviyyəsini, seçicilərin öz iradələrini sərbəst ifadə etməsi prinsiplərinə riayət olunmasını yüksək qiymətləndiriblər.

Seçkiləri təkcə MDB dövlətlərindən 400-dən çox müşahidəçi və ekspert izləyirdi. Beynəlxalq Mərkəzçi Demokratlar Təşkilatının Asiya-Sakit okean Konfransını 50-dən çox, Asiya Siyasi Partiyalar Beynəlxalq Konfransını təxminən 20 müşahidəçi, Latın Amerikası və Karib hövzəsi Dövlətlərinin Siyasi Partiyalarının Daimi Komissiyasını 10 nümayəndə, Türkdilli Dövlətlərin Parlament Assambleyasını 10 müşahidəçi, İslam Əməkdaşlıq Təşkilatını 5 müşahidəçi təmsil edirdi. Seçkiləri müşahidə edənlər arasında Qara dəniz Hövzəsi Ölkələrinin İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Rusiya İctimai Palatasının, onlarca dövlətin mərkəzi seçki komissiyalarının, habelə Asiya və Okeaniya, Afrika dövlətlərinin, Bakıda akkreditə edilmiş diplomatik nümayəndəliklərin təmsilçiləri vardır. Onların rəyləri müsbətdir.

Avropa Parlamentinin, Avropa Şurasının nümayəndələri, ATƏT-in fəaliyyətdə olan sədri Leonid Kojara, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Parlament Assambleyası missiyalarının əlaqələndiricisi Mişel Vauzen, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton, Avropa İttifaqının genişlənməsi məsələləri və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Fyule, digər səlahiyyətli nümayəndələr Azərbaycanı ədalətli və şəffaf seçkilər keçirilməsi münasibətilə təbrik edib, ölkəmizin demokratik dəyərlərə sadiqliyini xüsusi vurğulayıblar.

Seçkilərdə iştirak etmək arzusunu bildirmiş hər kəsə bu cür imkan verilib. Heç kəsin – istər yerli müşahidəçilərin, istər siyasi təşkilatların nümayəndələrinin, jurnalistlərin, beynəlxalq ekspertlərin, istərsə də Avropa Parlamenti üzvlərinin səsvermə prosesini müşahidə etmək hüququ rədd edilməyib.

“Exit-poll” keçirmək istəyənlərin heç birinə rədd cavabı verilməyib. Yerli və xarici strukturlar alternativ hesablamalar aparıblar və qeyd etməliyəm ki, onların nəticələri Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının məlumatları ilə üst-üstə düşüb.

Təəssüflə qeyd etməliyəm ki, qərəzlilik halları da olub. Tam şəffaflıq və açıqlıq şəraitinə baxmayaraq, bəzi avropalı məmurlar və ABŞ xarici siyasət idarəsi, necə deyərlər, dissonans yaradıblar.

Biz prezident seçkilərinə ABŞ Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən verilən qiyməti əsla qəbul etmirik və bunu həmin iki rəsmi struktur tərəfindən son dərəcə biabırçı, qərəzli və nalayiq fakt hesab edirik.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Azərbaycanda seçkilərə heç vaxt bu cür mənfi qiymət verməyib. Bu təşkilatın ilkin hesabatına daxil edilmiş faktlar mahiyyət etibarilə Milli Şuranın nümayəndələri tərəfindən fəal yayılan gümanların, yalanların nəticəsidir. Milli Şura öz nümayəndəsinin seçilməsi üçün heç bir şans olmadığını bildiyindən, lap əvvəldən seçkiləri bu yolla sabotaj etməyə başlayıb. Bir misal göstərim. Seçkilər günü ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun missiyasının nümayəndələri Bakı şəhərinin Suraxanı rayonundakı 84 seçki məntəqəsində 156 dəfə olublar. Onlar bülletenlərin və yekun protokolların hesablanması və doldurulması prosesinə bütünlüklə nəzarət ediblər. Bu rayondakı üç seçki dairəsində seçki prosesi barədə onların heç bir iradı olmayıb. Buna baxmayaraq, Milli Şuranın namizədi bəyan edir ki, burada kütləvi saxtalaşdırmalar və pozuntular olub.

Etiraf edirəm ki, baş tutmuş seçkilərin qiymətləndirilməsində və bu iki tərəfin seçkilərin keçirilməsini və onların yekunlarını necə tövsif etmələrində qəribə, lakin izah edilə bilən sinxronlaşma görürəm. Elə təsəvvür yaranır ki, bu mərkəzlərin hər ikisi bir məqsədlə – Azərbaycan tərəfə təzyiq göstərmək üçün öz fəaliyyətlərini sıx əlaqələndirirlər, hərçənd belə bir təzyiq üçün nə əsas var, nə səbəb, nə də sövqedici motivlər.

Azərbaycanın hakimiyyət orqanları lap əvvəldən bildirmişdilər, elə indi də təsdiq edirlər ki, ədalətli və şəffaf seçkilər keçirilməsi hər şeydən öncə bizim öz maraqlarımıza uyğundur. Biz hüquq və azadlıqların təmin edilməsi yolu ilə demokratikləşmədə maraqlı olduğumuz şəraitdə siyasi təsisatların fəaliyyətinə və inkişafına mane olmuruq, vətəndaş cəmiyyətinin inkişafı üzrə aşkar iş aparırıq, yerdəyişmə, öz iradəsini ifadə etmə azadlığını təmin edirik, səylərimizi Avropa strukturlarının müvafiq təsisatları ilə, Venesiya Komissiyası və digər mərkəzlərlə uzlaşdırdığımız şəraitdə öz prioritetlərimizə qarşı çıxmağın nə mənası var?!

Açıq deyirəm, mən adını çəkdiyiniz tərəflərin verdiyi qiymətlə nəinki razılaşmıram, hətta onların tutduğu mövqeyə görə hiddətlənirəm, çünki onların baxışları həqiqi vəziyyəti əks etdirmir. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun və ABŞ xarici siyasət idarəsinin məqsədini heç cür başa düşmək olmur – onlar nə üçün aydın və dəqiq mənzərəni qəsdən təhrif edir, bununla da ikitərəfli münasibətlərə ziyan vururlar?!

Son illərdə ölkəmiz daim açıqlıq nümayiş etdirmiş, demokratik islahatlar keçirilməsi sahəsində dialoqdan, əməkdaşlıqdan heç vaxt çəkinməyib. Bu istiqamətdə Azərbaycan heyrətamiz dərəcədə böyük irəliləyişə nail olub.

Yeri gəlmişkən, demokratik yenidənqurmanın mühüm tərkib hissəsi olan seçki texnologiyalarının tətbiqində müsbət dəyişiklik faktları bu dialoqun bizim üçün nə qədər vacib olmasına və nə qədər yerinə düşməsinə dəlalət edir.

Çox qəribədir ki, bizim praktikanın tənqid edilməsi bəzi mərkəzlər üçün əsas məqsədə çevrilib. Belə olmasaydı, ciddi standartlara tam cavab verən, dünyanın aparıcı ölkələrindən olan qərəzsiz mütəxəssislər arasında irad doğurmayan beynəlxalq praktikaya uyğun geniş həcmli işi şübhə altına almağın mənası olmazdı.

Azərbaycanda prezident seçkilərini bu ilin fevralında Ermənistanda keçirilmiş seçkilərlə müqayisə etsək, təzadlar aşkar görünür. Azərbaycan gerçəkliklərindən fərqli olaraq Ermənistanda seçkiqabağı vəziyyət qeyri-müəyyən, hətta təhlükəli idi. Hakimiyyət orqanları namizədləri hədələyir, onları kobud və sərt şəkildə təqib edirdilər. Vəziyyət hətta sui-qəsd dərəcəsinə çatmış, prezidentliyə namizəd Paruyr Ayrikyana atəş açmışdılar.

Bunun ardınca iqtidarın rəqiblərinin mitinqləri və etiraz aksiyaları kobud şəkildə və amansızcasına dağıdılmışdı. Narazı olanlara qarşı dəhşətli sanksiyalar, təqiblər, qanunda nəzərdə tutulmayan fiziki cəzalar tətbiq edilirdi. Burada keçmişə qısa bir ekskurs etmək, 2008-ci ildə Ermənistanda seçkilərin biabırçı praktikasını xatırlamaq yerinə düşər. Rəsmi məlumatlara görə, həmin seçkilər zamanı Yerevanda 10 nəfər nümayişçi həlak olmuşdu. Müstəqil erməni hüquq müdafiəçilərinin məlumatlarına görə isə etirazçıların nümayişi dağıdılarkən zamanı 30 nəfər həlak olmuşdu.