Prezident: “Sosial sahədə tam şəffaflıq yaradılmalıdır”

Azərbaycan prezidenti İlham Əliyev “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib.

 

XALQ.AZ xəbər verir ki, Azərbaycan prezidenti əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Dövlət başçısı görüşdə çıxış edib.

Xızı şəhərində içməli su probleminin həmişə insanları narahat etdiyini deyən İ. Əliyev bildirib ki, artıq bu məsələ öz həllini tapıb: “Xızıda içməli su layihəsinin başa çatması ilə biz demək olar ki, şimal zonasının bütün şəhərlərinin içməli su problemini həll etmiş oluruq. Əvvəlki dövrlərdə Qusar, Quba, Şabran, Siyəzən şəhərlərinin, bu gün isə biz Xaçmaz şəhərinin içməli su layihəsinin açılışını qeyd etdik. Yəni, şimal zonasının şəhərlərinin içməli su ilə bağlı problemləri öz həllini tapıb. Bu gözəl hadisə münasibətilə sizi bir daha təbrik etmək istəyirəm. Ümumiyyətlə, bildirmək istəyirəm ki, ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilib, Xızıda da həmçinin. Mənim əvvəlki gəlişimdə burada mərkəzi rayon xəstəxanası açılmışdır, gözəl, müasir binadır. Rayonda 10-na yaxın məktəb tikilmişdir, infrastrukturla bağlı olan digər layihələr icra edilir, qazlaşdırma 90 faizdən çoxdur. Demək olar ki, artıq bütün yaşayış məntəqələri qazla təmin olunub. Əminəm ki, gələcək dövrdə Xızıda qazlaşdırma 100 faizə çatacaq. Elektrik enerjisi ilə bağlı heç bir problem yoxdur. Əksinə, indi Xızı rayonu bizim ümumi enerji sistemimizi böyük həcmdə elektrik enerjisi ilə təmin edəcək. Yeni Yaşma Külək Elektrik Stansiyası artıq fəaliyyətə başlayır, yoldan keçəndə də bunu görmək mümkündür. Kənd yolları salınır. Bu gün bir yolun açılışını qeyd edəcəyik. Mənə verilən məlumata görə, kənd yollarının 50 faizi yenidən qurulub və ya əsaslı təmir olunub”.

 

Dövlət başçısı qeyd edib ki, Xızı rayonunun sosial-iqtisadi inkişafı uğurla gedir: “Ümid edirəm ki, gələcək illərdə kənd təsərrüfatı sürətlə inkişaf edəcək. Çünki Taxtakörpü su anbarının tikintisi və Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində bütövlükdə bu bölgədə 30 min hektar torpaq sahəsi su ilə təmin ediləcək. Bunun 12 min hektarı Xızı rayonunun payına düşür – 9 min hektar yeni suvarılan sahələr olacaq, 3 min hektar isə su verilmiş, ancaq kifayət qədər olmamış sahələrdir. Son məlumata görə, bu 9 min hektar yeni suvarılacaq torpaqlardan 3 min hektarı artıq suvarma suyu ilə təmin edilib. Əlbəttə, biz gözləyirik ki, Xızı rayonunda kənd təsərrüfatı sürətlə inkişaf etsin. İndi yol ilə gələndə gördüm ki, müasir suvarma sistemləri də qurulur, sahələr pivot suvarma üsulu ilə suvarılır. Beləliklə, həm məhsuldarlıq artacaq, həm də yeni sahələrin dövriyyəyə cəlb edilməsi nəticəsində yeni iş yerləri yaradılacaq. Buna görə mən Xızı rayonunun gələcək inkişafını çox müsbət görürəm, böyük nikbinliklə baxıram. Rayonun inkişafı üçün bütün lazımi tədbirlər görülüb. Yollar, elektrik enerjisi, qaz xətləri, indi içməli su, xəstəxana. Bildiyiniz kimi, bir neçə ildir ki, ölkəmizdə kütləvi müayinədən keçmə kampaniyası aparılır, hər il 5 milyondan çox insan dövlət hesabına müayinədən keçir və belə gözəl xəstəxanalarda bunu etmək mümkün olur. Ölkəmizin ümumi sosial-iqtisadi inkişafı da çox müsbətdir. Üç ayın göstəriciləri bizi çox sevindirir. İndi bir neçə gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosialyönümlü layihələr həyata keçirilibdir. Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək, eyni zamanda, bütün sosial sahədə tam şəffaflıq yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial ədalət tam bərqərar olmalıdır”.

 

Prezident qeyd edib ki, Azərbaycan dövləti möhkəm əsaslar üzərində qurulub: “Biz iqtisadiyyatımızı bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdiririk. Ancaq bununla bərabər, sosial məsələlərin həllinə çox böyük diqqət göstəririk. Bunun nəticəsində ölkəmiz uğurla inkişaf edir. Bunun nəticəsində ölkəmizdə sabitlik, əmin-amanlıq hökm sürür, xalq-iqtidar birliyi gündən-günə möhkəmlənir. Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilib. İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edibdir. Bunun nəticəsində biz uğurla inkişaf edirik. Bu gün Azərbaycanda ictimai-siyasi proseslər müsbət istiqamətdə gedir, iqtisadi inkişaf tam təmin edilir və bir çox sosial layihələr icra olunur. Vəzifə isə çox sadədir, onu biz bir neçə il əvvəl qarşımıza qoymuşuq ki, insanları narahat edən bir dənə də problem qalmasın. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin tikintisi, insanların maddi vəziyyətinin yaxşılaşdırılması və infrastrukturla bağlı olan layihələr. Hər bir yerdə, hər bir rayonda və hər bir kənddə bu məsələlərə xüsusi diqqət göstərilir. Əldə edilmiş nəticələr və bu ilin gözəl göstəriciləri tam deməyə əsas verir ki, biz bu düzgün yolla gedəcəyik və bu günə qədər həllini tapmayan məsələlər də yaxın gələcəkdə öz həllini tapacaq”.

 

Elgün