Prezident Sumqayıta səfər edib

2

 

 

İlham Əliyev Sumqayıt şəhərinə səfər etmişdir

Prezident İlham Əliyev Sumqayıt şəhərinə gəlmişdir.

Dövlət başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoydu.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son vaxtlar şəhərdə görülən işlər barədə Azərbaycan Prezidentinə məlumat verdi

 


İlham Əliyev Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Azərbaycan kağız və karton istehsalat kombinatının açılışında iştirak etmişdir.

Azərbaycanda həyata keçirilən genişmiqyaslı iqtisadi siyasətin əsas nailiyyətlərindən biri də ölkədə sənayenin müxtəlif istiqamətlərinin müəyyən olunması və inkişaf etdirilməsidir. Bu baxımdan son dövrlərdə neftdən əldən edilən gəlirlərin yeni istehsal müəssisələrinin yaradılmasına yönəldilməsi təsadüfi deyildir. Artıq bu istiqamətdə çox mühüm və ardıcıl layihələr həyata keçirilir. Dövlətimizin başçısının müvafiq tapşırıq və sərəncamlarına uyğun olaraq müasir istehsal sahələrinin yaradılması və istifadəyə verilməsi respublika iqtisadiyyatının gücləndirilməsinə xidmət edir. Bu da ölkədə rəqabətədavamlı və keyfiyyətli məhsullar istehsal etməyə geniş imkanlar açır.

Sumqayıtda “Azərsun Sənaye Parkı”nın nəzdində Azərbaycan kağız və karton istehsalat kombinatının yaradılması sənayenin bu sahəsinin inkişafını daha da sürətləndirəcəkdir. Belə müəssisələr həm də rəqabətədavamlı məhsul istehsal etməklə ölkəmizdə gedən iqtisadi inkişaf proseslərinə mühüm töhfə verəcəkdir. Digər tərəfdən bu cür müəssisələr ölkənin iqtisadi inkişaf strategiyasının mühüm komponentlərinin daha keyfiyyətlə və uğurla icrasına təminat verir. Prezident İlham Əliyevin Sərəncamı ilə 2014-cu il ölkədə “Sənaye ili” elan edilmişdir. Belə müəssisələrin məhz bu il istifadəyə verilməsi isə “Sənaye ili”nin uğurlu olacağının daha bir göstəricisidir. Bu müəssisə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilmiş güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur.

Kombinatın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” MMC-nin müxtəlif müəssisələrinin açılışlarında iştiraklarını əks etdirən fotostend qurulmuşdur.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına kombinatın iş strukturu barədə məlumat verdi. Qeyd edildi ki, Prezident İlham Əliyevin tapşırıqlarına əsasən kombinatda yeni və müasir texnologiyalar tətbiq olunmuşdur.

Prezident İlham Əliyev kombinatı işə saldı.

Müəssisədə istehsal prosesi tam avtomatlaşdırılmışdır. Böyük həcmdə investisiya tələb edən bu kombinat Qafqazda yeganə olaraq Azərbaycanda qurulmuşdur. İstehsal korpusu, müxtəlif bölmələr və hazır məhsul anbarından ibarət olan müəssisə aparıcı ölkələrin tanınmış şirkətlərinin müasir avadanlığı ilə təchiz edilmişdir. Burada qurulan avadanlıq hesabına yüksək keyfiyyətli və rəqabətədavamlı məhsul əldə etmək mümkündür. Ümumilikdə, kombinatda istehsal prosesi dünya standartları və təcrübəsi əsasında həyata keçirilir. Kombinatın illik emal gücü 50 min tondur. Bu layihənin Sumqayıt ərazisində həyata keçirilməsi şəhərin sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında mühüm əhəmiyyətə malikdir.

Kombinatda 150 nəfər işlə təmin edilmişdir.

Məlumat verildi ki, müəssisənin fəaliyyətə başlaması kağız tullantıların təkrar istifadəsini təmin etməklə yanaşı, ətraf mühitin çirklənməsinin qarşısının alınmasında mühüm rol oynayır. Hesablamalara görə, müəssisənin fəaliyyəti nəticəsində ildə 850 min şam ağacının kəsilməsinin və meşələrin məhv olmasının, həmçinin atmosferə xeyli miqdarda zərərli maddələrin buraxılmasının qarşısı alınacaqdır. Müəssisənin xammala tələbatının 90 faizi tullantı kağızın tədarükü hesabına ödəniləcəkdir.

Bu məqsədlə respublikanın regionlarında gündəlik 60-70 ton kağız tullantıları tədarük etmək imkanına malik olan 30 məntəqənin yaradılması nəzərdə tutulur. Layihənin reallaşdırılması bölgələrdə yeni iş yerlərinin açılmasına şərait yaradacaqdır.

Belə ki, bu sahədə 1000 nəfərin işlə təmin edilməsi mümkün olacaqdır. “Azərsun Holdinq” MMC-nin Xırdalanda da karton fabriki vardır.

Sonra Prezident İlham Əliyev müəssisə haqqında ümumi məlumatı, kağız tədarükü məntəqələrini, kağızın təkrar emalı layihələrini əks etdirən stendlərə, eləcə də kombinatın və Xırdalandakı karton fabrikinin hazır məhsullarına baxdı.

 


İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir

Prezident İlham Əliyev “Azərsun Sənaye Parkı”nın nəzdində yaradılan Sumqayıt yağ fabrikinin açılışında iştirak etmişdir.

Prezident İlham Əliyev tərəfindən həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində ölkəmiz sürətlə tərəqqi edir. Son illərdə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı inkişafına nail olunmuşdur. Buna imkan yaradan əsas amillərdən biri özəl sektorun inkişafının diqqət mərkəzində saxlanılmasıdır. Təsadüfi deyildir ki, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri məhz özəl sektorun hərtərəfli dəstəklənməsi, onun daha da genişlənməsi üçün əlverişli mühitin yaradılması, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsidir. Bütün bunlar dünyada maliyyə və iqtisadi böhranın davam etdiyi bir dövrdə Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etməsinə geniş imkanlar açmışdır.

Azərbaycan Prezidentinin tapşırıqlarına uyğun olaraq iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Bu sahəyə yönəldilən investisiyalar keyfiyyətli yerli məhsullar istehsalının genişləndirilməsinə hərtərəfli təkan verir. “Azərsun Sənaye Parkı”nın nəzdində Sumqayıt yağ fabrikinin yaradılması da məhz rəqabətədavamlı və müasir standartlara cavab verən qida sənayesinin inkişafına mühüm töhfə hesab oluna bilər. Belə layihələrin reallaşması ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar dövlətimizin başçısının verdiyi tapşırıqların icrasının uğurlu və davamlı xarakter daşıdığını nümayiş etdirir.

Fabrikin foyesində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin “Azərsun Holdinq” MMC-nin müəssisələrində olduqları zaman çəkilmiş fotoları nümayiş etdirilir.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Prezident İlham Əliyevə fabrikin fəaliyyəti və istehsal prosesi barədə məlumat verildi.

Müasir texnologiyalarla təchiz edilən fabrik dövlətin ayırdığı güzəştli kredit və “Azərsun Holdinq” MMC-nin vəsaiti hesabına inşa olunmuşdur. Xam yağ qəbulu, rafinləşdirmə bölmələri, marqarin paketləmə, duru yağ qablaşdırma, şokolad istehsalı, əridilmiş yağın qablaşdırılması və metal qablaşdırma sahələrindən ibarət müəssisədə müxtəlif istehsal xətləri quraşdırılmışdır. İstehsal sahələri böyük təcrübəyə malik şirkətlərin müasir avadanlığı ilə təchiz edilmişdir.

Fabrikdə xam yağın kənar maddələrdən təmizlənməsi üçün rafinləşdirmə bölməsi yaradılmışdır. Saflaşdırılma üsulları əsas prosesin getdiyi meхanizmə uyğun olaraq fiziki-kimyəvi üsullarla aparılır. Fabrikdə illik 270 min ton yağ məmulatı, o cümlədən qarğıdalı, günəbaxan, marqarin yağları və əridilmiş yağlar, şokolad yağları və mayonezlər istehsal olunacaqdır. Müasir texnologiyaların və avadanlığın hesabına burada istehsal edilən məhsullar ekoloji cəhətdən təmiz olmaqla yanaşı, rəqabətədavamlılığı ilə seçilir. Məhsulların Gürcüstan, İraq, Tacikistan, Qazaxıstan, Türkmənistan və digər ölkələrə ixrac edilməsi də nəzərdə tutulmuşdur. Fabrikdə 250 yeni iş yeri yaradılmışdır. Gələcəkdə iş yerlərinin sayının 700-ə çatdırılması nəzərdə tutulur.

Bu müəssisənin işə düşməsi bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yerli xammalla işləyən, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində kompleks tədbirlər uğurla davam etdirilir.

Müəssisə ilə tanışlıqdan sonra kollektivlə görüşən dövlətimizin başçısı İlham ƏLİYEV dedi:

  • Bu gün Sumqayıtda əlamətdar bir gündür. Sumqayıt şəhərində üç zavodun açılışı baş verir. Onlardan ikisi bu ərazidədir. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm. Bu zavodların fəaliyyətə başlaması Azərbaycanda sənayenin inkişafının təzahürüdür. Sənayenin inkişafı bizim üçün prioritetdir və təsadüfi deyil ki, bu il Azərbaycanda “Sənaye ili” elan edilmişdir.

  • Biz bundan sonra daha da çox çalışmalıyıq ki, Azərbaycanda qeyri-neft sənayesinin inkişafı yüksək sürətlə getsin. Əslində, bu islahatlar artıq uzun illərdir ki, aparılır. Bu islahatlar nəticəsində bu gün Azərbaycan iqtisadiyyatı çoxşaxəli iqtisadiyyatdır. Bizim əsas vəzifəmiz qeyri-neft sektorunun inkişafı, neft amilindən asılılığımızın azaldılması idi. Biz demək olar ki, buna nail ola bilmişik. Hazırda bizim ümumi iqtisadi potensialımızın 55 faizi qeyri-neft sektorunda formalaşır. Əlbəttə, biz gələcəkdə çalışmalıyıq ki, qeyri-neft sənayesinin inkişafı daha da sürətlə getsin. Belə böyük zavodların fəaliyyətə başlaması əlbəttə ki, bu istiqamətdə aparılan siyasətin nəticəsidir.

Burada ən müasir avadanlıq quraşdırılıbdır, ən son texnologiyalar tətbiq edilir, iş şəraiti çox yaxşıdır. Burada istehsal olunan məhsullar rəqabətqabiliyyətli məhsullardır. Bu da əsas məsələdir. Biz çalışmalıyıq ki, Azərbaycanda yaranmaqda olan, yaxud da ki, yaradılacaq bütün zavodların məhsulları rəqabətqabiliyyətli olsun, dünyanın istənilən ölkəsinə ixrac edilə bilsin və beləliklə, biz xarici bazarlara keyfiyyətli hazır məhsullarla daha da böyük həcmdə çıxa bilək.

Bu gün iqtisadiyyatımızın rəqabətqabiliyyətliliyi artır. Beynəlxalq qurumlar da bunu qeyd edir. Belə zavodların fəaliyyətə başlaması bizim potensialımızı daha da artıracaqdır. Bu zavodlarda yüzlərlə iş yerləri açılır, yüksək maaş verilir. Gələcəkdə sənayenin inkişafı daha da sürətlə gedəcəkdir.

Bildiyiniz kimi, Sumqayıt şəhəri Azərbaycanın sənaye mərkəzidir. Bakıdan sonra Cənubi Qafqazda ikinci böyük sənaye şəhəridir. Əslində Sumqayıt sənaye şəhəri kimi yaradılmışdır. Hazırda Sumqayıt müasir sənaye şəhərinə çevrilir. Burada onlarla zavod, fabrik fəaliyyət göstərir. Sumqayıt Texnologiyalar Parkı neçə ildir ki, fəaliyyət göstərir. Texnologiyalar Parkında 13 zavod fəaliyyət göstərir, 5 zavod tikilir. Keçən il Sumqayıtda Kimya Sənaye Parkının təməl daşı qoyulmuşdur. 200 hektara yaxın ərazidə yaxın illərdə böyük bir sənaye şəhəri yaradılacaqdır. O zavodların fəaliyyəti genişlənəcəkdir. Bir sözlə, Sumqayıt müasir sənaye şəhəri kimi bu gün ölkəmizin sənaye potensialının inkişafında mühüm rol oynayır.

Demək olar ki, işsizlik aradan qaldırılmışdır. Sumqayıtda sosial infrastrukturun yaranmasına diqqət göstərilir. İnfrastruktur layihələri icra edilir, şəhər abadlaşır, yeni xiyabanlar salınır, binalar bərpa edilir. Sumqayıt parklar şəhərinə çevrilir. Əlbəttə ki, sənayenin inkişafı sosial sahənin inkişafı ilə də birbaşa bağlı olmalıdır.

Ətraf mühitin qorunmasına böyük diqqət göstərilir. Bu gün Sumqayıtda fəaliyyətə başlayan bütün sənaye müəssisələri ən yüksək ekoloji standartlara cavab verməlidir. Qarşıya bu məqsəd qoyulub, nəinki Sumqayıtda, bütün Azərbaycanda fəaliyyət göstərən zavodlarda ekoloji standartlar ən yüksək səviyyədə olmalıdır. Çünki vaxtilə Sumqayıtın ekoloji vəziyyəti ilə bağlı problemlər olmuşdur. Bu problemlər demək olar ki, aradan qaldırılıbdır. Bir sözlə, bu gün “Sənaye ili”ndə əlamətdar bir gündür. Bu zavodların fəaliyyətinə dəstək olan bütün vətəndaşlara öz minnətdarlığımı bildirmək istəyirəm. Burada əlbəttə ki, investorlar əsas rol oynamışlar, böyük investisiyalar qoyulmuşdur. Hər iki zavoda 90 milyon manat investisiya qoyulmuşdur. Bu, investorların Azərbaycan iqtisadiyyatına verdikləri dəstəkdir, Azərbaycanın uğurlu gələcəyinə onların inamının təzahürüdür. Çünki ölkəmiz sürətlə inkişaf edir, bütün məsələlər uğurla həll edilir. Biz çalışmalıyıq ki, daxili və xarici investorları Azərbaycana daha da çox cəlb edək. Burada biznes mühiti də yaxşıdır. Gəlirli sahələr yaradılır. Yəni, həm sahibkarlar, həm burada işləyənlər, həm də dövlət bundan fayda götürür və götürməlidir. Bax, bu müştərək fayda əsasında Azərbaycan iqtisadiyyatı inkişaf edir.

Bu gün özəl sektor iqtisadiyyatımızın əsas hissəsini təşkil edir. Biznes üçün gözəl şərait yaradılıbdır. İş adamları ilə mənim mütəmadi görüşlərimdə daim onlara öz dəstəyimi göstərirəm. Dövlət öz xətti ilə maliyyə resurslarını da cəlb edir, hər iki zavodda Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti də nəzərdə tutulmuşdur. Yəni burada dövlət və özəl sektor bir məqsədi güdür ki, ölkə inkişaf etsin, sənaye potensialı möhkəmlənsin, güclənsin, insanlar işlə təmin olunsunlar. Bax biz bundan sonra da bu yolla gedəcəyik. Bu zavodların uğurlu fəaliyyəti ölkəmizin ümumi inkişaf strategiyasını əks etdirir.

Kağız və karton istehsalat kombinatının fəaliyyəti sayəsində nəinki Sumqayıtda, bütün respublikamızda məntəqələr açılacaq, orada da iş yerləri yaradılacaqdır. O köhnə kağızları yığmaq üçün məntəqələr yaranacaq və biz, eyni zamanda, ekoloji problemlərin həllinə də töhfəmizi vermiş oluruq. Çünki hazırda köhnə kağızlar, qəzetlər, sıradan çıxmış digər əşyalar yandırılır və havanı çirkləndirir. İndi bütün kağız tullantıları burada yığılacaq və beləliklə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına da biz dəstək olacağıq. Bu iki müəssisənin xüsusiyyəti ondan ibarətdir ki, onların fəaliyyəti nəticəsində biz karton, kağız və bitki yağları sahəsində özümüzü 100 faiz təmin edəcəyik. Yəni, qarşıya bu hədəf də qoyulmuşdur. Mən dəfələrlə demişəm ki, Azərbaycanda tələb olunan bütün məhsullar istehsal edilməlidir. İxrac potensialı da yaradılır. Həm bitki yağları, həm kağız-karton məhsulları xaricə ixrac ediləcəkdir.

Bir sözlə, müəssisələrin fəaliyyətə başlaması əlamətdar hadisədir, məni çox sevindirir. Ona görə ki, burada iş yerləri, müasir sənaye sahələri yaradılır. Ona görə ki, Azərbaycanın dövlət siyasətinin nə qədər düzgün olmasını bax bu müəssisələrin fəaliyyətə başlaması bir daha təsdiqləyir. Sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

X X X

Müəssisənin əməkdaşı Şərbət MİRZƏYEV dedi:

  • Möhtərəm cənab Prezidentimiz, icazə verin, müəssisəmizin işçiləri adından Sizi salamlayım. Yaxşı xatirimdədir, 1997-ci ildə şirkətimizin ilk müəssisəsi açılan zaman mənə Ulu Öndərimizlə görüşmək nəsib olmuşdur. Bu gün özümü çox xoşbəxt hiss edirəm ki, Sizinlə də görüşürəm. Biz Sizin çıxışlarınızı mütəmadi izləyirik. Bilirik ki, 2014-cü ili “Sənaye ili” elan etmisiniz. İlin əvvəlindən keçən qısa müddət ərzində bir neçə müəssisəni açmısınız. Bu gün Azərbaycan sənayesi üçün modern texnologiyalara malik, tam avtomatlaşdırılmış sistemlə işləyən zavodun açılmasının xeyir-duasını verirsiniz. Bizim müəssisəmizdə gözəl iş yerləri, gözəl iş şəraiti yaradılmışdır. Müəssisəmizin işçiləri adından bir daha Sizə yaradılmış bu şəraitə görə dərin minnətdarlığımızı bildiririk, cənab Prezidentimiz. Çox sağ olun.

Müəssisənin digər əməkdaşı Fəxrəddin KƏRİMBƏYLİ burada yaradılan yüksək şəraitə görə dövlətimizin başçısına minnətdarlıq edərək dedi:

  • Cənab Prezident, mən kağız və karton istehsalı kombinatında gənc mütəxəssis olaraq çalışıram. Azərbaycan Texniki Universitetini bitirmişəm. Müəssisənin bünövrəsi qoyulandan burada çalışıram. Müəssisəmizdə çalışanların 80 faizini sumqayıtlı gənclər təşkil edir. Müəssisədə bizlər üçün yüksək iş şəraiti yaradılmışdır, yüksək əməkhaqqı ilə təmin edilmişik. Bütün bunlar Sizin biz gənclərə göstərdiyiniz qayğı və diqqətin nəticəsidir. Buna görə biz gənclər Sizə minnətdarlığımızı bildiririk.

Müəssisəmiz ekologiyaya da müsbət təsir edir. Belə ki, xammal olaraq tullantı kağızlardan istifadə etdiyimiz üçün il ərzində 850 min şam ağacının kəsilməsinin qarşısı alınacaqdır. Bütün bunlar Sizin düşünülmüş siyasətinizin nəticəsidir.
Möhtərəm cənab Prezident, bizə töhfə etdiyiniz müəssisələrə, iş yerlərinə görə, biz cavanlar Sizə təşəkkürümüzü bildiririk.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 


İlham Əliyev mis emalı zavodunun açılışında iştirak etmişdir

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində mis emalı zavodunun açılışında iştirak etmişdir.

İqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətliliyin artırılması və bu sahəyə investisiya qoyuluşunun sürətləndirilməsi Prezident İlham Əliyevin sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, ölkəmizdə qeyri-neft sektorunun əsas sahələrindən olan sənayenin inkişafına xüsusi diqqət yetirilir. Sumqayıtda istifadəyə verilən mis emalı zavodu da bu istiqamətdə görülən kompleks işlərin tərkib hissəsidir.

Təsadüfi deyil ki, son 10 ildə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sənayenin inkişafında da böyük uğurlar qazanılmış, sənaye məhsullarının istehsalı 2,7 dəfə artmışdır. Diqqət çəkən ən vacib amillərdən biri də bu dövrdə ölkə sənayesinə 40 milyard manatdan çox investisiyanın yatırılmasıdır. Hazırkı mərhələdə isə müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınmaqla sənayenin modernləşdirilməsi və qeyri-neft sənayesinin şaxələndirilməsi məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Bundan əlavə, mövcud təbii və iqtisadi ehtiyatların təsərrüfat dövriyyəsinə cəlb edilməsi, ənənəvi sənaye sahələri ilə yanaşı, yeni istehsal sahələrinin, sənaye parklarının yaradılması, regionlarda sənaye potensialının gücləndirilməsi, sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanların formalaşdırılması da diqqətdən kənarda qalmır. Bu sırada Sumqayıt mis emalı zavodu da əhəmiyyəti ilə fərqlənir.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev dövlətimizin başçısına məlumat verdi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək ölkə üzrə 20 minədək sahibkarın investisiya layihələrinin maliyyələşdirilməsinə 1 milyard 200 milyon manat güzəştli kredit verilmişdir. Bu layihələr hesabına 116 mindən çox yeni iş yeri yaradılmışdır. Sumqayıt şəhəri üzrə isə 318 investisiya layihəsinin maliyyələşdirilməsinə 89,8 milyon manat güzəştli kredit ayrılmışdır. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 6 minə yaxın yeni iş yeri yaradılmışdır. Sumqayıtda müasir texnologiyaların tətbiqinə əsaslanan kağız və karton istehsalat kombinatı, bitki yağları fabriki və mis emalı zavoduna ümumilikdə 25 milyon manat dövlətin güzəştli kreditləri verilmişdir.

Prezident İlham Əliyev mis emalı zavodunun fəaliyyətindən bəhs edən filmə baxdı.

Bildirildi ki, zavodda emal prosesi dünya standartlarına uyğun həyata keçiriləcəkdir. Burada mis katod lövhələrin elektroliz üsulu ilə, həm də hazır mis məmulatlarının ekoloji cəhətdən təmiz istehsalı təşkil olunacaqdır. Ümumi dəyəri 10 milyon manatdan çox olan zavodun tikintisinə İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit ayrılmışdır. Zavod elektroliz, mis qəbulu, ərinti və dik töküm sahələrindən ibarətdir.

Prezident İlham Əliyev zavodu işə saldı.

Qeyd olundu ki, müəssisə dünyada bu sahədə tanınan şirkətlərin müasir avadanlığı və texnologiyaları əsasında qurulmuşdur. Emal prosesi dörd mərhələdə həyata keçirilir. Daxili bazarın tullantı imkanlarını nəzərə alaraq ay ərzində orta hesabla 500 tona qədər tullantı qəbul edilir. İkinci mərhələdə ay ərzində 450 ton anod xammalı əldə olunur. Prosesə laboratoriyada ciddi nəzarət edilir. Nəticədə yüksək texnoloji təmizliyə malik mis katod lövhələr alınır. Bu lövhələrin mis tərkibi ən yüksək göstərici olan 99,99 faizə malikdir. İstehsal edilən məhsulun əsas sifarişçisi Sumqayıt Texnologiyalar Parkında yerləşən müəssisə və zavodlardır. Bu məhsuldan həmin müəssisələrdə yarımfabrikat kimi istifadə olunaraq müxtəlif ölçülü mis naqillərin və digər mis məmulatların istehsalı həyata keçirilir.

Prezident İlham Əliyev mis emalı sahəsi ilə tanış oldu.

Dövlət başçısına istehsal prosesi barədə məlumat verildi.

Diqqətə çatdırıldı ki, burada istehsal prosesi tamamilə avtomatlaşdırılmışdır ki, bu da hazır məhsulun keyfiyyətini təmin edir.

Bu texnologiyanın üstünlüyü ondadır ki, misin tərkibində oksigenin faizi minimum səviyyəyə gətirilir və nəticədə yüksək keyfiyyətə malik naqillər istehsal edilir. Bu üsulla hazırlanan mis naqillərin ötürücülük qabiliyyəti digər naqillərdən qat-qat yüksəkdir.

Qeyd edildi ki, bu məhsullara həm daxili, həm də dünya bazarında böyük tələbat vardır. Zavodda istehsal edilən 8 millimetrlik mis naqillərin əsas sifarişçisi hazırda yerli şirkətlərdir. Layihənin icrası nəticəsində 70 yeni iş yeri də yaradılmışdır.

Müəssisənin əhəmiyyətindən danışarkən qeyd edildi ki, müasir texnologiyalar və avadanlıq əsasında yaradılan zavod mis məmulatların idxalını aradan qaldıracaq, bu sahədə tələbatın yerli istehsal hesabına ödənilməsini təmin edəcəkdir. Digər tərəfdən xammal kimi tullantılardan istifadə edilməsi baxımından müəssisə ekoloji vəziyyətin daha da yaxşılaşdırılması ilə bağlı ölkədə həyata keçirilən tədbirlərə töhfə verəcəkdir. Ən əsası isə zavodun imkanlarının genişləndirilməsi, qəbul məntəqələrinin açılması hesabına yeni iş yerlərinin yaradılması istiqamətində də mühüm addım atılacaqdır.

 


 

İlham Əliyev Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Sumqayıtdakı Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında görülən irimiqyaslı abadlıq və yenidənqurma işlərinin gedişi ilə tanış olmuşdur.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Azərbaycan Prezidenti İlham Əliyevə məlumat verdi ki, 2011-ci ildən başlayaraq davam etdirilən işlər nəticəsində parkın 100 hektardan çox olan ərazisində əhalinin istirahətinin təmin olunması məqsədilə geniş tikinti işləri aparılmışdır.

Dövlət başçısına Bakı-Quba avtomagistralından şəhərin Koroğlu küçəsinədək yolun genişləndirilməsi planı ilə bağlı məlumat verildi. Bundan əlavə, Sumqayıtda inşa ediləcək “Yaşıl teatr”ın layihəsi təqdim olundu. Bildirildi ki, şəhərdə həyata keçiriləcək abadlıq və yenidənqurma işləri sırasında Nəsimi parkında sahilboyu yolun çəkilməsi də planlaşdırılır.

Prezident İlham Əliyev 20 Yanvar və Xocalı faciələrinə həsr olunan abidələrin layihəsinə də baxdı.

İndiyədək Nəsimi adına mədəniyyət və istirahət parkında bir çox iaşə obyektləri tikilmişdir və bu proses davam etdirilir. Xatırladaq ki, 1967-ci ildə yaradılan bu mədəniyyət və istirahət parkında o vaxtlar nadir ağac növləri əkilmiş və bu ənənə hazırda aparılan yenidənqurma işləri çərçivəsində qorunub saxlanır. 1978-ci ildən isə park dahi Azərbaycan şairi Nəsiminin adını daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il tarixli qərarı ilə bu mədəniyyət və istirahət parkı ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri siyahısına daxil edilmişdir.

 


 

 

 

.