Prezident tikinti işləri ilə tanış olmuşdur

1

 

 

İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Azərbaycan dünyada idman dövləti kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidir. Əlbəttə, belə bir qərarın qəbulunda ölkəmizdə dayanıqlı ictimai-siyasi sabitlik, sürətli iqtisadi inkişaf proseslərinin getməsi, Azərbaycanın dünyada nüfuzunun durmadan artması, respublikamızın müxtəlif mötəbər beynəlxalq idman tədbirlərinə ev sahibliyi etməsi və bu sahədə zəngin təcrübəyə malik olması mühüm rol oynamışdır. İdmanın inkişaf etdirilməsinə prioritet sahələrdən biri kimi böyük önəm verən dövlətimizin başçısının birbaşa göstərişi ilə paytaxtda və regionlarda ən müasir idman infrastrukturunun yaradılması istiqamətində ardıcıl işlər həyata keçirilir. Ölkəmizin bütün regionlarında Olimpiya İdman kompleksləri tikilib istifadəyə verilir. İdmançılara diqqət və qayğı artırılır. Azərbaycan idmançıları dünyanın ən mötəbər yarışlarında bir-birinin ardınca parlaq qələbələr əldə edirlər. Dünya çempionatlarında və Beynəlxalq Olimpiya yarışlarında qızıl medal qazanmış idmançılarımızın sayı ildən-ilə artır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ilk dəfə olaraq Azərbaycanda keçirilməsi məhz ölkəmizə beynəlxalq aləmdə inamın sübutudur.

Birinci Avropa Oyunlarının keçirilməsinə az vaxtın qalmasına baxmayaraq, ölkəmizdə bu mötəbər tədbirə hazırlıqla bağlı işlər yüksək səviyyədə həyata keçirilir. Respublikamızın paytaxtında da Su İdmanı Növləri Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi və digər belə mükəmməl infrastruktur obyektlərinin inşası davam etdirilir. Müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunun inşası da bu istiqamətdə görülən tədbirlərdən biridir. Orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaqdır.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev dövlətimizin başçısına ötən müddətdə layihə əsasında görülən işlər barədə ətraflı məlumat verdi.

Azərbaycan Prezidentinə stadionun müxtəlif görüntüləri təqdim edildi. Bildirildi ki, tikintidə ən müasir avadanlıq və inşaat materiallarından istifadə olunur.

Qeyd edildi ki, Bakı Olimpiya Stadionunun loqosu da mükəmməlliyi ilə diqqəti cəlb edir. Stadionun inşasında bu sahədə dünyada mövcud olan ən qabaqcıl təcrübədən istifadə edilir.

Diqqətə çatdırıldı ki, stadionun yerləşdiyi ərazi inşaat işləri üçün Azərbaycan Dövlət Neft Şirkətinin tikinti təşkilatları tərəfindən hazırlanmışdır. Layihənin icrasına 2012-ci ilin noyabrından başlanmışdır.

2011-ci ildə dövlətimizin başçısının iştirakı ilə təməli qoyulan və 70 min tamaşaçı tutumu olacaq Bakı Olimpiya Stadionu ən müasir standartlara uyğun inşa edilir. İndiyədək layihə çərçivəsində nəzərdə tutulan işlərin bir çox hissəsi həyata keçirilmişdir. Burada əsas stadion, məşqlər üçün köməkçi stadion və yardımçı bina inşa olunur. İdman obyektində əlil tamaşaçılar üçün də bölmələr nəzərdə tutulmuşdur. Stadionun layihəsi iqtisadi səmərəliliyi, müasirliyi, funksional baxımdan əlverişliliyi, paytaxtın memarlığına və irəli sürülən texniki şərtlərə maksimum uyğunluğu ilə seçilir. Beynəlxalq Olimpiya normativlərinə əsasən tamaşaçıların stadiona daha çox ictimai nəqliyyatdan istifadə etməklə gəlmələri nəzərdə tutulur.

Məlumat verildi ki, ərazidə avtomobillər üçün 3 min 100 yerlik park da yaradılacaqdır. Stadionun ətrafında əsaslı abadlıq və geniş həcmdə yaşıllaşdırma işləri aparılacaqdır.

Tikinti işlərinin gedişi ilə tanış olan Prezident İlham Əliyev müvafiq tapşırıq və tövsiyələrini verdi.

 


 

İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olmuşdur

Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasını tarixi layihə adlandıran Prezident İlham Əliyev onun ekoloji əhəmiyyətini yüksək qiymətləndirdi, müvafiq tapşırıq və tövsiyələrini verdi.

Prezident İlham Əliyev Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası ilə bağlı görülən işlərlə tanış olmuşdur.

2015-ci ilin iyununda tarixdə ilk dəfə reallaşacaq Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə əlaqədar paytaxt Bakıda bir sıra mühüm infrastruktur layihələri icra ediləcəkdir. Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpası da bu qəbildən olan tədbirlərdəndir. İlk Avropa Oyunlarına aid əksər tədbirlər Böyükşor gölünün şərq sahilində, hazırda tikilməkdə olan Bakı Olimpiya Stadionu kompleksində keçiriləcəkdir. Məhz bu ərazi çoxsaylı qonaqları, idmançıları və turistləri qəbul edəcəkdir. Bu baxımdan Böyükşor gölünün və ətraf ərazilərin ekoloji vəziyyətinin kompleks bərpasının mühüm əhəmiyyəti vardır. Bununla bağlı birinci mərhələnin bu tədbirlərdən öncə yekunlaşdırılması planlaşdırılır.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev görüləcək işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması və mühafizəsinin “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın Abşeron yarımadasının 9 gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər planı çərçivəsində həyata keçirilməsi nəzərdə tutulur. Gölün ekoloji bərpası ilə əlaqədar layihə iki mərhələdə olacaqdır. 2014-2015-ci illəri əhatə edəcək birinci mərhələdə gölün, Olimpiya Stadionunun inşa edildiyi yerin yaxınlığında yerləşən 300 hektara yaxın ərazisi bərpa olunacaqdır. Birinci mərhələdə gölün şimal hissəsinin tarixən neftlə çirklənmiş sahəsinin bənd vasitəsilə sahil xəttindən ayrılaraq təcrid olunması nəzərdə tutulmuşdur. Bununla da neftin, çirklənmiş suyun və üzən tullantıların axınının qarşısını almaq mümkün olacaqdır.

Ərazinin qərb sərhədini müəyyən edən altıxətli magistral şose şəklində layihələndirilmiş bənd isə bir tərəfdən Ziya Bünyadov prospekti, digər tərəfdən isə Balaxanı-Binəqədi şosesi ilə birləşdiriləcəkdir. Bu da öz növbəsində şəhər yol infrastrukturuna düşən yükü azaldacaqdır. Göl hissəsindəki yolun ümumi uzunluğu 1570 metr təşkil edəcəkdir. Gölə axıdılan çirklənmiş suların qarşısı alınacaq və dövriyyə zamanı çirklənmiş su Hövsan Aerasiya Stansiyasına istiqamətləndiriləcəkdir. Göldən çirklənmiş çöküntülərin çıxarılması və zərərsizləşdirilməsi, həmçinin gölün ətrafında hazırda mövcud olan qeyri-qanuni tullantı sahələrinin ləğv edilməsi planlaşdırılır. Gölün cənub sahilində çirkab suların qarşısı tamamilə alınacaq və burada geniş abadlıq-quruculuq işləri aparılacaq, park və yaşıllıqlar salınacaqdır. Gölün stadion istiqamətində çirklənmənin qarşısını almaq məqsədilə çirkab su kollektoru inşa olunacaqdır. Sahil xətti boyunca gəzinti bulvarının inşası və buradan stadion ərazisinə keçid nəzərdə tutulmuşdur.

Böyükşor gölünün tam bərpası üzrə ikinci mərhələ 2015-2020-ci illəri əhatə edəcəkdir. Bununla da göl öz təbii tarixi məcrasına qaytarılacaq, su səviyyəsi tənzimlənəcək və ekosistem bərpa olunacaqdır. Beynəlxalq ekspertlərin qiymətləndirmələrinə əsasən Böyükşor gölü dünyada ən mürəkkəb çirklənmiş göllərdən hesab edilir. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda göllərin bərpası üzrə tədbirlər planının olması Azərbaycan dövlətinin iqtisadiyyatın davamlı inkişafı, vətəndaşların sağlamlığı, onların sosial məsələlərinin həlli və ekoloji durumun yaxşılaşdırılması istiqamətində gördüyü işlərin ardıcıl xarakter daşımasının təsdiqidir.

 


 

İlham Əliyev paytaxtın Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda inşaat işlərinin gedişi ilə tanış olmuşdur

Prezident İlham Əliyev Bakıda yeni salınan Həsən Əliyev küçəsi-Ziya Bünyadov prospekti-Olimpiya Stadionu avtomobil yolunda görülən inşaat işlərinin gedişi ilə tanış olmuşdur.

Son illərdə paytaxtda və regionlarda çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair 2006-2015-ci illər üzrə Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə istismara verilir.

Prezident İlham Əliyevin Sərəncamı ilə Bakı şəhərində nəqliyyatın hərəkətinin tənzimlənməsi və yol infrastrukturunun təkmilləşdirilməsi layihələri üzrə də işlər uğurla icra olunur. Yeni yol qovşaqlarının, körpülərin, yeraltı və yürüstü keçidlərin inşası Bakıda tıxac probleminin aradan qaldırmasına və əhalinin rahatlığının təmin edilməsinə yönəldilmişdir. Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin malik olduğu iqtisadi qüdrətin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri bir reallığı da ortaya qoyur ki, son illər ərzində qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən paytaxtın yol nəqliyyat infrastrukturunun daha da müasir səviyyəyə çatdırılması istiqamətində məqsədyönlü və mühüm tədbirlər sırasına yenisi də əlavə edilir.

Prezident İlham Əliyevə yolun texniki göstəriciləri barədə ətraflı məlumat verildi. Bildirildi ki, paytaxtın Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq metronun “Koroğlu” stansiyasına qədər salınacaq yeni yolun uzunluğu 17 kilometrdir. Yolun bəzi hissəsi dörd, bəzi hissəsi isə altızolaqlı olacaqdır. Şəhərin bu istiqamətində mövcud yol əvvəllər dar olduğu üçün hərəkətin intensivliyinə əngəl törədirdi və tıxaclara səbəb olurdu. Yeni yol hazır olduqdan sonra bu istiqamətdə avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradılacaqdır. Yol boyu körpü, tunel və piyada keçidlərinin də inşası yüksək səviyyədə həyata keçiriləcəkdir.

Bildirildi ki, birinci mərhələdə yolun Həsən Əliyev küçəsinə qədər hissəsi hazır olacaqdır. İkinci mərhələdə isə Həsən Əliyev küçəsindən metronun “Gənclik” stansiyasına qədər olan hissəsi inşa ediləcəkdir. Dövlət Proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd metronun “Koroğlu” stansiyasına gələn bütün istiqamətlərdən həm şəhərin mərkəzinə, həm də Həsən Əliyev küçəsindən keçərək “Gənclik” stansiyası istiqamətinə qədər nəqliyyat əlaqəsini təmin etməkdir. Eyni zamanda, bu magistral yol birbaşa yeni inşa olunan Olimpiya Stadionu ilə də səmərəli və rahat nəqliyyat əlaqəsi qurmağa imkan verəcəkdir. Yeni avtomobil yolu, həmçinin Bakı qəsəbələrinin ölkənin beynəlxalq əhəmiyyətli magistralları ilə nəqliyyat əlaqəsinin asanlaşmasına kömək etməklə yanaşı, paytaxtın mərkəzi hissəsinin nəqliyyat yükünün azalmasına da öz təsirini göstərəcəkdir.

Dövlət başçısının tapşırığına uyğun olaraq respublikamızda, o cümlədən Bakı şəhərində yol-nəqliyyat sisteminin yenidən qurulması zamanı beynəlxalq standartlar və milli memarlıq ənənələrinin üzvi şəkildə uzlaşdırılması əsas götürülür. Bütün yeni qurğular yüksək keyfiyyəti və müasirliyi ilə diqqəti cəlb edir. Yeni yolun çəkilişi zamanı da bu ənənə gözləniləcəkdir.

Prezident İlham Əliyev respublikamızın paytaxtının dünyanın ən gözəl və rahat yaşayış şəraiti olan şəhərlərindən birinə çevrilməsini qarşıya prioritet vəzifələrdən biri kimi qoymuşdur. Son illər Bakının yol-nəqliyyat sisteminin dünyadakı qabaqcıl təcrübə əsasında yenidən qurulması da bu istiqamətdə ən vacib tədbirlərdəndir. Ötən illərin təcrübəsi göstərir ki, bu sahədə yüksək keyfiyyəti ilə diqqəti cəlb edən yenidənqurma tədbirləri ildən-ilə daha da geniş vüsət alır.

Prezident İlham Əliyev layihənin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verdi.