Prezident YAP-ın yeni binasının açılışında – FOTO

Mayın 18-də Bakıda Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

XALQ.AZ xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib. Qeyd edilib ki, binanın inşasına 2016-cı ilin iyununda başlanıb, bu ilin mayında isə başa çatdırılıb. Tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Burada ən müasir avadanlıq quraşdırılıb. Yeni binanın ümumi sahəsi 11 min kvadratmetrdir. Partiyanın yeni binası indi paytaxtımızın müasir və memarlıq baxımından göz oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlətimizin başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesindəki abidəsinin önünə gül dəstəsi qoyub.

Yeni Azərbaycan Partiyasının yeni binasında Heydər Əliyev muzeyi yaradılıb. Muzeydəki müxtəlif fotostendlər, əyani vəsaitlər ulu öndər Heydər Əliyevin siyasi irsinin və zəngin dövlətçilik fəaliyyətinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Burada ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı gördüyü işləri əks etdirən fotoguşələr var.

Prezident İlham Əliyev binada yaradılan şəraitlə yaxından tanış olub.

Məlumat verilib ki, ümumilikdə inzibati bina 50 otaq, müşavirə, konfrans və akt zallarından ibarətdir. Hər mərtəbədə iş otaqları ilə yanaşı, kiçik müşavirə zalları da var. Konfrans zalı 100 yerlikdir. Buradakı 268 yerlik böyük akt zalında respublika əhəmiyyətli və partiyanın fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub. Binadakı bütün otaqlarda səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də diqqətdə saxlanıb.

Belə ki, binada Azərbaycanda informasiya-kommunikasiya və proqram təminatı sahəsində 15 ildən artıq fəaliyyət göstərən yerli “CASPEL” şirkəti tərəfindən müasir, beynəlxalq tələblərə cavab verən infrastruktur qurulub, intellektual kamera-mühafizə sistemi təşkil edilib. Şirkət tərəfindən partiyanın bütün iş proseslərini, üzvlərin qeydiyyatını idarə edən proqram təminatı yazılıb və inzibati binanın bütün otaqları müasir kompüter, pereferiya avadanlığı ilə təchiz olunub. Eyni zamanda, Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatları vahid kommunikasiya məkanında birləşdirilib.

Qeyd edək ki, Azərbaycanın aparıcı siyasi qüvvəsi olan, milli maraqların müdafiəsi və təmin edilməsi istiqamətində uğurla fəaliyyət göstərən Yeni Azərbaycan Partiyasının yaranmasından artıq 26 il ötür. Partiya bu gün ölkə həyatının bütün sahələrində yaxından iştirak edir, respublikamızın tərəqqisinə mühüm töhfələr verir. Partiya Azərbaycanın müasir və dinamik inkişaf edən ölkə kimi nüfuzunun daim artmasında mühüm rol oynayır, ümummilli lider Heydər Əliyevin ideya və arzularını yüksək səviyyədə həyata keçirir.

Son illərdə keçirilən prezident və parlament seçkilərində böyük səs çoxluğu ilə qalib gələn Yeni Azərbaycan Partiyası Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi kimi Azərbaycan cəmiyyətində yüksək etimad, hörmət və nüfuz qazanıb. Hazırda Yeni Azərbaycan Partiyası öz sıralarında 700 mindən çox üzvü birləşdirir. Onların 38 faizini gənclər, 47 faizini isə qadınlar təşkil edir. Partiyanın Gənclər Birliyi və Qadınlar Şurası da təşkilatın aparıcı qüvvəsi kimi ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.


Mayın 18-də Yeni Azərbaycan Partiyasının yeni inzibati binasının açılışı olub.

XALQ.AZ xəbər verir ki, prezident İlham Əliyev açılışda iştirak edib.

Dövlət başçısı yeni inzibati binanın rəmzi açılışını bildirən lenti kəsib, burada yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin binanın foyesində ucaldılmış abidəsi önünə gül dəstəsi qoyub.

Yeni Azərbaycan Partiyası sədrinin müavini–icra katibi Əli Əhmədov binada yaradılan şərait barədə dövlətimizin başçısına məlumat verib.

Orxan