Prezidentin Akademiya yaradılması haqqında Sərəncamı

prezident

 

Azərbaycan Respublikasında xoreoqrafiya sənəti ənənələrinin qorunması və inkişaf etdirilməsi zərurətini nəzərə alaraq, bu sahə üzrə yüksəkixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumi, orta ixtisas və ali təhsil proqramlarını həyata keçirən Bakı Xoreoqrafiya Akademiyası yaradılsın.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aidiyyəti qurumlarla birlikdə bu Sərəncamın 1-ci hissəsində qeyd olunan Bakı Xoreoqrafiya Məktəbinin binasının yerləşdiyi sahədə Bakı Xoreoqrafiya Akademiyası binasının tikilməsi, zəruri avadanlıqlarla təchiz edilməsi ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Bakı Xoreoqrafiya Akademiyasının nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2014-cü il.