Prezidentin fərdi təqaüdü və mükafatları təqdim edildi — FOTO

Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən mədəniyyət xadimlərinə Prezidentin fərdi təqaüdlərinin, incəsənət xadimlərinə isə Prezident mükafatlarının verilməsi ilə bağlı təqdimat mərasimi keçirilib.

 

XALQ.AZ xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən mədəniyyət naziri Əbülfəs Qarayev əvvəlcə bu gün Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü olduğunu xatırladaraq ümummilli liderin həyatı, fəaliyyəti haqqında danışıb.

Ə.Qarayev bildirib ki, hər hansı bir sahənin inkişafı haqqında danışanda mütləq Heydər Əliyevin bu sahəyə verdiyi töhfələr qeyd edilməlidir.

Yenidən nazir təyin olunduğu üçün prezident İlham Əliyevə göstərdiyi etimada görə təşəkkürünü bildirən Ə.Qarayev bunun böyük bir məsuliyyət olduğunu vurğulayıb.

Ə.Qarayev deyib ki, Heydər Əliyevin doğum günündə Azərbaycan mədəniyyət və incəsənəti üçün töhfələr vermiş insanları mükafatlandırmaq mühüm bir addımdır: “Bu gün prezident tərəfindən mədəniyyət və incəsənət xadimlərinə verilən qiymət  Azərbaycan mədəniyyətinə  göstərilən diqqət, qayğıdır. Artıq Azərbaycan mədəniyyəti ölkə hüdudlarını aşaraq beynəlxalq səviyyədə  tanınır”.

Ə.Qarayev nazir kimi bütün mədəniyyət işçilərinə dəstək olacağına dair söz verib: “Azərbaycan  xalqının mədəniyyətini qoruyaraq gələcək nəsillərimizə ötürəcəyik, bu işdə hər kəsə uğurlar  arzulayıram”.

Daha sonra isə mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim edilib.

 

 

Orxan

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir