Prezidentin muharibə veteranları haqqında Sərəncamı

prezident

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 69-cu ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 700,0 (yeddi yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına 300,0 (üç yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.
2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:
2.1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 7,6 milyon (yeddi milyon altı yüz min) manat ayrılsın;
2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etsin;
2.3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2014-cü il.

 

******

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 2 iyul tarixli 2320 nömrəli Sərəncamının 1-ci hissəsində təsbit edilmiş Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 2014-cü il may ayının 1-dən artırılaraq 100,0 (yüz) manat müəyyən edilsin və həmin hissədə “55 (əlli beş)” sözləri “100 (yüz)” sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2014-cü il.

*****

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan, xüsusi nəqliyyat almaq üçün tibbi göstəriş əsasında 2014-cü ilədək növbəyə durmuş şəxslərin dövlət tərəfindən pulsuz verilən xüsusi avtonəqliyyatla tam təmin olunması üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 3,5 milyon (üç milyon beş yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2014-cü il.