Prezidentin Naxçıvan haqqında Sərəncamı

prezident

 

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanın ən qədim məskənlərindən olan, çoxəsrlik dövlətçilik ənənələrinə malik Naxçıvan böyük tarixi keçmişindən güc alaraq ötən dövrlər ərzindəki bütün mürəkkəblikləri layiqincə dəf etmiş və artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur.
Muxtar Respublika kimi bu il özünün 90 yaşını qeyd edən diyarın xüsusən son illərdə sosial-iqtisadi və elmi-mədəni həyatı əhəmiyyətli dərəcədə müsbət irəliləyişlərlə səciyyələnir. Hazırda burada bir sıra irimiqyaslı infrastruktur layihələri uğurla həyata keçirilmiş, elektrik stansiyaları, idman kompleksləri, təhsil, səhiyyə, mədəniyyət və turizm obyektləri inşa olunmuş, yeni yollar çəkilmiş və istehsal müəssisələri yaradılmış, yaşayış məntəqələrində milli və müasir memarlığın nailiyyətlərini vəhdətdə əks etdirən binalar ucaldılmış, meydanlar, istirahət bağları və parkları salınmış, tarixi abidələr bərpa edilmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Naxçıvan Muxtar Respublikasında tarixi-mədəni irsin və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsi və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

  1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi üçün Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 5,0 (beş) milyon manat ayrılsın.
  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 aprel 2014-cü il.