Prezidentin Neftçala haqqında Sərəncamı

Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının yerinə yetirilməsi sahəsində son 10 ildə Neftçala rayonunda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, Mədəniyyət və incəsənət sarayı, şahmat məktəbi əsaslı təmir olunmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, yeni istehsal müəssisələri yaradılmış, 24 kənddə sutəmizləyici qurğular quraşdırılmış, avtomobil yolları çəkilmiş, parklar salınmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Neftçala şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Neftçala rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Neftçala Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 sentyabr 2013-cü il.