Prezidentin Quba haqqında Sərəncamları

Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Quba rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilmiş, əsas kapitala yönəldilmiş investisiya 39 dəfə, o cümlədən tikinti quraşdırma işləri 45 dəfə artmış, Quba şəhərinin su təchizatı sistemi yenidən qurulmuş, “Şahdağ” Modul tipli Elektrik Stansiyası, Müalicə Diaqnostika Mərkəzi, Olimpiya İdman Kompleksi, “Soyqırımı Memorial Kompleksi”, “Yaşıl” Teatr Kompleksi, Gənclər Mərkəzi, Şahmat məktəbi, Avtovağzal Kompleksi, əlil və şəhid ailələri üçün ümumilikdə 118 mənzilli 4 yaşayış binası inşa edilmiş, ən müasir tələblərə cavab verən turizm, təhsil, mədəniyyət obyektləri istifadəyə verilmiş, körpülər salınmış, yeni yollar çəkilmiş, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Quba şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Quba rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Quba Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2013-cü il.


Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Quba şəhərində Quba Rayon Mərkəzi Xəstəxanasının tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2013-cü il.

 


 

Quba rayonunun Quba-Qonaqkənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Altmış səkkiz min nəfər əhalinin yaşadığı 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 23 sentyabr 2013-cü il.