Prezidentin Saatlı rayonu haqqında Sərəncamı

prezident

 

Azərbaycan Prezidenti İlham Əliyev Saatlı rayonunun Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, sərəncamda deyilir:

“1. On iki min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Saatlı-Musalı-Dəlilər-Novruzlu avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 3,8 milyon (üç milyon səkkiz yüz min) manatı “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

  2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.


Prezidentin digər sərəncamı ilə Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmirinə pul ayrılıb:

“1. Saatlı rayonunda çoxmənzilli binaların əsaslı təmiri işlərinin həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Saatlı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

  1. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin”.