Prezidentin Yevlax rayonu haqqında Sərəncamları

Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının icrası nəticəsində Yevlax şəhərində əsaslı infrastruktur layihələri həyata keçirilmiş, ən müasir tələblərə cavab verən Hava Limanı, Avtovağzal kompleksi, Gənclər evi, Tarix-Diyarşünaslıq Muzeyi, mühüm səhiyyə müəssisələri, o cümlədən Mərkəzi Rayon, Uşaq, Regional Vərəm xəstəxanaları, əlil və şəhid ailələri üçün ümumilikdə 116 mənzilli 5 yaşayış binası inşa edilmiş, 6 min yerlik şəhər stadionu, Şahmat məktəbi yenidən qurulmuş, təhsil və digər sosial yönümlü obyektlər istifadəyə verilmiş, Kür çayı sahilində “Bulvar” salınmış, 21 kənddə sutəmizləyici qurğular quraşdırılmış, istehsal müəssisələri yaradılmış, 15 mindən çox yeni iş yerləri açılmış, avtomobil yolları çəkilmiş, geniş abadlıq-quruculuq işləri görülmüşdür.

“Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda şəhər üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsinin sürətləndirilməsi, abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Yevlax şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Yevlax Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2013-cü il.

 


 

Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycanda idmanın inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsinin vacibliyini və əhalinin müraciətlərini nəzərə alaraq Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

  1. Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisinə başlamaq üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

  2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 sentyabr 2013-cü il.