Prezident və xanımı Mingəçevirdə-Fotolar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevir şəhərinə səfərə gəliblər.

Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzindəki abidəsi önünə gül dəstəsi qoydular.

Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Mingəçevirdə görülən abadlıq-quruculuq işləri barədə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi.

 


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 424 MVt gücündə Mingəçevir Su Elektrik Stansiyasının əsaslı yenidənqurmadan sonra istismara verilməsi mərasimində iştirak edib.

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, son illər Azərbaycanda energetika sahəsində çox mühüm layihələr icra olunub. Bu istiqamətdə həyata keçirilən işlər müsbət nəticəsini verməkdədir. Energetika sahəsinin inkişafı ilə bağlı görülən işlər arasında müxtəlif gücə malik yeni elektrik stansiyalarının yaradılması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasını göstərmək olar. Bu sahədə aparılan islahatlar nəticəsində elektrik stansiyaları həm texniki, həm də görünüş baxımından müasirləşir, onların gücü artırılır. Son 14 ildə ölkədə 30 yeni elektrik stansiyası tikilərək istismara verilib, mövcud generasiya müəssisələri yenidən qurularaq modernləşdirilib. Elektrik enerjisinin istehsal potensialı ölkədaxili tələbatı tam ödəməklə yanaşı, ixrac imkanı da yaradıb.

Azərbaycanın enerji təminatında Mingəçevir Su Elektrik Stansiyasının xüsusi yeri və çəkisi var. Son dövrlərdə stansiyanın müasir tələblər səviyyəsinə çatdırılması və texniki cəhətdən müasirləşdirilməsi istiqamətində olduqca mühüm işlər görülüb. Mingəçevir Su Elektrik Stansiyası uzun illər Azərbaycan əhalisinin və ölkə iqtisadiyyatının elektrik enerjisinə tələbatının ödənilməsində mühüm rol oynayıb. Hələ 1941-ci ildə bu stansiyanın tikintisi və 1945-ci ildə birinci növbəsinin istismara verilməsi barədə qərar qəbul edilib. Lakin İkinci Dünya müharibəsinin başlanması tikinti işlərinin təxirə salınmasına səbəb olub. Nəhayət, 1945-ci ildə Mingəçevir su qovşağının və onun üzərində elektrik stansiyasının tikintisinə başlamaq mümkün olub. 1951-ci ildə burada ilk aqreqat istifadəyə verilib. Tikinti işləri isə 1955-ci ildə tamamlanıb. Beləliklə, Mingəçevir Su Elektrik Stansiyası 360 meqavat tam gücü ilə işə salınıb. Tənzimlənən su qovşağı illik orta su axını 12,5 milyard kubmetr olduqda ildə 1,4 milyard kilovat-saat elektrik enerjisi istehsal edilməsinə, 1,2 milyon hektar məhsuldar torpağın suvarılmasına və balıqçılığın inkişafına imkan verib. Su qovşağına yuyulma üsulu ilə yaradılan torpaq bənd, Su Elektrik Stansiyasının suqəbuledicisi, suburaxıcıları, baş bina, elektrotexniki qurğular, Yuxarı Qarabağ və Yuxarı Şirvan suvarma kanallarının suqəbulediciləri daxildir. Stansiyanın su anbarı öz tutumuna görə uzunmüddətli istifadə üçün kifayət qədər su ehtiyatına malikdir.

Diqqətə çatdırıldı ki, müstəqillik illərində Mingəçevir Su Elektrik Stansiyasında yenidənqurma işlərinin aparılmasına ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə başlanılıb. Bu prosesin davamı olaraq, 2010-2017-ci illərdə burada əsaslı yenidənqurma işləri həyata keçirilib. Stansiyada maşın zalının aşağı səviyyəsində yerləşən və işçi heyətin təhlükəsizliyi baxımından standartlara uyğun olmayan idarəetmə mərkəzi müasir tələblərə tam cavab verən yeni idarəetmə mərkəzi ilə əvəz edilib.

Mərkəzin binasında ulu öndər Heydər Əliyevin büstü qoyulub.

Hidroaqreqatlarda və stansiyanın yarımstansiyalarında quraşdırılmış lokal idarəetmə sistemləri stansiyanın mərkəzi idarəetmə sistemi ilə inteqrasiya olunub və enerji sistemi mərkəzi idarəetmə sistemi ilə birbaşa əlaqələndirilib.

Dövlətimizin başçısı Mingəçevir Su Elektrik Stansiyasını əsaslı yenidənqurmadan sonra işə saldı.

Bildirildi ki, istismara yararsız iki turbin və generator görülən işlər çərçivəsində gücü 71,5 meqavat olan turbin və generatorla əvəz edilib. 200 meqavat gücündə avtotransformator quraşdırılıb, gərginlikləri 330, 220 və 110 kV olan yarımstansiyalar yerli idarəetmə sistemləri ilə birlikdə yenidən tikilib istismara verilib. Bu yarımstansiyaların dayanıqlı istismarını və onların bir-biri ilə, eyni zamanda, stansiya ilə əlaqələrini təmin etmək üçün 100 kilometrdən artıq güc, nəzarət və ölçü kabelləri çəkilib. Görülən işlər nəticəsində stansiyanın gücü 284 meqavatdan 424 meqavata çatdırılıb. Burada, həmçinin müasir tələblərə cavab verən yeni inzibati bina inşa edilib, aşağı gərginlikli paylayıcı qurğular və sabit cərəyan avadanlıqları tamamilə dəyişdirilib. Suqəbuledici qurğuda 6 dəst sipər və onların hidravlik qaldırıcıları bütün avadanlığı ilə birlikdə yeni avtomatik tənzimlənən hidravlik qaldırıcılarla əvəz olunub. Stansiyada 6 dəst işçi sipər, 4 dəst təmir sipəri və 3 xüsusi qaldırıcı kran əsaslı təmir edilib, 5300 millimetr diametrli 4 disk bağlayıcısı yeniləri ilə əvəzlənib. Stansiyanın maşın zalında əsaslı təmir-bərpa işləri aparılıb.

Mingəçevir Su Elektrik Stansiyası quraşdırılmış hidroaqreqatların manevr imkanlarına, tənzimlənmə diapazonuna və xarakteristikalarına görə tezliyin tənzimlənməsinin standartla müəyyən edilmiş normalar çərçivəsində aparılmasını təmin edən yeganə elektrik stansiyasıdır. Hazırda burada 130 işçi çalışır.

Ərazidə genişmiqyaslı abadlıq işləri həyata keçirilib, 5 mindən çox ağac əkilib, 15 min kvadratmetr sahəyə asfalt döşənib.

 


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsi mərasimində iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində görülən işlər barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində “Mingəçevir şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına 2011-ci ilin oktyabrında başlanıb. Dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilən layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Mingəçevir şəhərində 151 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb.

Şəhəri içməli su ilə təmin etmək üçün mənbə olaraq Mingəçevir su anbarı seçilib və onun yaxınlığında müasir sutəmizləyici qurğunun inşası layihələndirilib. İlkin mərhələdə burada təbii şəraitdə durulan suyun təmizləyici qurğuya ötürülməsi məqsədilə göldən təmizləyici qurğuya diametri 800 millimetr olan borularla 720 metr uzunluğunda əsas daşıyıcı kəmər inşa edilib. Təmizləyici qurğunun yeri elə seçilib ki, göldə suyun səviyyəsi minimum həddə düşəcəyi halda da buradan qurğuya su özüaxımlı rejimdə ötürüləcək. İstehlakçıların keyfiyyətli içməli su ilə təmin edilməsi üçün məhsuldarlığı sutkada 55 min kubmetr və ya saniyədə 636 litr olan müasir tipli qum süzgəcli təmizləyici qurğu tikilib. Burada suyun təmizlənməsi heç bir kimyəvi reagentlərdən istifadə olunmadan aparılır və onun keyfiyyət göstəriciləri Dünya Səhiyyə Təşkilatının standartlarına tam cavab verir. Burada emal prosesi tam avtomatlaşdırılıb və SCADA sistemi ilə vahid mərkəzdən idarə olunur. Tam qapalı rejimdə işləyən qurğuda suyun giriş və çıxış parametrlərinə sensorların köməyi ilə avtomatik nəzarət olunur. Təmizlənmiş suyun relyef baxımından yüksəklikdə yerləşən anbara ötürülməsi məqsədilə məhsuldarlığı saatda 2100 kubmetr olan nasos stansiyası quraşdırılıb. Suyun optimal idarə olunması və özüaxımlı rejimdə paylanması məqsədilə dəniz səviyyəsindən 85 metr yüksəklikdə tutumu 10 min kubmetr olan su anbarı inşa edilib. Hazırda qurğuda təmizlənmiş su bu anbara ötürülərək özüaxımlı rejimdə şəhər şəbəkəsinə verilir. Gələcəkdə bu qurğudan Yevlax şəhərinə və əhalisi 8500 nəfər olan 7 kəndə içməli suyun verilməsi nəzərdə tutulur. Bu məqsədlə Mingəçevir su anbarından Yevlax şəhərinə 35 kilometr uzunluğunda yeni magistral kəmərin və hər birinin tutumu 5 min kubmetr olan iki anbarın tikintisi layihələndirilib. Artıq magistral kəmərin Kür çayının keçidinə qədər olan 2,8 kilometrlik hissəsi tikilərək hazır vəziyyətə gətirilib.

Qeyd olundu ki, layihə çərçivəsində Mingəçevir şəhərində 344 kilometr uzunluğunda içməli su şəbəkəsinin inşası tam başa çatdırılıb, 30 min 211 abonentin 14 mindən çoxu sayğacla təmin olunub. Sayğaclaşdırma işləri davam etdirilir. Hazırda şəhər əhalisi yeni qurğuda təmizlənən və yeni çəkilmiş şəbəkə vasitəsilə keyfiyyətli içməli su ilə təmin olunur.

Məlumat verildi ki, şəhərdə layihələndirilmiş 236 kilometr uzunluğunda kanalizasiya şəbəkəsinin 103 kilometrlik hissəsi və 21 kilometr uzunluğunda kanalizasiya kollektoru inşa edilib. Tullantı sularının optimal idarə olunması məqsədilə ilkin mərhələdə kanalizasiya şəbəkəsi üzərində məhsuldarlığı saatda 1300 kubmetr olan üç nasos stansiyası quraşdırılıb və işlək vəziyyətə gətirilib. Gələcəkdə şəbəkə üzərində müxtəlif nöqtələrdə məhsuldarlığı saatda 3256 kubmetr olan dörd yeni kanalizasiya nasos stansiyasının inşası da nəzərdə tutulur. Mingəçevir şəhərində yaranacaq tullantı suları Yevlax rayonunun Hacıselli kəndi ərazisində inşası nəzərdə tutulan və məhsuldarlığı sutkada 60 min kubmetr olacaq qurğuda təmizlənərək kənarlaşdırılacaq. 2015-ci ildə Azərbaycanda keçirilən birinci Avropa Oyunlarına hazırlıq çərçivəsində Mingəçevir şəhərində 41 kilometr içməli su, 30 kilometr kanalizasiya xətləri, üç kanalizasiya nasos stansiyası inşa olunub. Bu nasos stansiyaları hesabına Kür çayının sol sahilində 13, sağ sahilində isə 8 nöqtədə təmizlənmədən çaya axıdılan tullantı sularının qarşısı alınıb.

Bildirildi ki, Mingəçevir şəhərinin ilk mərkəzləşdirilmiş içməli su təchizatı və kanalizasiya sistemləri 1950-1960-cı illərdə mərhələlərlə yaradılıb. Şəhərin içməli su təchizatı Mingəçevir su anbarı, Kür çayı və Qarabağ kanalı hesabına aparılırdı. Şəhərdə mövcud olmuş 175 kilometr uzunluğunda içməli su şəbəkəsi bütün istehlakçıları əhatə etmirdi və istismara yararsız vəziyyətə düşmüşdü. İçməli su fasilələrlə verilirdi. Əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyirdi. Mingəçevirdə mövcud olmuş kanalizasiya şəbəkəsi də şəhəri tam əhatə etmirdi və uzun müddət istismar olunaraq yararsız vəziyyətə düşmüşdü. Məhsuldarlığı sutkada 15 min 300 kubmetr olan tullantı sutəmizləyici qurğunun fəaliyyəti 1985-ci ildən dayandırılıb.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin içməli su təchizatı sisteminin istismara verilməsini bildirən düyməni basdı.

 


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev Prezident İlham Əliyevə Avtomatik İdarəetmə və Nəzarət Mərkəzinin fəaliyyəti və burada yaradılan şərait barədə məlumat verdi.

Azərbaycanın regionlarının elektrik təsərrüfatında silsilə və kompleks yenidənqurma tədbirləri uğurla davam etdirilir. Bu tədbirlər, ilk növbədə, elektrik enerjisinə tələbatın ödənilməsinə, rayonların elektrik enerjisi ilə təchizatının əsaslı şəkildə yaxşılaşdırılmasına, elektrik şəbəkələrində yüklənmələrin azalmasına, texniki itkilərin minimuma endirilməsinə imkan yaradıb. Hazırda respublikamızın bölgələrindəki energetika qurğuları həm müasir görünüşü, həm də texniki üstünlükləri ilə əvvəlkilərdən qat-qat üstündür. Bütün bu yeniliklər regionların sosial-iqtisadi inkişafına əsaslı töhfələrdir. Aparılan yenidənqurma tədbirləri elektrik enerjisinə durmadan artan tələbatın ödənilməsində də mühüm rol oynayır. Paylayıcı şəbəkələrin müasirləşdirilməsi gündən-günə sürətlənir və daha geniş ərazini əhatə edir. Ötən əsrin 60-cı illərindən istismarda olan və tamamilə yararsız vəziyyətə düşən elektrik təsərrüfatında hazırda, sözün həqiqi mənasında, inqilabi dəyişikliklər aparılır. Yeni qurğular təkcə rayon mərkəzləri və iri yaşayış məntəqələrinin deyil, eləcə də ətraf kəndlərin elektrik enerjisi ilə etibarlı təchizatında böyük rol oynayır. “Azərişıq” regionlarda sənaye və aqrar bölmənin, eləcə də turizmin inkişafı üçün nəzərdə tutulan tədbirlərin dolğun həyata keçirilməsinə hərtərəfli dəstək vermək üçün silsilə işlər görür. Reallıq göstərir ki, kommunal xidmətlərin inkişafına dair bu quruma aid üç strateji hədəf, üç prioritet istiqaməti əhatə edən 11 tədbir üzrə işlər maksimum diqqətdə saxlanır. Aparılan yenidənqurma tədbirləri qarşıdakı on il üçün müəyyənləşdirilən elektrik enerjisinə tələbatın proqnozuna və dinamikasına, yəni, “Azərişıq” ASC üzrə 2015-2025-ci illəri əhatə edən fəaliyyət planına uyğun həyata keçirilir.

Bildirildi ki, Avtomatik İdarəetmə və Nəzarət Mərkəzində elektrik enerjisinin alış nöqtəsindən istehlak nöqtəsinə qədər bütün mərhələlərdə şəbəkənin idarə olunması, balansın real vaxt rejimində və texnoloji itkilər müəyyənləşdirilərək təhlil edilməsi, qabaqlayıcı tədbirlərin görülməsi, sayğacların oxunması, fider və xətlər üzrə yük parametrlərinin virtual arxivləşdirilməsi, elektron xəritə vasitəsilə abonentlərin müraciətlərinə əsasən texniki şərtlərin verilməsi, istehlakçıların elektrik şəbəkəsinə qoşulması haqda sənədlərin hazırlanması işləri həyata keçiriləcək. Bundan başqa, mərkəz yüksək və aşağı gərginlikli şəbəkələrdə fasiləsiz və keyfiyyətli elektrik enerjisinə nəzarətin təmin edilməsində, sərfiyyat göstəricilərinin monitorinqində, elektrik şəbəkələrində açılma və qoşulmaların real vaxt rejimində qeydiyyatının aparılmasında müstəsna rol oynayacaq.

Mərkəzdə işçilərin səmərəli fəaliyyəti üçün elektroenergetika sahəsinin avadanlıqla yanaşı, nəzarət-monitorinq, avtomat idarəetmə, həmçinin enerji satışı, qəza və müştəri xidmətləri üçün xüsusi otaqlar yaradılıb. “Azərişıq” ASC-nin Mərkəzi Aran Regional Elektrik Təchizatı və Satış İdarəsi də ötən müddətdə Mingəçevir, Bərdə, Tərtər, Yevlax, Kürdəmir, Ağdaş, Naftalan, Goranboy, Ucar, Ağsu, Göyçay şəhər və rayonları üzrə 1 milyon 200 min nəfər əhalini əhatə edən 261 min abonentə xidmətin səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər reallaşdırıb. Ağsu rayonunda 110 kilovoltluq 3 və Ağdaş rayonunda 35 kilovoltluq 8 yarımstansiya tikilib, 490 yeni transformator məntəqəsi quraşdırılıb, 5700 transformator məntəqəsi əsaslı təmir olunub. Həmçinin 10,2 kilometr 110 kilovoltluq, 127 kilometr 35 kilovoltluq, 870 kilometr 6-10 kilovoltluq, 710 kilometr 0,4 kilovoltluq hava xətləri, 2300 kilometr özünüdaşıyan izolyasiyalı naqillər çəkilib. Habelə 11 min yeni sayğac quraşdırılıb və 51 min sayğac yenisi ilə əvəz edilib. Görülmüş işlər nəticəsində texniki itkilər 13,5 faizdən 11,1 faizə enib, elektrik enerjisinin satışında yığım 65,5 faizdən 94,1 faizə yüksəlib.

Prezident İlham Əliyev Mingəçevir şəhərinin elektrik paylayıcı şəbəkəsinin Avtomatik İdarəetmə və Nəzarət Mərkəzini işə saldı.

Sonda xatirə şəkli çəkdirildi.

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 27-də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulan 26 kilometrlik Aran-Qarağacı hissəsinin açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov yolun texniki göstəriciləri və görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verdi.

Azərbaycanda yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi, yeni körpülərin və yolayrıcılarının tikilməsi, magistral yolların salınması sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin nümayişi baxımından da mühüm əhəmiyyət kəsb edir. Regionlarda yol-nəqliyyat infrastrukturunun daha da müasirləşdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Hazırda respublikamızda kənd yollarının inşası və yenidən qurulması geniş vüsət alıb. Rəmzi “40 yol” layihəsinin həyata keçirilməsi məqsədilə dövlət büdcəsindən və Prezidentin ehtiyat fondundan kifayət qədər vəsait ayrılır. Bununla yanaşı, ölkənin əsas yolları da müasir səviyyədə yenidən qurulur. Görülən işlər yüksək keyfiyyətlə, həm də qısa müddətdə icra olunur. Azərbaycanda həyata keçirilən yol layihələri avtomobillərin hərəkətinin təhlükəsizliyinə zəmin yaratmaqla, həm də kənd təsərrüfatının inkişafına təkan verir, məhsulun tez bir zamanda istehsalçıdan istehlakçıya çatdırılmasına hərtərəfli şərait yaradır. Ümumilikdə bu layihələr hər bir vətəndaşın sosial rifah halına müsbət təsir göstərir və bölgələrimizin müxtəlif istiqamətlər üzrə potensialını nümayiş etdirir. Bu istiqamətdə icra olunan layihələrdən biri də Mingəçevir-Bəhramtəpə avtomobil yolunun əsaslı şəkildə yenidən qurulmasıdır.

Bildirildi ki, yolun ümumi uzunluğu 26 kilometr, eni isə 12 metrdir. Üçüncü texniki dərəcəli yol iki hərəkət hissəlidir. Hərəkət hissələrinin hər birinin eni 3,5 metrdir. Layihə çərçivəsində iki yeni körpü və beş yeraltı keçid inşa olunub, 53 boru quraşdırılıb. İşlərin yüksək keyfiyyətlə həyata keçirilməsi üçün yolun yenidən qurulması zamanı Avtomobil Yolları Dövlət Agentliyi bütün qüvvəsini səfərbər edib. İnşaat işləri texniki ardıcıllığa uyğun aparılıb. Mingəçevir-Bəhramtəpə avtomobil yolu respublikamızın regionları, o cümlədən Yevlax, Bərdə, Beyləqan rayonları arasında iqtisadi əlaqələrin, həmçinin turizmin və regionların sosial-iqtisadi inkişafı, nəqliyyat xərclərinin azaldılması baxımından mühüm əhəmiyyətə malikdir. Bütün bu xüsusiyyətlərlə yanaşı, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini əlaqələndirən bir magistral olmaqla tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında da bu yolun mühüm rolu var. Beləliklə, ölkədə yol infrastrukturunun müasirləşdirilməsi istiqamətində əsaslı dəyişikliklərin yer aldığı prosesi hər bir vətəndaş öz həyatında hiss edir.

 


Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında “Mingəçevir Tekstil” MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

Azərbaycanda qeyri-neft sənayesinin davamlı inkişafında, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradılması, istehsal prosesinin təşkilində infrastruktur xərclərinin azaldılması, sahibkarlar arasında kooperasiya əlaqələrinin gücləndirilməsi, məşğulluqda sənayenin xüsusi çəkisinin artırılmasında sənaye parkları və sənaye məhəllələri mühüm əhəmiyyət kəsb edir. Belə sənaye parklarından biri də yeni yaradılan Mingəçevir Sənaye Parkıdır. 2016-cı il sentyabrın 21-də təməli qoyulmuş Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab, ayaqqabı və tibbi kosmetika istehsalı üzrə 9 fabrikin yaradılması qərara alınıb. Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammal təchizatının davamlılığını və etibarlılığını təmin etmək üçün ardıcıl tədbirlər görülür. Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılığın inkişafı ilə bağlı aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq imzalanmış fərman və sərəncamlar, pambıqçılığın inkişafı məsələlərinə dair keçirilmiş respublika müşavirələri, qəbul olunmuş Dövlət Proqramı, bu sahə üzrə müxtəlif dəstək və təşviq mexanizmlərinin tətbiq edilməsi pambıqçılığın inkişafı üçün əlverişli şərait yaradıb. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə pambıq istehsalı 2016-cı ilə nisbətən 2,3 dəfə artaraq 207,5 min tona çatıb. Hazırda respublikada illik istehsal gücü 24,6 min ton olan 6 iplik fabriki fəaliyyət göstərir. Lakin pambıqçılığın sürətlə inkişafı, innovativ texnologiyaların tətbiqi və yüksək məhsuldarlığın əldə olunması nəticəsində qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal sahələrinin təşkilinə ehtiyac yaranıb. Mingəçevir Sənaye Parkının ərazisində 14,5 hektar sahədə yaradılmış “Mingəçevir Tekstil” Məhdud Məsuliyyətli Cəmiyyətinin iki iplik istehsalı fabriki də belə müəssisələrdəndir.

Dövlətimizin başçısı pambıq-poliester fabrikini işə saldı.

İqtisadiyyat naziri Şahin Mustafayev və layihə rəhbəri Mehriban Axundova dövlətimizin başçısına və xanımına məlumat verdilər ki, ümumi dəyəri 144 milyon manat olan fabriklərin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit verilib. Müasir texnologiyalar əsasında yaradılmış fabriklər Almaniya, İsveçrə, İspaniya və Yaponiyanın aparıcı şirkətlərinin avadanlığı ilə təchiz edilib.

Məlumat verildi ki, fabriklərdə pambıq mahlıcından ildə 10 min tonu “Ring”, 10 min tonu isə “Open End” üsulu ilə olmaqla, ümumilikdə 20 min ton müxtəlif cür iplik istehsalı nəzərdə tutulur. “Ring” üsulu ilə istehsal edilən pambıq–poliester iplik daha zərif və yumşaq olduğu üçün uzun lifli pambıqdan alınır və daha bahalıdır. Bu məhsuldan əsasən köynək istehsal olunacaq.

Dövlətimizin başçısı və xanımı işçilərlə xatirə şəkli çəkdirdilər.

Daha sonra Prezident İlham Əliyev “Open End” üsulu ilə iplik istehsalı müəssisəsini işə saldı.

Bildirildi ki, “Open End” üsulu ilə alınan iplik daha kobud olduğundan əsasən cins və digər geyimlərin istehsalında istifadə olunur. Bu cür müəssisələrin istifadəyə verilməsi ölkədə toxuculuq sənayesinin inkişafına, yerli istehsal müəssisələrinin davamlı, keyfiyyətli və ucuz xammal ilə təmin olunmasına, eləcə də istehsal edilən pambığın hazır məhsul kimi ixracına imkan verəcək. Bunun da nəticəsində ölkəmizə əlavə valyuta daxil olacaq. Bu, həmçinin sənaye sahəsində idxaldan asılılığın azaldılması, ixrac potensialının artırılması, milli tekstil brendlərin yaradılması, ixtisaslı kadrların hazırlanması və yeni iş yerlərinin açılması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Parkda sənaye məhsulları istehsalı üzrə müxtəlif ixrac potensiallı və rentabelli fabrik və zavodların yaradılması istiqamətində araşdırmalar aparılır. Diqqətəlayiq haldır ki, müəssisələr layihələndirilərkən təkcə istehsal prosesi deyil, orada çalışanlar üçün yaradılan müxtəlif xidmət növlərinin təşkilinə də xüsusi önəm verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeməkxanada yaradılan şəraitlə də tanış oldular.

Yeni fabriklərlə tanışlıqdan sonra dövlətimizin başçısı və xanımı müəssisələrin işçiləri və şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdülər.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin

çıxışı

  • Bu gün Mingəçevir şəhərinin həyatında çox əlamətdar bir gündür. Biz Mingəçevir Sənaye Parkının açılışını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm, sizə uğurlar arzulayıram.

Xatırlayıram, 2016-cı ilin sentyabr ayında biz bu ərazidə Mingəçevir Sənaye Parkının təməlini qoyduq. O vaxt bu ərazidə heç nə yox idi, boş bir ərazi idi. Xatırlayıram o vaxt təqdimat edildi və göstərildi ki, yaxın gələcəkdə burada bir neçə iplik fabriki və digər fabriklər yaradılacaqdır. Əlbəttə, bu, çox böyük layihədir. Bu layihə həm Mingəçevirin və ümumiyyətlə, Azərbaycanın sənaye potensialını böyük dərəcədə gücləndirəcəkdir.

Şadam ki, verilən bütün vədlər yerinə yetirildi. Hazırda Mingəçevir Sənaye Parkının ilk iki fabriki açılır. Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl təzahürüdür. Çünki dövlət özəl sektorun inkişafı üçün əlindən gələni əsirgəmir, sahibkarlara güzəştli şərtlərlə kreditlər, metodik tövsiyələr verilir, iş yerlərinin yaradılması istiqamətində böyük işlər aparılır. Eyni zamanda, dövlət sənaye parklarının yaradılması ilə özəl sektora şərait yaradır. Əgər dövlət bu funksiyanı öz üzərinə götürməsəydi, əlbəttə özəl sektor, sahibkarlar üçün belə nəhəng fabrikləri yaratmaq o qədər də asan olmayacaqdı. Özəl sektor isə öz növbəsində, həm dövlətin güzəştli şərtlərlə verilmiş kreditlərindən yararlanır, eyni zamanda, öz vəsaitini qoymaqla belə gözəl fabriklər yaradır. Ona görə Azərbaycanda son illər ərzində yaradılan sənaye zonaları, sənaye məhəllələri, sənaye parkları bu məqsədi güdür. Mən əvvəlki illərdə də demişəm ki, Mingəçevir ölkəmizin güclü sənaye mərkəzlərindən birinə çevrilməlidir və biz bunu artıq görürük.

Ölkəmizdə bir neçə şəhərdə sənaye məhəllələri, zonaları vardır. Onların ən böyüyü Sumqayıt Kimya Sənaye Parkıdır. Oraya yatırılan investisiyaların həcmi 2,7 milyard dollardır. Neftçala, Hacıqabul, Sabirabad, Masallı və digər şəhərlərdə sənaye zonaları yaradılacaq və yaradılır, o cümlədən Mingəçevirdə.

Bu fabriklərdə 700-750 insan işlə təmin edilir və burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır. 700-750 insan burada daimi işlə təmin edilir. Buraya böyük vəsait yatırılıb, 140 milyon manat sərmayə qoyulub. Bu da onu göstərir ki, Azərbaycan sərmayə qoyuluşu üçün çox əlverişli məkandır, gözəl ölkədir. Son 15 il ərzində ölkə iqtisadiyyatına 230 milyard dollardan çox sərmayə qoyulub. İndi bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu sərmayə daha çox qeyri-neft sektoruna qoyulsun.

Azərbaycanda hazırda altı iplik fabriki fəaliyyət göstərir. Bu iki fabrik bu gün istifadəyə verilir. Beləliklə, onların sayı səkkizə qalxır və altı fabrikin istehsal gücü 24 min ton iplikdir. Bu iki fabrikdə isə 20 min ton iplik istehsal olunacaq. Yəni, bu müasir fabriklərdə əvvəlki dövrlərdə istifadəyə verilmiş fabriklərlə demək olar ki, eyni səviyyədə iplik istehsal olunacaq və həm daxili tələbatı təmin edəcək, həm də ixrac olunacaq.

Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür. Eyni zamanda, bu fabrikin timsalında biz ölkəmizin hərtərəfli inkişafını görürük. Çünki bu, böyük sənaye mərkəzidir, sənaye müəssisələridir. Eyni zamanda, burada əsas xammal yerli pambıqdır, mahlıcdır. Son illər ərzində pambıqçılığın sürətli inkişafı bu fabriklərin yaranmasına zəmin oldu. Əgər biz iki il bundan əvvəl pambıqçılığın dirçəldilməsi ilə ciddi məşğul olmasaydıq, bu fabriklər də yaranmayacaqdı. Çünki xaricdən mahlıc gətirmək, burada onu ipliyə çevirmək çox bahalı bir təşəbbüs ola bilərdi. Ona görə son iki il ərzində Azərbaycanda pambıq istehsalı 35 min tondan 207 min tona qalxıb. Ümid edirəm ki, bu il daha çox pambıq yığımı nəzərdə tutulur. Pambığın, mahlıcın əsas hissəsi Azərbaycanda emal olunacaq, beləliklə əlavə dəyər, iş yerləri yaranacaq və biz mahlıcı yox, hazırda ipliyi, gələcəkdə isə hazır məhsulu, tekstili, parçanı ixrac edə və daxili bazarı təmin edə bilərik.

Kənd təsərrüfatının sürətli inkişafına böyük dövlət dəstəyi göstərilir, texnika alınır, suvarma işləri aparılır, güzəştli şərtlərlə gübrələr, yanacaq, subsidiyalar verilir, o cümlədən pambıqçılığın inkişafı, sənaye müəssisələrinin yaradılması üçün dövlət öz dəstəyini göstərir. Özəl sektor da bu işlərdə çox fəaldır. Ona görə ölkəmizin hərtərəfli inkişafı üçün bu əsas istiqamət mütləq inkişaf edəcək. Sənaye istehsalı, kənd təsərrüfatı məhsullarının istehsalı – Mingəçevirdə biz bu iki önəmli sahənin birləşməsini görürük və beləliklə, Mingəçevir dediyim kimi, Azərbaycanın ən güclü sənaye mərkəzlərindən birinə çevrilir.

Bu, hələ başlanğıcdır. Bu iki fabrikin işə düşməsi əminəm ki, yeni fabriklərin yaranmasına təkan verəcək və planlar da var. 2016-cı ildə göstərilən təqdimatda bildirilmişdi ki, yeni fabriklərin yaranması nəzərdə tutulur. Əminəm ki, yaxın gələcəkdə Mingəçevirdə minlərlə yeni iş yeri yaradılacaqdır.

Bütövlükdə Mingəçevirin inkişafına böyük diqqət göstərilir. Mənim bu səfərim Mingəçevirə Prezident kimi 7-ci səfərimdir. Əvvəlki dövrlərdə bir çox açılışlarda iştirak etmişəm. Mingəçevirdə sosial sahədə böyük işlər görülür, 430 çarpayılıq mərkəzi şəhər xəstəxanası əsaslı şəkildə təmir edilmişdir, Kür Olimpiya avarçəkmə bazası yenidən qurulmuşdur, ictimai binalar, mədəniyyət mərkəzləri, şahmat, gənclər mərkəzləri istifadəyə verilmişdir. Mingəçevirin mədəni həyatı da zəngindir, bu istiqamətdə də işlər görülmüşdür. İnfrastruktur layihələri icra edildi, elektrik enerjisi ilə tam təminat var, qazlaşma 97 faizdir, artıq Mingəçevirə içməli su verilir və bu gün içməli su layihəsinin rəsmi açılış mərasimi keçirildi. Bu da çox böyük layihədir. İçməli su və kanalizasiya layihələri birlikdə təqribən 300 milyon manata yaxın vəsait tələb edib. İçməli su məsələsi artıq həll olunub. Əvvəlki illərdə əgər əhalinin 50 faizi içməli su alırdısa, indi əhalinin 100 faizi təmin edilir və Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun içməli su verilir.

Bu gün, eyni zamanda, Mingəçevir su elektrik stansiyasının əsaslı yenidənqurmadan sonra açılışı oldu. Onun gücü 300 meqavatdan 420 meqavata çatdırıldı. Bu gün Mingəçevirdə “ASAN Həyat” kompleksi açılır, bu da şəhər sakinləri üçün növbəti hədiyyədir. Yollar abadlaşdırılıb, yəni, Mingəçevir hərtərəfli inkişaf edir. Mingəçevirin gələcək inkişafı üçün əlavə tədbirlər görüləcək ki, şəhər daha da sürətlə inkişaf etsin.

Eyni zamanda, son illərdə Mingəçevir turizm mərkəzinə çevrilir. Burada yeni otellər açılır, turistlərin sayı artır. Turizm hərtərəfli inkişaf edəcək. Amma, əlbəttə, Mingəçevir, ilk növbədə, gözəl, müasir sənaye mərkəzi, yüngül sənaye mərkəzi kimi inkişaf etməlidir. Şəhərin inkişafı üçün nə lazımdırsa, biz onu da edəcəyik. Bax bu gün bu iki fabrikin açılışı göstərir ki, nə demişiksə, onu da edirik. Hansı söz verilmişdirsə, o da yerinə yetirilir.

Sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm və uğurlar arzulayıram. Sağ olun.

X X X 

Müəssisənin işçisi Hüseyn HƏŞİMOV mingəçevirlilər üçün gözəl hədiyyə olan yeni fabriklərin inşasına verdiyi dəstəyə və bütövlükdə şəhərin inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirərək dedi:

  • Möhtərəm cənab Prezident.

İcazə verin, Sizi kollektivimiz və bütün şəhər ictimaiyyəti adından salamlayaq. Bu gün bizlər üçün çox əlamətdar bir gündür. İl yarım bundan əvvəl Sizin xeyir-duanızla təməli qoyulan Mingəçevir Sənaye Parkının ilkin mərhələsinin açılışını edirsiniz. Bu gün respublikamızda yerli sənaye xammalından istifadə etməklə sənaye müəssisələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Bu, sözsüz ki, Sizin düşünülmüş və uzaqgörən siyasətinizdir. Həmçinin son dövrlər Sizin tapşırığınızla pambıqçılığın inkişafı istiqamətində də çox böyük addımlar atılmışdır. Pambıqçılıq artıq öz əvvəlki şöhrətini qaytarır. Bu sahənin yüksək templə inkişaf etməsi yeni istehsal və emal müəssisələrinin qurulmasına xüsusi ehtiyac yaradır.

Bu gün açılışını etdiyiniz fabriklərdə Almaniya, İspaniya, İsveçrə, Yaponiyadan gətirilmiş ən müasir avadanlıqlar quraşdırılıb. Burada pambıq mahlıcından ildə 20 min ton müxtəlif ipliklərin hazırlanması nəzərdə tutulur. Bu ipliklər həm xarici bazara ixrac olunacaq, həm də Sənaye Parkının digər mərhələlərində yüngül sənaye məhsullarının istehsalında istifadə ediləcək. Bu fabriklərin işə düşməsi nəticəsində artıq 700 nəfər burada işlə təmin olunacaqdır. Sənaye Parkı tam gücü ilə işə düşəndən sonra isə şəhərin minlərlə sakini artıq burada daimi işlə təmin ediləcək. Bu müəssisələrin işə düşməsi Mingəçevirimizə bir daha şəhər əhval-ruhiyyəsi gətirir və şəhərimiz üçün ənənəvi olan istehsal sahələrinin də inkişafına öz töhfəsini vermiş olur. Bu, həmçinin əhalinin işlə təmin olunmasına, onların sosial-rifahının yaxşılaşdırılmasına, həm də qeyri-neft sektorunun inkişafına və bölgə iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətinizin bariz bir nümunəsidir. Sizin qeyri-neft sektorunun inkişafına və neftdən asılılığın aradan qaldırılmasına yönəlmiş bu siyasətiniz hamımızın ürəyincədir.

Mən ali təhsilli mütəxəssisəm. Əvvəllər müxtəlif sahələrdə çalışmışam. Ötən ildən burada briqadir kimi əmək fəaliyyətinə başlamışam, hazırda isə iplik fabrikinin istehsalat rəhbəri vəzifəsində çalışıram. Tam əminliklə deyə bilərəm ki, Mingəçevir Sənaye Parkı Cənubi Qafqazın ən böyük yüngül sənaye parkına çevriləcəkdir.

Çox sağ olun, cənab Prezident, diqqət və qayğınıza görə biz mingəçevirlilər Sizə minnətdarıq. Həmçinin Sizinlə birlikdə Azərbaycan xalqının qayğısını çəkən Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk. Biz mingəçevirlilər əmin edirik ki, həmişə yalnız Sizin siyasi xəttinizi dəstəkləyəcəyik və həmişə Sizinlə olacağıq.

Möhtərəm cənab Prezident, bu gün çox əlamətdar bir gündür. Xalqımızın, elimizin gözəl bayramı olan Novruzun ilk çərşənbəsi – su çərşənbəsidir. Bu gözəl bayram münasibətilə biz Sizi, ailə üzvlərinizi təbrik edirik. Qoy, Novruzun bu bayram günləri xalqımıza xoş müjdələr gətirsin. Elə müjdələr gətirsin ki, Azərbaycanın hər bir vətəndaşı ondan faydalana bilsin. Sizə uzun ömür, cansağlığı və Azərbaycanımızın gələcəyi naminə aparacağınız işlərdə yeni-yeni uğurlar arzulayırıq.

Prezident İlham Əliyev: Sağ olun. Sizi də bayram münasibətilə təbrik edirəm. Sizə cansağlığı arzulayıram, uğurlarınız çox olsun.

X X X

Sonda xatirə şəkli çəkdirildi.

 

 


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 27-də Mingəçevirdə “ASAN Həyat” kompleksinin açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və xanımı kompleksin rəmzi açılışını bildirən lenti kəsdilər.

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Mingəçevir “ASAN Həyat” kompleksi barədə dövlətimizin başçısına və xanımına ətraflı məlumat verdilər.

Azərbaycanda dövlət qurumlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində son illərdə əhəmiyyətli işlər görülüb, müvafiq hüquqi baza formalaşdırılıb. Əksər dövlət orqanlarında əhaliyə elektron xidmətlərin göstərilməsi təmin edilib. Bu xidmətlər bürokratik əngəlləri və mümkün korrupsiya hallarını aradan qaldırır. 2012-ci il iyulun 13-də bu sahədə daha mühüm islahata imza atıldı. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində olan “ASAN xidmət” mərkəzləri yaradıldı. Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi idi. Buraya xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının işinin əlaqələndirilməsi, nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir.

2012-ci ildən başlayaraq Bakının bir neçə rayonunda “ASAN xidmət” mərkəzləri sakinlərin istifadəsinə verildi. Daha sonra bu proses regionları da əhatə etməyə başladı. Hazırda bu mərkəzlərə daxil olan müraciətlər arasında şəxsiyyət vəsiqələrinin alınması və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat fəaliyyəti, eləcə də miqrasiya və əmlak məsələləri ilə bağlı olanlar üstünlük təşkil edir. Əgər əvvəllər “ASAN xidmət” mərkəzlərində 23 hüquqi xidmət həyata keçirilirdisə, indi 10 dövlət orqanı tərəfindən 32 növ xidmət göstərilir. Eyni zamanda, özəl şirkət və müəssisələr tərəfindən, ümumilikdə, vətəndaşlara 250-yə yaxın müxtəlif xidmətlər göstərilir. Bütün bunlar dövlət qulluqçusu-vətəndaş münasibətlərində yeni yanaşmanın formalaşmasında Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mühüm tərkib hissəsidir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi beynəlxalq əlaqələrə də üstünlük verir. Bu gün “ASAN xidmət”in fəaliyyəti Avropa İttifaqı, Avropa Parlamenti, Böyük Britaniya parlamenti, Fransa, Almaniya və digər ölkələrdə yüksək qiymətləndirilir. Özünəməxsus hüquqi strukturu olan bu model bir çox beynəlxalq əməkdaşlar və ekspertlər tərəfindən təqdirəlayiq hesab olunur. Artıq Azərbaycanın “ASAN xidmət” modeli əsasında Əfqanıstanda dövlət xidmətlərinin göstərilməsi sahəsində eyniadlı qurum “Asan Khedmat” təsis edilib. Bundan başqa, İtaliya, Koreya Respublikası, Fransa, İndoneziya, Monteneqro və ISESCO təşkilatı ilə əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. 2014-cü ildə “ASAN xidmət” İSO 9001:2008 və OHSAS 18001:2007 standartı üzrə beynəlxalq dərəcəli sertifikatlara layiq görülüb. “ASAN xidmət”, həmçinin Britaniya Əməyin Mühafizəsi Şurası tərəfindən beynəlxalq müsabiqənin qalibi olub. “ASAN xidmət” 2015-ci ildə BMT-nin “Dövlət xidmətlərinin göstərilməsinin təkmilləşdirilməsi” kateqoriyasında birinci yerə layiq görülərək xüsusi mükafat və diplomla təltif olunub. Bu faktların özü bir daha təsdiqləyir ki, Azərbaycan brendi olan “ASAN xidmət”ə dünyada böyük maraq var.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksdə yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, Mingəçevir “ASAN Həyat” kompleksi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sayca 13-cü mərkəzidir. Şəhərin Zərifə Əliyeva prospekti-2 ünvanında yerləşən və öz möhtəşəmliyi ilə seçilən kompleksin binasının tikintisinə 2017-ci ildə başlanılıb. İnşaat işləri 2018-ci ilin fevralında başa çatdırılıb. Kompleks üçmərtəbəli inzibati binadan və üç ictimai iaşə obyektindən ibarətdir.

Kompleksin “ASAN xidmət” mərkəzində Ədliyyə, Daxili İşlər, Vergilər, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Milli Arxiv İdarəsi, ümumilikdə, 10 dövlət orqanı tərəfindən vətəndaşlara 32 növ xidmət göstəriləcək. Eyni zamanda, mərkəzdə 112 növ funksional yardımçı xidmətlər, o cümlədən bank, sığorta, hüquqi yardım, tərcümə və digər xidmətlər təşkil ediləcək. Mərkəzdə çalışacaq əməkdaşların sayı 154, könüllülərin sayı isə 45 nəfərdir. Bu mərkəz Mingəçevir şəhərinə, Yevlax və Ağdaş rayonlarında qeydiyyatda olan 337 min 767 vətəndaşa xidmət göstərəcək.

Dövlətimizin başçısı mərkəzi işə saldı.

Bildirildi ki, bu günədək “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı 20 milyona çatıb. Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyunundan etibarən təqribən 1 milyon 329 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Mərkəzdə kommunal xidmətlərin göstərilməsi üçün ayrıca bölmə yaradılıb. Burada “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunacaq.

Qeyd edildi ki, paytaxt Bakıda fəaliyyət göstərən iki “ASAN Kommunal” xidmətində bu günədək 380 min vətəndaş müraciəti qeydə alınıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərkəzdəki innovativ yeniliklərlə tanış oldular.

Dövlətimizin başçısına və xanımına növbəti illərdə inşası və istifadəyə verilməsi nəzərdə tutulan digər “ASAN xidmət” mərkəzlərinin layihələri də təqdim olundu.

Elektron xidmətlərin qiymətləndirilməsi üzrə nəticələrin təqdimatı zamanı bildirildi ki, dövlət orqanları tərəfindən vətəndaşlara təqdim edilən elektron xidmətlərin keyfiyyətinin müəyyənləşdirilməsi və xidmətlərin təkmilləşdirilməsi məqsədilə Dövlət Agentliyi tərəfindən 2013-cü ildən başlayaraq, hər il elektron xidmətlərin qiymətləndirilməsi həyata keçirilir. Qiymətləndirmə çərçivəsində elektron xidmətlərin təqdim edilməsi üçün uyğunluğu müəyyən edilir və çatışmazlıqların aradan qaldırılması istiqamətində təkliflər verilir.

“İnnoLand” layihəsi isə ölkədə innovasiya ekosisteminin bütün iştirakçılarının cəlb edilməsi yolu ilə innovasiya fəaliyyətinin stimullaşdırılması və uğurlu startapların yaradılmasını, beynəlxalq rəqabətə davamlı innovativ məhsul və xidmətlərin istehsalını təşviq edəcək. Layihə çərçivəsində pilot olaraq yaradılacaq məkanda startapçılara ilkin ideyadan hazır innovativ məhsul və xidmət istehsalına qədər bütün mərhələlərdə dəstək göstərilməsi, innovasiya şirkətlərinin sayının və fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində işlər həyata keçiriləcək.

Diqqətə çatdırıldı ki, yeni layihələrdən biri də “Mobile Gov” applikasiyasıdır. Mobil applikasiya ölkədə telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsində müəyyən edilmiş “eGov 2.0 versiyasında Mobil Hökumət”in yaradılması tapşırığına uyğun olaraq hazırlanıb. Applikasiya müxtəlif dövlət orqanlarının informasiya sistemlərinin inteqrasiyası vasitəsilə istifadəçilərə smartfonlarından istifadə etməklə dövlət xidmətlərindən yararlanmaq imkanı verəcək.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya “ASAN xidmət”lərin özünəxidmət terminalı vasitəsilə təqdim olunması barədə də məlumat verildi.

Qeyd edildi ki, məmur və vətəndaş arasında təmasın minimallaşdırılması məqsədilə hazırlanmış bu terminallar vasitəsilə vətəndaş müxtəlif xidmətlərdən vaxt itirmədən və əlavə heç bir yerə getmədən yararlana biləcək. Vətəndaş əldə etmək istədiyi xidməti seçməklə biometrik şəkil və digər məlumatları sistemə daxil edir, elektron ərizə formasını doldurur və xidmət üzrə müraciət edir.

Daha bir yenilik isə “ASAN Ödəniş” sistemi üzərindən viza verilməsi prosesidir. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycanın beynəlxalq hava limanlarında viza müraciəti prosesinin təmin edilməsi üçün “ASAN Ödəniş” terminallarından istifadə ediləcək. Terminallara inteqrasiya edilmiş “ASAN viza” sistemi vasitəsilə əcnəbilər elektron müraciət formasını dolduraraq viza rüsumunu terminaldan ödəyə biləcəklər. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər vizaya dair müraciətlərinin nəticələrini də “ASAN Ödəniş” terminalından əldə edə biləcəklər.

Yeni layihələrdən biri də “ASAN Turist” mobil applikasiyasıdır. Bu layihə ölkəmizə gələn turistlərin bütün turizm xidmətlərindən yararlanmasına imkan verəcək vahid platformadır. Turistlər applikasiyadan istifadə etməklə öz maraq dairəsinə uyğun obyektləri naviqatordan rahatlıqla taparaq xidmətlərdən istifadə edə, turizm şirkətlərinin regionlara təşkil etdikləri turlardan yararlana və özləri üçün səfərləri planlaşdıra bilərlər.

Diqqətə çatdırıldı ki, “Elektron hökumət” kabineti vətəndaşların xüsusi proqram təminatı və qurğular vasitəsilə dövlət xidmətlərindən yararlanmaları üçün modulyar kabinetdir. Kabinetə daxil olmaqla vətəndaş dövlət orqanının nümayəndəsinin iştirakı olmadan müxtəlif xidmətlərə müraciət edə və xidmətlərdən yararlana bilər.

Mingəçevir “ASAN Həyat” konsepsiyası Mingəçevir “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərinin istifadəyə verilməsini də nəzərdə tutur. Belə ki, vətəndaşlar operativ və gülərüz xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edə biləcəklər. “ASAN Həyat” kompleksi vətəndaşların rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir. Kompleksin kinoklubunda Azərbaycan filmləri ilə yanaşı, xarici ölkələrin ekran əsərləri də nümayiş etdiriləcək.

Könüllülər “ASAN xidmət” fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın komponentidir. Bu prosesə 14 min könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 1000 təlim, 300 layihə həyata keçirilib. Habelə 850-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub. “ASAN Məktub” və “ASAN Kadr” layihələri qabaqcıl təcrübələr kimi BMT-nin “Cənub-Cənub Əməkdaşlığı çərçivəsində Qabaqcıl Mexanizmlər və Həllər” portalına daxil edilib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “ASAN Həyat” kompleksinə daxil olan “ASAN Peşə” ilə tanış oldular.

Təhsil Nazirliyinin və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə layihəsi olan “ASAN Peşə” mərkəzi yaradılıb. Layihə ixtisaslı kadrların hazırlanmasını və onların əmək bazarının dəyişən tələblərinə uyğun rəqabət qabiliyyətinin artırılmasını təmin etmək məqsədi daşıyır. “ASAN Peşə” mərkəzi bütün növ zəruri avadanlıq, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Layihəyə uyğun olaraq, “ASAN Peşə” mərkəzində 4 istiqamət üzrə – elektrik, mexanik, santexnik, tikişçi peşələri üzrə ən müasir maddi-texniki baza vardır və burada mütəxəssislərin iştirakı nəzərdə tutulub.

“ASAN Həyat” kompleksinin yerləşdiyi ərazidə avtomobil dayanacağı da yaradılıb. Buradakı yerüstü keçid piyadaların təhlükəsiz hərəkətini təmin edir.