Problemlər aradan qaldırır və günahkarlar cəzalandırılacaq

Ümumiyyətlə, Azərbaycan Prezidenti İlham Əliyev ölkə rəhbəri olduğu dövrdən indiyədək bütün məsələlərə operativ və dərhal reaksiya verib”. Bunu açıqlamasında Yeni Azərbaycan Partiyası İcra Katibinin müavini, millət vəkili Siyavuş Novruzov Mingəçevir İES-də baş verən qəza ilə bağlı ötən gün Prezident İlham Əliyevin yanında keçirilən müşavirəyə münasibət bildirərkən deyib.

“Əgər xatırlayırsınızsa, Prezident hələ 2004-cü ilin yanvarın 30-da Lənkəran şəhərinin Baloğlan Abbasov küçəsindəki 90 mənzilli yaşayış binasında baş vermiş qəza ilə əlaqədar dərhal ora səfər etdi. Ölkə başçısının Lənkəran Şəhər İcra Hakimiyyətində keçirdiyi operativ müşavirədə verdiyi tapşırığa uyğun olaraq, şəhərin yaşayış və ictimai binalarına texniki baxış keçirildi. Biz görürük ki, Prezident istənilən məsələ ilə bağlı dərhal ciddi reaksiya verir, orada olan problemləri aradan qaldırır və günahkarlar cəzalandırılır. Bu yönümdə də ölkə başçısı cənab İlham Əliyevin ötən gün keçirdiyi müşavirə ölkənin enerji sistemindəki vəziyyətlə bağlı idi. Bildiyiniz kimi, Mingəçevir İES-da baş verən qəzanın aradan qaldırılması istiqamətində dərhal Dövlət Komissiyası yaradılıb. Hazırda Komissiya öz işini aparır. Hesab edirəm ki, Dövlət Komissiyası öz məsələlərini araşdırıb yekunlaşdırmayana qədər hansısa məsələ barəsində fikir söyləmək o qədər də düzgün olmazdı. Bəzən görürsən ki, Mingəçevir İES-da baş vermiş qəzanı biri təxribat, digəri terror, hava şəraitinin isti olması kimi qələmə verir. Düşünürəm ki, Komissiya məsələləri araşdırıb lazımi məlumatları ölkə başçısına çatdırdıqdan sonra bu məsələlərə münasibət bildiriləcəkdir”, – deyə, YAP İcra katibinin müavini bildirib.

S.Novruzov əlavə edib ki, son dövrlər Azərbaycanda energetika sektorunda çox böyük işlər görülüb və xeyli sayda modul tipli stansiyalar, İES-lər tikilib: “Buna misal olaraq, Bakıda, Şirvanda, Şəmkirdə və s. olan İES-ləri göstərə bilərik. Mingəçevir İES daxil olmaqla demək olar ki, digər bölgələrdə modul tipli İES-lər fəaliyyət göstərir. Doğurdan da Azərbaycanda istehsal olunan enerjinin miqdarı ölkəmizin tələbatından qat-qat artıqdır. Cənab Prezident də mütəmadi olaraq öz çıxışlarında, fikirlərində, ilin yekunlarında bu məsələyə toxunub. Biz nəinki özümüzü elektrik enerjisi ilə təmin edirik, eləcə də digər ölkələrə enerjimizi ixrac edirik. Sadəcə olaraq bunları müasir standartlara cavab verəcək şəkildə qurmaq, bir-biri ilə əlaqələndirmək məsələsində görünür ki, hansısa problemlər yaşanıb. Azərbaycan artıq özü bu sahə ilə bağlı olan ləvazimatları istehsal edir. Xatırladım ki, hələ 2016-cı ildə Prezident İlham Əliyev Suraxanı rayonunda “ATEF Şirkətlər Qrupu”nun iri qabaritli transformatorlar zavodunun açılışında iştirak etdi, yüksək gərginlikli avadanlıqlar istehsalı zavodunun təməlini qoydu. Eləcə də Sumqayıt şəhərində çox böyük energetika sahəsinə adi olan istehsal müəssisələri fəaliyyət göstərir. Hətta deyərdim ki, nəinki Cənubi Qafqazda, heç post-sovet məkanında yüksək keyfiyyətli istehsala malik olan müəssisələr yoxdur. Yəni cənab Prezident bu sahəni çox gözəl bildiyi və hər zaman diqqət ayırdığı üçün ilk növbədə bu məsələlərə kifayət qədər vəsait ayırıb. Bir sözlə, istər qanunvericilik, istərsə də icra baxımından dövlət tərəfindən lazım olan bütün addımlar atılıb”.

Sia.az