“Prokurorluq orqanlarında islahatlar davam edir” – İlqar Abbasov

Prokurorluq orqanlarında yeni nəsil prokurorluq əməkdaşlarının formalaşdırılması prosesi dövlətçiliyə sadiq, qanunun aliliyinə hörmət edən, sağlam mənəviyyata, geniş dünyagörüşünə, yüksək nəzəri biliklərə malik gənc hüquqşünaslar hesabına, obyektivlik və ədalətlilik meyarlarına əsaslanaraq həyata keçirilib.

XALQ.AZ   xəbər verir ki, bunu Bakı şəhər prokuroru İlqar Abbasov “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirib.

Bakı şəhər prokuroru qeyd edib ki, bu amillərə prokurorluq orqanlarına qulluğa qəbulla yanaşı, kadrların yerdəyişməsi, xidməti vəzifələrinin icrasına vicdanla yanaşaraq fəaliyyətində nailiyyətlər qazanmış və peşəkarlıq səviyyəsi ilə fərqlənən şəxslərin vəzifədə irəli çəkilməsi, müvafiq iş təcrübəsi, analitik düşüncə və təşkilatçılıq qabiliyyəti olan prokurorluq işçilərinin müstəqil işə təyin edilməsi zamanı da önəm verilib.

“Bu gün də prokurorluq orqanlarında islahatlar davam edir, yeniləşmə prosesi gedir, gənc kadrlar işə qəbul edilir, vəzifədə irəli çəkilir, yeni iş ruhu, canlanma və inkişaf hiss olunur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prokurorluğa daim diqqət və qayğı göstərilir, fəaliyyətimizin daha da təkmilləşdirilməsi, əməkdaşlarımızın maddi-sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülür. Mütəmadi olaraq prokurorluq əməkdaşlarının yüksək dövlət mükafatlarına və ali xüsusi rütbələrə layiq görülməsi, onların sosial-maddi vəziyyətinin yaxşılaşdırılması və prokurorluğun strukturunun daha da təkmilləşdirilməsi, prokurorluğun maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görülən tədbirlər fəaliyyətimizin səmərəliliyinin artırılmasında əhəmiyyətli rol oynayır”.

İ.Abbasov vurğulayıb ki, bu gün respublikamızda prokurorluq orqanları tərəfindən daxili işlər, ədliyyə, məhkəmə və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkədə ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində zəruri tədbirlərin həyata keçirilməsi təmin olunub:

“Prokurorluq orqanlarının bütün səyləri ilk növbədə dövlət başçısının göstərişlərindən, Azərbaycan Respublikasının Konstitusiyasından, “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanunundan, digər qanunvericilik aktları, Azərbaycan Respublikası Baş prokurorunun əmr və sərəncamlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə, müasir məzmunlu islahatların eyni intensivliklə davam etdirilməsinə, fəaliyyət istiqamətləri üzrə işin keyfiyyətinin yüksəldilməsinə, yeni iş metodlarını tətbiq etməyə qadir olan kadr korpusunun formalaşdırılmasına, möhkəm nizam-intizam yaradılmaqla neqativ təzahürlərin vaxtında aradan qaldırılmasını təmin edən işlək nəzarət mexanizminin yaradılmasına istiqamətləndirilib”.

 

Elgün