Putin Azərbaycana yeni səfir təyin etdi – FOTO

Rusiya prezidenti Vladimir Putin Mixail Boçarnikovun Rusiyanın Azərbaycandakı səfiri təyin edilməsi ilə bağlı sərəncam imzalayıb.

XALQ.AZ xəbər verir ki, 70 yaşlı Boçarnikov bundan əvvəl Rusiyanın Qazaxıstandakı səfiri olub. O, diplomatik missiyasını 2018-ci ildə başa vurub.

Qeyd edək ki, Mixail Nikolayeviç Boçarnikov 1948-ci ilin 6 martında anadan olub. Diplomat 1971-ci ildə SSRİ-nin Efiopiyadakı səfirliyində məsləhətçi-müşavir kimi çalışmağa başlayıb. 1977-ci ildə Moskvaya geri çağırılsa da, 1982-ci ildə yenidən Efiopiyaya eyni vəzifəyə göndərilib və sonrakı 5 ilini burada keçirib. Efiopiyadan sonra 1990-cı ildə Zimbabvedə çalışıb. Boçarnikov ilk dəfə səfir vəzifəsinə 1992-ci ildə yüksəlib və Zambiyaya səfir təyin edilib. Bu vəzifədə 1996-cı ilə qədər işləyib.

Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin Afrika Departamentinin direktoru təyin edilib. 1999-cu ildə Yunanıstana səfir göndərilib. Əsasən Afrika ilə iş üzrə ixtisaslaşan diplomatın fəaliyyət yönünü dəyişdirməsi də bu tarixdən başlayıb. Yunanıstanda 4 il işləyən Mixail Boçarnikov 2003-cü ildə Gürcüstan-Abxaziya konfliktinin həlli məsələsində xüsusi səlahiyyətli səfir olub.

2006-cı ildə Qafqazdakı fəaliyyətini bitirən diplomat Qazaxıstana səfir təyin olunub və Astanada Moskvanın rəsmi nümayəndəsi kimi 12 il qalıb. Buradakı fəaliyyəti dövründə Qazaxıstan hakimiyyəti ilə sıx əlaqələr qurmağı bacaran səfirin demək olar ki, hökumətlə heç bir problemi yaşanmayıb. Boçarnikov NATO əleyhdarı kimi tanınır.

 

 

 

Orxan