Qənirə Paşayeva AŞPA erməni deputatlarının yalanlarını ifşa etdi

Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları ilə bağlı çıxış edib və Ermənistan heyətinə sərt cavab verib. 


XALQ.AZ xəbər verir ki, Millət vəkili Q.Paşayeva AŞPA-da Ermənistan heyətinə sərt cavab verərək “işğalçı ölkəniz bir gün ədalət qarşısında mütləq cavab verəcək, bunu unutmayın ” deyib.

Bu gün AŞPA-da “Mədəni irsin qəsdən dağıdılması və qanunsuz ticarəti” adlı Avstriyalı məruzəçi Stefan Şennaxın hazırldığı qətnamə layihəsi ətrafında müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvü Q.Paşayeva  çıxış edərək  Ermənistanın işğal etdiyi torpaqlarımızda törətdiyi vandalizm aktları barədə geniş məlumatlar verib və Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyəti üzvlərinə sərt cavablar verib.

 

“Əziz dostlar, bu mövzu mənim ölkəm üçün son dərəcə həssasdır və mən bəzi məsələləri diqqətinizə çatdırmaq istəyirəm.  Dərin təəssüf hissi ilə bu rəqəmləri bir daha  diqqətinizə çatdırıram ki, Azərbaycana aid 600-dən çox tarixi-memarlıq abidələri, arxeoloji abidə, 40 mindən artıq əşyanın toplandığı 22 muzey, 4 rəsm qalereyası, 4,6 milyon kitab və əlyazma saxlanan 927 kitabxana, 85 incəsənət məktəbi, 20 mədəniyyət sarayı,  4 dövlət teatrı Ermənistanın hərbi təcavüzü nəticəsində işğal altındakı ərzilərdə qalıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektləri xüsusi qəddarlıqla məhv edilir. İşğalçı Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında mədəni sərvətlərin bir çoxunu da qəsb edərək özününküləşdirmək xətti tutub.  Dağlıq Qarabağ bölgəsində və ətraf rayonlarda Azərbaycanın tarixi-mədəni abidələrinə Ermənistanın vurduğu ziyanı dəqiq hesablamaq mümkün deyildir, çünki talan və məhv edilmiş sərvətlər nəinki Azərbaycanın, həm də bütün dünya sivilizasiyasının misilsiz mədəniyyət nümunələridir. Azərbaycanın Ağdam, Füzuli, Qubadlı, Laçın, Kəlbəcər və digər işğal altındakı rayonlarından, səma altında muzey olan Şuşa şəhərindən oğurladığı mədəni irs nümunələrinin ticarəti də Ermənistanın dövlət siyasətinin bir parçasına çevrilib. Ona görə də mədəni sərvətlərə qarşı təcavüzlərdən bəhs edən bir məruzədə bu həqiqətlərin də yer alması vacibdir. Biz sizə, hər bir həmkarımıza Azərbaycanın mədəni sərvətlərinə qarşı  Ermənistanın qəsbkarlıq siyasətini əks etdirən bütün materiallar və sənədləri təqdim edə bilərik.  ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatında da bu məsələlər öz əksini tapmışdır.

 

Ən dəhşətlisi odur ki, Ermənistan  dünyada məşhur olan Azərbaycan abidələrini məhv edir.  Ermənistanın bu addımları bütün beynəlxalq konvensiyalara ziddir. Ermənistan bütün bu konversiyaları pozaraq işğal etdiyi Azərbaycan torpaqlarında tarixi-mədəni abidələri dağıtmaqda davam edir.  Tarix və mədəniyyət abidələrinin böyük əksəriyyəti məhv edilmişsə də, onların hələ qalması ehtimal olunanları da var. Qalanları xilas etmək son dərəcə vacibdir. Bunun üçün isə mütləq bütün Ermənistan ərazisində və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında həmin abidələrin hazırkı vəziyyətini diqqətlə araşdırılması çox zəruridir. Azərbaycanın Mədəniyyət Nazirliyi işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq YUNESKO-ya təqdim edib və araşdırma aparmaq üçün missiya göndərilməsini tələb edib. Amma Ermənistan YUNESKO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. Bütün bunları diqqətə çatdıraraq biz sizdən dəstək gözləyirik. Biz məruzəçi cənab Şennakın məruzəsinin böyük əhəmiyyətini bir daha vurğulayaraq, orada öz əksini tapan bütün çağırış və tövsiyyələri dəstələyirik. Eyni zamanda biz Assambleyamızı Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində tarixi-mədəni abidələri dağıtmasına, talan etməsinə və qeyri-qanunu  ticarətini həyata keçirməsinə də laqeyid qalmamağa və bunun durdurulmasını Ermənistanın yeni rəhbərliyindən tələb etməyə çağırırıq. Çünki o abidələr Azərbaycanla yanaşı dünya mədəniyyətinin də bir parçasıdır və onları qorumaq üçün Assambleyamız da ciddi addımlar atmalıdır”.

 

Millət vəkili Q.Paşayeva müzakirələr zamanı Azərbaycan əleyhinə yalanlarla çıxış edən Ermənistan heyəti üzvlərinə sərt cavablar verib və işğalçı ölkəniz bir gün ədalət qarşısında mütləq cavab verəcək deyib:

“Ermənistandan olan xanım Zöhrabyanın dediklərinə gəlincə, xanım Zöhrabyan siz yenə Azərbaycan əleyhinə yalan və böhtanlarla dolu çıxış etdiniz. Əlinizdə heç bir faktlar yoxdur , amma sizin ölkənizin törətdiyi cinayətləri hər kəsin görə bilməsi üçün sadəcə əlimdəki bu fotolar və faktlar yetərlidir. İşğalı həyata keçirənlər və dəstəkləyənlər bir gün mütləq ədalət qarşısında cavab verəcəklər!Bunu unutmayın!”

 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.