Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında Böyük Vətən müharibəsində faşizm üzərində Qələbənin 73-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

XALQ.AZ xəbər verir ki, DTX ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, tədbirdə Azərbaycanın Milli qəhrəmanları, Böyük Vətən müharibəsinin və Azərbaycan təhlükəsizlik orqanlarının veteranları, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rəhbərliyi, DTX-nin məsul əməkdaşları, Akademiyanın rəhbərliyi, müəllimləri və kursantları iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Heydər Əliyevin xatirəsini yad edərək, dahi rəhbərin abidəsi önünə əklil qoyublar. Akademiyanın akt zalında davam edən tədbir İkinci Dünya Müharibəsində və Azərbaycan torpaqlarının düşməndən azad edilməsi uğrunda həlak olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Tədbirdə iştirak edən, İkinci Dünya müharibəsində şücaət nümunələri göstərmiş veteranlara DTX-nin şəxsi heyəti adından qiymətli hədiyyələr və gül dəstələri təqdim olunub. Veteranlar, Akademiyanın əməkdaşları çıxış edərək Azərbaycan xalqının qəhrəman oğul və qızlarının Böyük Vətən müharibəsi illərində ön və arxa cəbhədə fədakarlıqla, canları və qanları bahasına faşizm üzərində tarixi Qələbənin qazanılmasında göstərdikləri əzmkarlıq, igidlik və mərdlik nümunələri barədə kursantlara geniş məlumat veriblər.

Çıxış edən natiqlər qeyd ediblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti ilə tezliklə düşmən tapdağı altındakı torpaqlarımız geri qaytarılacaq, Azərbaycanın dövlət bayrağı Qarabağın işğal olunmuş bütün rayonlarında qürurla dalğalanacaq və xalqımız Şuşada qələbə bayramını qeyd edəcək. Sonra Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının məsul nümayəndəsi Akademiyanın zabit və kursantlarına təlim-tədrisdə əldə etdikləri nailiyyətlərə görə təşkilatın sədrinin imzası ilə fəxri fərmanları təqdim edib.

Tədbirin bədii hissəsi konsert proqramı ilə davam etdirilib.

Elgün