Qənirə Paşayeva: Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər

Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində dönüş yaratmaq üçün ciddi işlər görülməlidir.

XALQ.AZ xəbər verir ki, bunu  açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O, qeyd edib ki, parlamentdə ikinci oxunuşda müzakirəsi gözlənilən “Məşğulluq haqqında” qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər:

“Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşir və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır.

Torpaqlarımız uğrunda sağlamlığını itirmiş Qarabağ müharibəsi veteranlarının, əlillərinin işlə təminatı çox vacibdir, çünki bu insanların işlə təminatında üzləşdikləri çətinliklərin həll edilməməsindən ailələri çox əziyyət çəkir”.

Millət vəkili eyni zamanda, parlamentdə qaldırdığı bir məsələyə də təkrar qayıdaraq bildirib ki, müəllim ixtisası üzrə təhsil almış bir sıra əlil gənclər iş tapmaqda çətinlik çəkirlər:

“Çıxışımda qeyd etmişdim, bu gün də qeyd etmək istəyirəm ki, bu məsələdə çox böyük problemlər var. Onlar müəllim ixtisasına yiyələniblər, təbii ki, müəllim də işləməlidirlər. Ancaq həmin insanlar iş tapa bilmirlər. Ona görə bir daha Təhsil Nazirliyinə çağırış edirəm və bildirirəm ki, əlil olan və müəllim ixtisası üzrə təhsil almış gənclər mütləq işlə təmin olunmalıdırlar”.

Q.Paşayeva həmçinin, sahibkarlar tərəfindən hüquqları pozulan və əmək müqaviləsi olmadan işləyən işçilərin hüquqları məsələsinə də toxunub:

“Təbii hamımız istəyirik ki, sahibkarlıq daha da inkişaf etsin. Çünki iqtisadiyyatın inkişafı, iş yerlərinin açılması üçün bu çox vacibdir. Hamımız sahibkarla qarşı süni maneəler, qanunsuz yoxlamalara əleyhinəyik, amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasına da qarşıyıq.

Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan və ya əmək haqları əmək müqaviləsində az göstərilən insanların sayı az deyil. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq?

Eyni zamanda, əmək müqaviləsi olmadan çalışan işçilərin sahibkarlar tərəfindən işdən çıxarıldığı zaman öz əmək hüquqlarını müdafiə etmə məsələsi də çox vacibdir və bu məsələyə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyini daha böyük diqqət göstərməyə çağırıram”.

Orxan