Qənirə Paşayeva Azərbaycan haqqında geniş məlumat verib

Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin rəhbəri Qənirə Paşayeva Avstraliyanın “Freedoom” təşkilatının qurucusu və rəhbəri Annie Beaulieu, “Australian Women Donors Network” təşkilatının rəhbəri Julie Reilly, “B-Team Australasia” rəhbəri Lynette Mayne, Filippinin “İmperial Housing Corp” şirkətinin prezidenti Emma İmperial, Sinqapurun “Limen Lab, MetLife” şirkətinin direktoru Zia Zaman və Monqolustanın tanınmış təşkilat rəhbərləri ilə görüşüb.

XALQ.AZ xəbər verir ki, görüşdə təşkilat rəhbərlərinə Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə rolu, habelə Dağlıq Qarabağ problemi ilə bağlı məlumatlar verilib. Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, beynəlxalq təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün öz evinə qayıtmasına imkan vermir.

Müzakirələr zamanı deputat Qənirə Paşayeva ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən deputat qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayıb, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlərin gözlənildiyini deyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva beynəlxalq təşkilatların rəhbərlərini Azərbaycana dəvət edib.