Qənirə Paşayeva: Başqırdıstan

05

Könlümün-gözümün ən səmimi, duyğulu səslənişiylə unudulmaz Əli bəy Hüseynzadənin yadigar misralarını düşüncələrimə dilmanc edəsim gəlir: “Ey Türk ozanları, irəli gəlin, bu işlər bir az da ozanla olur…”
Ozansız olmaz ki!..
Dillərinin yürək, yeyin olması bir yana qalsın…
Bir mağar içi meydan boyunca tarixin o başını bu başına çəkmələri bir yana dursun…
Dillərinin bir misralıq həqiqətinə könlümü yayla yapıram: “Qazax, qırğız, başqırd, tatar, azər bir qoldur…”
Şerin şirin diliylə bəyan edilən dost-doğmalığın nişanələrini, şəkillənməsini Başqırdıstana etdiyim səfərlərim çərçivəsində addım-addım görür, bir qoldan, bir kökdən-kökəndən gəlməyimizin doğmalığını yaşayır, yaşayıram. Lap əzəl başdan, ilkdən, əvvəldən qonaq qarşılama mərasimlərinə heyran kəsilirəm başqırdların. Bizim Novruz baıyramlarımızın ətri, havası, daha çox da avazı bu kökdədi. Açıq ürəklə, tam səmimiyyətlə, inamla, din-əxlaq düşüncəsilə qarşılayır müsafirini Başqırdıstan: “Əssalamü-əleyküm” – deyə duz-çörəyi irəli tutar el ağsaqqalı. Bir anlıq da olsa qulaqlarımda qos-qoca Dədə Qorqudun boy-boylayıb, soy-soyladığı anların səsi-sədası canlanar. Bu minvalla Başqırdların “Ural-Batır” dastanından əks-səda gələr elə bil; əsas dünya dinlərinin, olum-ölüm arası yaşantılarının fəzilətlərinə ayna tuta-tuta… İlin hər dönəmi özünəməxsus gözəllikləri ilə çəkir könülü. Qışı qarla, şaxtayla, yazı gül-çiçəklə bürünüb gələr, çapar yamac boyu at ilxıları… Sağlamlıq və uzunömürlülük məcunu olan qımızından içməklə doymaq olarmı?
Burda bal tutanlar barmaq yalayır. Klassik arıçılıq məktəbinə sahiblik edir Başqırdıstanda nə növdən istəsən bal gətirərlər. Ağac kovuşlarını özlərinə yurd-yuva seçmiş yabanı arılarının hasilə gətirdiyi baldan dadmaq üçün belinə kəmər bağlayıb qos-qoca ağacın gövdəsi boyu yuxarı dartınmaq necə də xoşdu. Ancaq gərək ürəyini gül bilib çalmaya arı səni. Könlün Ural dağları qədər ərdəmli, niyətin Ufa çayı qədər səxavətli olsun.
Ta uşaqlığımızdan həyət-bacalarda, su arxları səmtində bitən qarğı-qamışdan kəsib tütək, balaban düzəldən, sonra da o sadə aləmdə minilliklərin o başını bu başına daşıyan el havalarını ifa edən kəslərə doyumsuz bir maraqla hörmət bəslərdik. Daha çox yaylaqlarda qoyun-quzu bəsləyən çoban əmilər, onların yeniyetmə övladları ustasıydı bu işlərin. Sadəcə, çox asanlıqla, usta nəzərlərlə yüzlərlə qarğı-qamış içindən birini seçər, iti bıçaqla yonub-yontalar, üzərində deşiklər açar, sonra da başlardılar çalmağa… Beləsinə bizim aran yerlərində daha sıx-sıx rast gəlmək olar. Bununn ədənliyi üzərinə sonrakı söhbətlərimdə qayıdacağam. Ancaq bəri başdan yazıb diqqətə çatdırmaq istəyirəm ki, dil doğmalığı bir yana dursun, başqırdlar dodaqlarının sümsü-balaban, tütək çal-çağırları ilə daha çox bizlərdəndilər. Fərq bu qədim musiqi alətinin bizlərdəkinə nisbətən onlarda xeyli uzunsov olmasındadı. Baxdıqca, dinlədikcə, hal-əlbət, düşünürəm ki, fərq etməz, bir başqırd, ya azərbaycanlı uşağını apar qoy çöllü-biyabanda bir əlçatmaz-ümyetməzliyə. Uzağı bir saat çəkməz ki, arayıb tapdığı bir qarğı qamış parçasını yonub-yontalayıb dünyanın ən kədərli nəğməsini ötən musiqi alətinə çevirərlər və o alətlə hardan gəlib, hara getmələrinin səmtini nəm-nişan verərlər, kor bayquşlar kimi zaman-zaman “balaban bizimdi, düdük bizimdi” deyə aləmi özlərinə güldürən erməni başbilənlərini cəm edəsən Başqırdıstana, qarğı alətlər ilə tarixə yoldaşlıq edən o gözəlim başqırd körpələrinə deyəsən ki, di başlayın. Durub gendən tamaşa edəsən ki, baxın, baxın, yaxşı baxın, görün balaban hansı ruhdan, hansı nəfəsdən gəlir, tütək hansı barmaqların könül barıdı… Ötdüyü şərqilər doğma…
Elə bir ucdan tarixə qapı açır, yaddaşı varaqlayır…
BU, BİRİNCİ VƏRƏQDƏ YAZILANLARDI
“Türklər M.Ö. 2000-ci ildə, daha qədim çağlarda Orta Asiyada, Sayan-Altay dağlarının Şimal-Qərb bölgəsində, Yenisey çayı boylarında yaşardılar. M.Ö. 1500-ci illərdə yaşadıqları — Sayan dağlarından Altaylara və Tanrı dağlarına qədər enir, qərbdə Urallara qədər uzanır…”

GƏLİRƏM İKİNCİ VƏRƏQDƏ YAZILANLAR ÜSTÜNƏ

“Başqırdıstan cənubi Uraldan qərbə doğru Belaya və Kama çaylarına qədər uzanır…”
Tarixin şəhadəti düm-düzünə, bir xətt boyuncadı; bütün hallarda eyni kökdən, eyni ruhdan gəlməyik.
Bu isə artıq tarixin 3-cü səhifəsində yazılanlardı: “Başqırdıstan respublikası Avropa ilə Asiya arasında, Rusiya Federasiyasının Avropa hissəsində, ön Ural və Orta Ural dağlarının Qərb tərəfində, Volqa çayı və onun bir qolu olan Ural çayının ərazisində, Volqa boyunda yerləşir… Şimal qərbində Tatarıstan və Urmitiya ilə şimalında Perm və Sverdlovski bölgələri (Rusiya), cənubunda Çelyabinski bölgəsi (Rusiya), Cənub və Cənub-Şərqində Orenburq bölgəsi (Rusiya) ilə qonşudur. Ərazisi 143.600 kv km, paytaxtı Ura şəhərindədir. Rusiyanın ilk Muxtar Respublikası olmaqdan dolayı xüsusi bir tarix daşıyıcısıdır. Əhalisi 4.107.000 nəfərdi ki, bunlardan 24,3 faizi başqırd, 40,3 faizi ruslardı, 16 milyon başqırd isə Rusiya Federasiyasının müxtəlif yerlərində, xüsusilə Ural bölgəsində yaşamaqdadırlar.
Qazaxıstanda, Özbəkistanda, Tacikistanda, Gürcüstanda və Ukraynada yaşayan başqırdların say-hesabını aparmaq gələcək illərin üzərində qalır…”

DİNDƏN DONA – YƏNİ GÖZÜN GÖRDÜYÜNƏ

Türk əl işlərinin bənzərsiz tarixini özündə ehtiva edən xalılar üzərində sırayla diz üstə çöküb namaza əyilən başqırd cocuqlarının riyasız, pak simaları heç çəkilmir gözlərim önündən. 10-cu əsrdən etibarən durum belədi, həmin əsrdən başlayaraq İslam mədəniyyətinin təsiri altına düşməyə başlayan başqırd türkləri 14-cü əsrdə – Özbək Xan (1313-1340) zamanında tam müsəlmanlaşmışlar. Bununla yanaşı, bu qədim, qos-qoca xalqın yaddaşında şamanizm ənənələri və inancları da zaman-zaman yaşadılmışdı.
Lap yuxarı başında-günbəzində ay simvolu şəkillənmiş camelər aramsız-aramsız çəkir diqqətimi. Yol kənarında dim-dik dayanmış daş abidə analar qismində dayanıb baxır. Elə bil gözəlim Qobustandan bir qaya ayrılıb, doğmalarını, əzizlərini arayıb axtara-axtara gəlib bu tərəflərə çıxıb. Bu daş abidələr, heykəlciklər Daşkəsən, Gədəbəy, Kəlbəcər bölgələrinin tarixi daş yadigarlarını gözlərim özünə gətirir. Düşünürəm, bəlkə Beyrəyin yoluna göz dikən ananın doğmaca övladıdı hər baxışdan min intizar duyğusu işartan bu daş abidə?
Çöllərinin qoyun sürüləri Milimi-Muğanımı xatırlatmaqdadır. Naxışlı muxruların həyətləri boyu sərgilənən qədim ev əşyalarına nəzər yetirdikcə doğma Bakımızın Qala divarları arasında xüsusi bir duyğusallıqla nümayiş etdirilən, satılmasından daha çox baxılmasına ehtiyac duyulan qab-qacaqlar, ev avadanlıqlarını xatırlayıram. Qadınların geyim-kecimi doğma kənd mənzərələrini xatırlatmaqdadı.
Dilləri dilimizlə oxşar taleli, əlifbaları əlifbamız kimi… Burda yazılanlar 1929-cu ilə kimi latın, 1939-cu ildən sonra isə kiril əlifbası ilə yazılmışdır. Eynən bizim doğma Azərbaycan əlifbası kimi:
– Ərəbi, latını, rusu bizdəki kimi bir-birinə keçid edibmi?
– Edib!
– Nəsillər arası eyni əlifbayla oxuyub əxz etmək bağları quyudakı kəndir kimi Qırılıbmı?
– Qırılıb.
– Bizlərdə də ərəbdən latına, latından rusa keçilən dövr
yaşanıbmı?
– Yaşanıb!
Rəsmi adı tarix kitablarında Başqırdıstan Respublikası yazılmaqdadı.
Ancaq türk qaynaqlarında tez-tez “Başqurd”, “başqurt” deyə yazıldığına da rast gəlməkdəyəm.
Başqırdıstan ərazisi boyunca gəzib-dolaşdığım məqamlarda tez-tez bu səsləşmənin iç dünyamda yatdığı nostalji duyğunun havasına uçuna-uçuna qalıram: “başqurd” – yəni baş, böyük, birinci qurd…
Türkçülüyümüzün simvollarından biri… Bozqurdçuluq düşüncəsinin tarixi gəlişmələri…
Hər kəlmədən, sözdən, addan, soyaddan tarixin qırılmaz əliqə bağları boy göstərməkdədi.
Doğma Qarabağımın tale oxşarıdı Başqırdıstan; zaman-zaman rus köçləri hesabına yerli əhalinin say çoxluğuna balta çalınıb. Ayır-buyur siyasətinin göz dağını yaşada-yaşada Rusiya Federasiyasının bir parçasına çevrilib.
Başqurd türkcəsinin Altay dil ailəsinin Türk (Volqa-Ural) qrupuna daxil olması bəlli… Bu dilin eyni zamanda Qıpçaq qrupu və ya qıpçaq-bulqar alp qrupu daxilində sinifləndirilməsi də gerçəklərin gerçəyidir. Dilçilik elminin şəhadəti belədi ki, başqurd türkcəsi tatar türkcəsinə yaxındır.
Başqurdların 8-ci əsrdə Volqa və Cənubi Ural bölgələrində yaşamaları bəlli bir tarixdi. Bu əsrdə türk kökənli başqırd Türklərini Bulqarların şərq qonşusu olması da zaman-zaman yazılıb oxunmaqdadı.
8-9-cu əsrlərdə Fin-Uqor xalqları ilə əlaqələrin qurulduğu tarixin gerçəkliyidi. Volqa, Kama, Tobol və Ural çaylarının çevrəsində tapdıqları rahatlığı gözlərində qoydular. 10-13-cü əsrlərdə Volqa-Kama Bulqarları qənim kəsildi bu dincliyə. Sonra Monqollar gəldilər, gəlimləri ilə də 14-cü əsrin ortalarında İslamı büsbütün qəbul etdirdilər.
1481-ci ildə Qızıl Orda dövlətinin süqutundan sonra mirasçılar arasında bölüşdürülən Başqırdıstanı hərə bir tərəfə çəkməyə başladı.
Tam bir Azərbaycan modeli… Şimala-Cənuba böldülər bizi, o taylı-bu taylı bəxtimiz oldu. Elə bil sevimli şairimiz Məmməd İsmayıl bu misraları ikiyə bölünmüş Azərbaycan üçün yox, həm də Başqırdıstanın taleyinə göz yaşı axıdaraq yazıb:
Nifrət o günə ki, o saata ki,
Bir xalqın iki cür taleyi oldu.
Elə bil xalq şairi Məmməd Araz hər iki xalqın dilindən yazıbmış bu ağrılı misraları:
Mən torpağı bölünməyə öyrəncliyəm,
Heç yarıyan görməmişəm bölənləri də!
Ancaq nə yazıqlar ki, olan olmuş, bölünən bölünmüş, paylaşılmalı olan paylaşılmışdı; Volqa, Kama çaylarının şərqində yaşayan başqırd türkləri Şibanoğullarının (Sibir Tura xanlığının), Volqa çayının qərbində yaşayanlar isə Kazak xanlığının hakimiyyətinə verilmişdi. Heç Noğay mirzələri də paysız qalmamışdılar – Cənub və Cənub qərbdəki bölgələr onların nəzarətində idi…
Ancaq sən saydığını say, gör zaman nə sayacaq… Az keçmədi ki, Şiban Tura xanlığı bütün Başqırd Türklərini bir araya aldı, 15-16-cı əsrlər boyu Başqırdıstanı idarə etdi.
Yeganə təsəlli odur ki, Qızıl Orda süquta uğradıqdan sonra Başqırd türkləri hər nə qədər başqa xalqlara bağlı qalsalar da, özlərinin keçirdikləri və “yiyin” (yığıncaq!) adını verdikləri qurultayda seçdikləri bir başbuğ və 12 üzv tərəfindən idarə edilmişlər.
Sonra gəlir 1557-ci ilin rus hakimiyyəti dövrü. Bu dönəmdən düz 17 il sonra hal-hazırkı, indinin özündə də paytaxt olan Ufa şəhəri salındı.
Ancaq zaman heç nəyi unutdura bilmədi. Rus işğalını heç vəchlə sinirə bilməyən başqırdlar 1664-cü ildə Seyid Batırın rəhbərliyilə üsyan qaldırdılar və bu üsyan tarix kitablarında “Seyid üsyanı” olaraq da qaldı. Vaxt etibarı ilə bu üsyan düz 3 il çəkdi. Həmin vaxtdan etibarən bu üsyanlar intensiv xarakter almış, 1707, 1709-cu illərdə təkrarlanmışdır.
18-ci əsr də belə… Başqırdıstan tarixinin üsyanlar dövrüdü və…həlak olanların xatirəsi hələ də anılmaqdadı.
1917-ci ilin möhtəşəm aldanışına tuş gələn xalqlar sırasında başqırd türkləri ilkdən, əvvəldən gəlir. Həmin ili iyul və avqust aylarında Orenburq və Ufada yığışıb iki qurultay keçirdilər, başqırd bölgəsi şurasını təsis etdilər. Belə ki, müstəqil dövlət qurmağa israrlı idilər. Oktyabr inqilabının məstliyi hələ başlarından çəkilməmişdi, hələ bilməzdilər ki, bolşevik baxışlarının yolu üstündə döngələr var, dönüm var. İlk olaraq ruslar tərəfindən alınmış torpaqlarını geri almağa qərarlaşdırmışdı. İstəyirdilər Muxtar Başqırd Respublikasını yaratsınlar. İlk müstəqil Azərbaycan Cümhuriyyətini yaradanların taleyini yaşamaqdaydı başqırd öncülləri. Başda Əhməd Zəki Vəlidi (Toğan) olmaqla dönməz bir mücadilə açmışdılar hər cür qəsbkarlığa, tiranlığa qarşı. Bu yolda sonacan vuruşdular…

Vuruşdular,
Son gülləyə
Son süngüyə,
Son qundağa qədər
vuruşdular;
Hər şey qırmızı geydi
Daşdan torpağa qədər.
Vuruşdular:
alt dodaqdan
üst dodağa qalxa bilməyən
Səsə qədər.

…Öldülər ayaqlarının altında
Vətən torpağı,
başlarının üstündə
Vətən ulduzları.
Könüldən könülə keçdi
Ümidləri, arzuları…

Baxan olmadı ki, Orenburq, Ufa, Samara, Perm də daxil olmaqla müstəqil Başqırd Respublikasının yaradılmasına qərar verilib. Baxan olmadı ki, bu qərar 22 noyabr 1917-ci ildə “Pravda”qəzetində belə yayılmışdı. Bolşevik mənəmliyi tam ayağa çəkildi, ilk atəş aşıldı və bu siyasi muxtariyyət eşqinin, istəyinin qəlbi al-qana döndü. Eynən Azərbaycan Demokratik Cümhuriyyətinin aqibəti yaşandı Başqırdıstanda. Zəki Vəlidi Türkiyəyə mühacirət etdi.
Deyimmi, yazımmı bir-bir, adbaad?! O illərdən başlayaraq slavyanlara qul kimi satılan 30 min başqırdın (başqurdun) dilindən söylənibmiş kimi xatırlayıram bu misraları:

Hər yerdə Günəşdi mənə bayraq,
Baş əymərəm aləm yağı olsa,
Qan axsa da sel tək bədənimdən.

Ölsən qalacaqdır bədənim sağ,
Düşmən mənə əl vursa, əminəm,
Atəş alacaqdır kəfənimdən.

Bəs həmin çağlarda torpaqları zorla əllərindən alınmış və eyni basqı altında da xristianlığa sövq edilmiş, calaşdırılmış başqırd türklərinin nisgili, durumu necə? Nəylə, hansı sözlə, münasibətlə ifadə edəsən? Görkəmli başqırd şairi Mustay Kərimin aşağıdakı misralarıylamı ağı deyib, yas saxlayaq bu qəmli hekayətə:

Üç gündür qar yağır, sulu qar,
Üç gündür qar yağır durmadan…
Sızlayır canımda yaralar,
Üç gündür qar yağır durmadan…
Yaramın dibində qırma var.

Sızlayır yara da, dəmir də,
Elə bil qoca bir günahkar
tərpənir, çevrilir qəbirdə.
Sızlayır yaralar durmadan,
Üç gündür qar yağır durmadan…

Üç gün yox ey, lap bir il, bir qərinə, bir era yağsa belə o qanı, o qəbirdə tərpəşib çevrilə-çevrilə qalan qoca günahkarın vicdan qarasını yuyub-təmizləyə bilərmi?
Yaralar keyiyib, sozalarmı heç?
Yağıya, düşmənə azalarmı acığımız?!
Əriyərmi canımızda qırmalar?
Bu düşüncələrlə baş-başa Qazax şairi Soslan Bayqoranın “Əsir Qazraçay” şerindən oxuduğum misralar birər-birər dolaşır yaddaşımda. Elə bil Slavyanlara qul kimi satılmış o 30 min başqırd insanının son pıçıltıları tökülüb vərəqdə qalıb:

Biz şairin vadilərdə düzülüb,
Doğulduğumuz yerdən üzülüb.
Xalqımızın taleyi bəxş oldu dumanlara,
Onlar bizim doğmaları boyadılar qanlara.
Xəstə ixtiyarlar, qadın cocuqlar,
Savaşda qalmışdılar evdə…
Əsir olub gedənlərin övladları
Bu yurd üçün qanlı savaşdardılar.
Bax, gedirəm vadilərdə düzülüb,
Doğulub-böyüdüyümüz yerimizdən üzülüb.

Nöqtəsindən vergülünəcən belədi… Həm də elə bil ki, bizim Şuşa, Xankəndi, Kəlbəcər, Laçın, Xocalı, Ağdam, Füzuli, Qubadlı, Zəngilan, Göyçə, Vedi, Cəbrayıl qaçqınlarının dilindən yazılıb. Fərqinə vardıqca, fikir etdikcə görkəmli balkar şairi Qaysın Quliyevin şeirindən misralar düşür yadıma:

Analar hər yerdə bir cür ağlar,
Harda tökülürsə qırmızıdır qan…

Dilimiz eyni kökdən, ruhumuz eyni mənbədən gəlmədi. Dərdimiz-bəlamız da elə: Azərbaycan XX əsrin sonunda ikinci dəfə dövlət müstəqilliyini elan elədi, əvəzində 1990-cı ilin 20 Yanvar gülləbaranına hədəf oldu…
Həmin ilin 15 oktyabrında başqırdlar öz dövlət müstəqilliklərini elan etdilər, amma Kremlin şovinizm siyasəti yenə də bu azadlıq duyğusunu həzm edə bilmədi, onların müstəqilliyini tanımadı. Əvəzində yeni türk mübarizəsi, dirənişi bayraq kimi dalğalanmağa başladı, 1991-ci ildə başqırd gəncləri parlament binası üzərindən Rusiyanın bayrağını endirərək yerinə Başqırdıstanın bayrağını asdılar.
…Asdılar və Başqırdıstana Muxtar Respublika statusu verildi. Başqırdlar türkçülük, müstəqillik əzmini dönüb, dönüb yenidən də ortaya qoydular. Nə yazıqlar ki, yenə də “qoca günahkarların” cəsədləri öz gorbagorluqlarından əl çəkmədi. Mükəmməl şəkildə yiyələndikləıri “ayır-buyur” siyasətinin başını buraxmadılar. Hər vəchlə etnik tərkibləri baxımından çox yaxın, doğma olan başqırdlarla tatarlar arasında gizli nifrət, kin toxumları cücərdilməyə başlanıldı. Fərqinə vardıqca, dərinliklərinə gedildikcə bu qardaş, eyni kökdən gələn xalqların 10 min ildən əvvəllərə gedib çıxan tarixi bağlarına etinasızlıq göstərənləri bir araya gətirib, bir ocaq başına cəm edib, onlara qədim Hun imperatorluğu, Atilla, Mete nağılı danışmaq istəyirsən. Qırx çubuğu bir yerdə bağlayıb “alın, sındırın!” – deyə hayqırmaq istəyirsən. Əlacsız qaldıqlarını görüb həmin çubuqları ayrı-ayrılıqda sındırmağın təcrübəsini icra etmək hikkəsiylə dolursan. Demək istəyirsən ki, açın gözlərinizi, baxın, görün, düşünün… Yadınıza salın 1552-ci ildə yağı düşmənə qarşı birlikdə qaldırdığınız üsyanları, dilinizdə bayraq kimi dalğalandırın “Ural-Batır” dastanının bəyan etdiklərini, işdə, əməldə bir olun…
Siz ey dörd əsr birlikdə yaşayanlar!..
Siz ey dörd əsr boyu qaynayıb-qarışanlar!..
Sıx-sıx soruşmağım gəlir: “Kazan şəhərindəki mədrəsələrlə Başqırdıstanın Orenburq, Kargah, Ufa, Troyskiy, İsterlibaş və s. şəhər və qəsəbələrindəki mədrəsələrin təlim-tərbiyə üsulları arasında zaman-zaman bir fərq görüb-elədiyiniz oldumu?” Volqa və Sibir tatarları ilə demək olar ki, hər barədə oxşarlığı olan başqırdları tatarlardan ayıran ən böyük fərq sadəcə olaraq dillərindəki şivə fərqləri deyilmi? Nə olsun ki, tatarcadakı “e” başqırdcada “s”, tatarcadakı “s” başqırdcada “h”, “z” isə “s” kimi səslənir?..
Din iman ki, bir kökdən gəlir, tarix-mədəniyyət gəlişmələri ki, eyni doğmalıqdan qaynaqlanır… Eyni doğmalıqla azadlıq nəğməkarı Xəlil Rza Ulutürkün düşüncə, ruh dili ilə qonuşmaq istəyirəm qarşıma çıxan, hər görünüşüylə mənə doyumsuz bir doğmalığı, hansısa doğma bir sifəti xatırlatmaqda olan dodağı qarğı tütəkli başqırd yeniyetmələrinə:

Bu dünyada otun, suyun,
Torpağın da yaddaşı var.
Sındırılmış bir budağın,
Söndürülmüş ocağın da
yaddaşı var.
Nallı çəkmə altındaca
qolu çıxan kuklacığın,
Miz üstündə yetim qalan
bir qələmin, varağın da
yaddaşı var…
…Nə qədər ki, bir milləti
yetmiş yerə bölənlər var…
…Nə qədər ki, sıxıb bizi
Limon kimi sümürən var,
…Bir millətin mənliyini
tamam-tamam talayan var.

Nə qədər ki, o qansızlar durur hələ,yox, unuda bilmərik biz “ağ canavar iştahıyla yurdu söküb-tökənləri…”
Unudulmaz bir qədimliklə doyumsuz bir çağdaşlıq üzvü şəkildə çuğlaşıb, qaynayıb-qarışıb Başqırdıstan mənzərələri boyunca… Sürətli, hər məqamı can sıxan vaxt darlığı ilə izlənən yolçuluğum boyu rastıma çıxan, böyür-başımdan ötüb keçən məqamları büsbütün yaddaşıma köççürmək istəyirəm; Bu görünən elektrik dirəkləri, səliqə-səhmanlı çay qırağı tam müasir, çağdaş günlərimizin havası boyuncadı. Uçaqla uçurum başı üstündən, avtomaşınla şütüyüb keçirəm ormanlar boyu… Bəs başı az örpəkli, kəlağayılı, koftalı-tumanlı bu başqırd qadını hansı zəmanədən, tarixdən gəlir? Kəhər at üstündə dayanan igid hansı bir sehrli sözdü ki, deyir sevdiyinin qulağına, eşidib-bilmədən dodağım qaçır. Hələ o araba, o qoşqu, o yol hayandan başlayıb gedir hayana?! Kərəsi, kürəsi çox tanış gələn bu qoyun sürüsü nə bərəkətli, elat ətirlidi başdan-binədən…
Sən ey at üstündə heykəlləşərək tarixin izinə dönən batırım, işləmə xələtli, xəz çəpkənli qız, bir az yaxına gəl, bir az bəri dur. Şaman dualar keçir könlümdən.

DİLİMİZİN “AX EY, AX EY, AX EY” DOĞMALIĞI

Bütün türk oymaqları, türk elləri boyunca gəzib dolaşdığım anlarda könlümü iki doyulmaz səsə-sədaya yayla yapdım ki, onun biri qos-qoca came minbərlərindən sonsuz göy üzünə, səmaya qanadlanan azan səsi idi; Elə bir ucadan insanları Allah yoluna, halallığa, paklığa səsləməkdəydi. Bir də kökü çox-çox qədimliklərdən qaynaqlanan türk insanlarının qərib, ruhun içinin-içini titrədib keçən doğma mahnılarının “Ax-ey, ax-ey, ax-ey” harayı, səslənişi… Başqırd türklərini belə gördüm, balkarları eyni duyğuyla dinlədim, uyğunlarla bu dildə konuşdum, tatarlara, taciklərə, özbəklərə bu doğma sədayla, hayla-harayla salam verib, əleyküm aldım. Elimə bənzəyən elləri gördüm. Qırğız şairi Suyunbay Elalıyevin aşadıdakı misralarını başqırd şairi Mustay Kərimin qələmindən çıxmış kimi köçürdüm yaddaşıma. Elə bil bir ananın doğmaca şair oğullarının ruhunu dinlədim:
Müdrik Altay!
Vaxt tapıb hərdən
Oğluntək gəlirəm sənin səcdənə.
Böyüklük, ucalıq başlanan yerdə
Dərdlərim çox xırda görünür mənə.

Bu, həm də mənim öz fikir və düşüncələrimin şəkli, ifadəsi kimidi. O gözəlim Başqırdıstanın çiçəyinə çiçək, ormanına orman, geniş vidilərinə vadi bənzəməyən özəlliklərini seyr etdikcə ruhumu dincələn gördüm, gündəlik qayğılarım, həyati problemlərim xırda, çox balaca göründü mənə.
Başqırdıstanın rəsmi dövlət gerbində təsbit olunan atlı batır rəsmi Avropa-Asiya arası, Volqa çayı və onun bir qolu olan Ufa çayının əraziləri boyunca köç-düş edən, atlarını səhər Belaya, axşam Kama çaylarında suvaran dost-doğma başqırd insanının həyat tərzini kıpır-kıpır pıçıldadı qulaqlarıma.
Bayraqları bayrağımız kimi üçrənglidi. Fiziki xəritəsi Azərbaycan xəritəsinin eyni, oxşarıdı; param-parça edilmiş yurd-yuva xətləri elə bir ucdan qəlbimi göynətməkdədi. Ümumi görünüşü əngün səmalardan böyük çölə boylanıb baxan qərib quş şəklindədi – elə bil zaman-zaman pərən-pərən salınmış, yuvasının hər çöpü bir dəli ruzigar əlində getmiş yuvasız quşcığaz öz doğmalarından, yurd-yuvasından qalan doğma bir xatirə nişanəsi arayıb-axtarır.
O gözəlim xəritə bütövlükdə türk narahatlığının, türk qəribliyinin, türk duyğusallığının şəkillənməsi kimidi. Bu xəritəyə baxa-baxa Türk dünyasının ən böyük məfkurə daşıyıcılarından olan başqırd Zəki Vəlidi Toğanı göz önünə gətirirəm… Bir şəkilləmədə onu rus inqilabının fikir babası V.İ.Leninlə söhbətləşən görürəm; özüylə Kırım tatarı olan Ulyanov soyadlı bir müəllifin kitabını götürüb… sözarası soruşur ki, Vladimir İliç, sizə elə gəlmirmi ki, bu kitabın müəllifi olan Ulyanov sizin babalarınızdan biri olub? Behiştlik Zəki Vəlidi Toğanın V.İ.Leninə anlatmaq istədiyi mətləbin çəkisi bir kitablıq söhbətin mövzusudu. Bu behiştlik zatın Stalinlə olan söhbətlərindən Başqırdıstan təəssübü lap yuxarı başdan keçib. Rusiya tərəfindən təqiblərə uğramışdı, canından çox sevdiyi ölkəsini tərk etmişdi. Türkiyəyə getmiş, uzun illər İstanbul Universitetlərində dərs demişdi. İndi bütün bunlar zamanın əlyetməzliyində qalıb.
Gerçək həyatda isə Başqırdıstan hal-hazırda özünün parlamentinə, Konstitusiyasına sahiblik edən Muxtar Respublikadı. O, Rusiya bölgələri arasında xam neft istehsalına görə birinci yeri tutur. Burada ildə 60 milyon ton neftayırma işləri gerçəkləşdirilir. Mağazalarda satılan qida məhsullarının 60-70 faizi yerli məhsullardı. Rusiya Federasiyasının ən böyük şəkər istehsalı fabrikləri Başqırdıstan ərazisində yerləşməkdədi. Ət, süd, konserv fabrikləri də ki, öz yerində…Təsadüfi deyil ki, bu gün Başqırdıstan Rusiya Federasiyasında yatırım riskinin ən az olduğu bölgələrdən biri kimi tanınır.
Bütün bunlar Türk ruhunun halallığından, Türk zəhmətkeşliyindən qaynaqlanır. Yazmaqla, söyləməklə bitib-tükənən deyil. Aramızda olan türk əxlaqı, ruh doğmalığı babaların əmanətidi. Gərək əzizdən-əziz, doğmadan-doğma tutaq, ən ağır gündə də, ən xoş anda da bir-birimizin yanında olaq… Əmir Teymur demiş, biz ki, Mülki Turan, əmiri Türküstanıq…