Qənirə Paşayeva Beynəlxalq Sammitdə-Fotolar

Millət vəkili Q. Paşayeva Avstraliyada Ümumdünya Qadın Sammitində Azərbaycanla bağlı çıxışlar edib

 

Millət vəkili Q. Paşayeva Avstraliyada, Sidneydə dünya qadınlarının “Davos”u kimi tanınan Ümumdünya Qadın Sammitində çıxışlar edib, müzakirələr zamanı təkliflərlə çıxış edib. Dünyanın 50-dən artıq ölkəsindən 1000-dən artıq qadının qatıldığı sammitdə müxtəlif ölkələri təmsil edən vitse-prezident qadınlar, nazir qadınlar, yüksək dövlət vəzifəsi tutan, ictimai-siyasi xadim olan qadınlar, millət vəkilləri, işgüzar qadınlar, böyük şirkətlərin qadın idarəçiləri, qeyri-hökumət rəhbərləri xanımlar qadınların ictimai-siyasi həyatda, dövlətin və cəmiyyətin idarə olunmasında, xüsusilə iqtisadiyyatda, biznesdə rolunun artırılması istiqamətində müzakirələr aparıb, konkret təkliflərlə çıxış ediblər. Q.Paşayeva sammitin işində iştirak və çıxışlar etməklə bərabər, müzakirələr zamanı təkliflərlə çıxış edib və müxtəlif ölkələrdən gəlmiş fəal qadınlarla da görüşərək onlara Azərbaycanla bağlı, onun tarixi, mədəniyyəti, bu günü, inkişafı, iqtisadi imkanları, qadınların cəmiyyətdə geniş rolu ilə bərabər Dağlıq Qarabağ problemi ilə də bağlı məlumatlar verib. Millət vəkili bildirib ki, Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti yeridərək, Azərbaycanın 20 faiz torpağını işğal edib və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün 20 ildən artıqdır ki, öz yurd-yuvasına dönə bilmir. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları və soyqırımlar, əsir və girov götürülmüş azərbaycanlılar barədə məlumatlar verən millət vəkili Q.Paşayeva vurğulayıb ki, Ermənistan BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, Beynəlxalq Təşkilatların qətnamələrinə məhəl qoymur və 100 minlərlə azərbaycanlı qaçqın və məcburi köçkün qadın, dünyanın harasında yaşamasından asılı olmayaraq, bu tədbirdə iştirak edən yüksək səviyyəli qadınlar başda olmaqla dünyanın nüfuzlu, aktiv qadınlarının bu ədalətsizliyə sərt etiraz etməsini, öz yurd-yuvalarına dönmələri üçün onların dəstəyini və bu istiqamətdə səylərini gücləndirmələrini gözləyirlər. Millət vəkili Azərbaycanda qaçqın və məcburi köçkünlərin, qadınların və uşaqların problemlərinin həlli istiqamətində görülən işlər barədə də danışıb. Q.Paşayeva görüşlər zamanı Azərbaycanda qadın məsələləri ilə bağlı vəziyyətlə də bağlı məlumat verib. Millət vəkili Q.Paşayeva Azərbaycan qadınların cəmiyyətdə rolu ilə bağlı da danışıb və fikir mübadiləsi olub. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Azərbaycanın iqtisadi inkişafı barədə məlumatlar verən Q.Paşayeva tədbir iştirakçıları ilə yanaşı, işgüzar xanımları da Azərbaycana dəvət edib. Qeyd edək ki, dünyanın 50 ölkəsindən 1000-dən artıq nümayəndənin iştirakı ilə keçirilən sammitdə qadınların iqtisadi həyatlarının yaxşılaşdırılması və qlobal çiçəklənmənin təmin edilməsi strategiyası, qadınlar və qızlar üçün iqtisadi imkanlar, iqtisadiyyatın yüksək gəlirli sektorlarında qadın sahibkarların rolu və başqa məsələlər müzakirə edilir.