Qənirə Paşayeva “Buna son qoyulması üçün addımlar atılmalıdır”

Millət vəkili Qənirə Paşayeva  MM-də Hesablama Palatasının hesabatının müzakirəsi zamanı sənəddə öz əksini bir sıra problemlər haqqında danışıb və müvafiq qurumları qısa bir zamanda onları həll etməyə çağırıb

Millət vəkili Qənirə Paşayeva  bu gün MM-də Hesablama Palatasının hesabatının müzakirəsi zamanı çıxış edib, hesabatı dəstəklədiyini deyib və hesabatda öz əksini tapan bir sıra problemlər haqqında danışaraq müvafiq qurumları həmin məsələlərə daha çox diqqət ayırmağa çağırıb: “Respublika üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların cəlb olunma faizinin ciddi şəkildə artmaması bizi ciddi narahat etməlidir və ümid edirik ki, bu vacib problemin həlli istiqamətində cənab Prezidentin verdiyi son tapşırıqlar və  bu gün Milli Məclisdə 3cü oxunuşda müzakirə olunacaq “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ciddi rol oynayacaq. Hesabatda deyilir ki, rayonların (şəhərlərin) yerli xərclərində məktəbəqədər uşaq müəssisələrində ərzaq xərcinin uşaq günlərinin sayına uyğun proqnozlaşdırılmaması nəticəsində bir uşaq gününə düşən ərzaq xərci müxtəlif rayonlarda bir-birindən çox fərqli olmuşdur. Eyni zamanda yerli xərclərdə nəzərdə tutulmuş ərzaq xərcinin məktəbəqədər uşaq müəssisələri arasında uşaq gününə uyğun bölüşdürülməməsi nəticəsində bir uşaq gününə düşən ərzaq xərci rayon(şəhər) ərazisində yerləşən ayrı-ayrı məktəbəqədər uşaq müəssisələri üzrə də fərqli olmuşdur. Qeyd olunanlar bu sahədə kifayət qədər subyektiv məqamların olduğunu göstərir və buna son qoyulması üçün addımlar atılmalıdır. Hesabatda deyilir ki, səhiyyə müəssisələrində çarpayı günlərinin icra göstəricilərinin 35,6-80,6 % arasında olmasına baxmayaraq, vakant ştatlar mövcud tibb işçiləri arasında bölüşdürülərək əmək haqqı fondunun səmərəsiz istifadəsinə səbəb olur. Bu məsələ Hesablama palatasının ötən ilki hesabatlarında da vurğulanırdı. Bu sahədə ciddi islahat və vəsaitin doğru xərclənməsi lazımdır. Həmin vəsait həkimlərin maaşının artırılmasına və ya bəzi proqramların daha yaxşı maliyyələşməsinə ayrıla bilər. Məsələn, böyrəkköçürmə əməliyyatı. Böyrəkköçürmə əməliyyatına ehtiyacı olan bir seçicimin əməliyyatı ilə bağlı müvafiq qurumlara müracəit etdikdə məlum oldu ki, 2017-ci əvvəlindən aprel ayınadək çox az sayda insanın əməliyyatı üçün vəsait ayrılıb, amma bu əməliyyata ehtiyacı olanların sayı daha çoxdur. Eyni zamanda hesabatda deyilir ki, mərkəzi rayon xəstəxanaları tərəfindən 2013-2015-ci illərdə “Dərman preparatlarının və sarğı ləvazimatlarının alınması” və “Ərzaq məhsullarının alınması” paraqrafları üzrə xərclərin proqnozlaşdırılmasına və icrasına dair təqdim olunmuş məlumatların təhlili nəticəsində müəyyən edilmişdir ki, əksər hallarda çarpayı günlərinin icrasının proqnoza nisbətən az olmasına baxmayaraq, dərman və ərzaq xərci mütənasiblik gözlənilmədən tam icra edilmiş və ya bir çarpayı gününə düşən faktiki xərc proqnozlaşdırılmış xərcdən artıq olmuşdur. Hesabatdan görünür ki, bu sahədə də ciddi islahatların aparılmasına və maliyyə vəsaitinin xərclənməsinə nəzarət mexanizmləri güclənməlidir. Hesabatda da vurğulanır ki, rayonlar üzrə dərman və ərzaq xərclərinin proqnoz göstəricilərinin çarpayı günləri ilə müqayisəli təhlili nəticəsində bir sıra uyğunsuzluqlar müəyyən edilmişdir. Eyni zamanda dərman xərci proqnozlaşdırılarkən rayonlar üzrə çarpayıların və çarpayı günlərinin nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci də müxtəlif olub. Hesabatda öz əksini tapan bu məlumatlar bu sahədə islahatlarının sürətlənməsinin və maliyyə vəsaitlərinin doğru xərclənməsinə nəzarətin gücləndirilməsinin vacibliyini bir daha ortaya qoyur. Hesabatda öz əksini tapan digər bir vacib məsələyə toxunmaq istəyirəm. Özəlliklə yaz və yay aylarında bir sıra vətəndaşlarımızın Sudan İstifadə Edən Birliklər tərəfindən suvarma suyunun satış qiymətinin bir çox hallarda əsaslı olmaması ilə bağlı müraciət və şikayətlərinə cavab olaraq bu sahəyə nəzarət edən qurum “belə şey ola bilməz”- deyə cavab verirdi. Amma Hesablama Palatasının hesabatında “Sudan İstifadə Edən Birliklər tərəfindən suvarma suyunun satış qiymətinin müəyyənləşdirilməsi bir çox hallarda əsaslı olmamışdır”- deyilir. Əkin mövsümünün başladığını nəzərə alaraq müvafiq qurumlar bu məsələlərə daha ciddi diqqət yetirməli və bu istiqamətdə vətəndaşın narazılığının artmamasına çalışmalıdır.”