Qənirə Paşayeva çağırış etdi

XALQ.AZ xəbər verir ki, Millət vəkili Qənirə Paşayeva Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) “Ermənistanın Cənubi Qafqazda etnik separatizm siyasəti və regionun təhlükəsizliyi” mövzusunda Beynəlxalq konfransda çıxış edib. İşğalçı Ermənistanın işğal etdiyi torpaqlarımızı azad etməsi istiqamətində heç bir addım atmaq niyyətində olmadığını görmək o qədər də çətin deyil deyən millət vəkili Q.Paşayeva ordumuzun daha da güclənməsinə, beynəlxalq aləmdə görülən işlər,  Qarabağ məsələsində diplomatik uğurlarin daha da artmasına baxmayaraq, biz hamımız, dünyanın hər yerində yaşayan soydaşlarımız işğalçı Ermənistana, erməni diasporu və lobbisinin yalanlarına qarşı dünyada görülən işləri daha da sürətləndirməliyik dedi: “Suriyadan işğal olunmuş ərazilərimizə ermənilərin köçürülməsinin Dağlıq Qarabağ münaqişənin həllinə, beynəlxalq təşkilatların prinsip və qətnamələrinə zidd olmasını beynəlxalq ictimaiyyətə daha geniş yaymalıyıq. Çünki Ermənistan işğal etdiyi torpaqlarımızda etnik təmizləmə siyasəti apardıqdan sonra Dağlıq Qarabağa və özəlliklə oradakı strateji nöqtələrə ermənilərin süni köçürülməsini daha da geniş davam etdirir”. Millət vəkili Q.Paşayeva bildirib ki, işğalçı Ermənistan işğal etdiyi torpaqlarımızda insanlarımıza qarşı soyqırım və etnik təmizləmə siyasəti apardıqdan sonra bu günə qədər oradakı tarixi, mədəni abidələrimizi, hətta qəbiristanlıqlarımızı dağıdaraq o bölgələrimizdə azərbaycanlıların tarixini yox etmək istəyir və bu dəhşətli cinayətləri dünyaya daha geniş duyurmalıyıq. Millət vəkili Q.Paşayeva çıxışında qeyd edib ki, işğalçı Ermənistan, erməni lobbisi və diasporu Azərbaycan əleyhinə təbliğatı daha da artıraraq bundan Qarabağ problemində öz maraqları üçün istifadə etməni genişləndirirlər: “Ona görə də virtual məkanda, sosial media və şəbəkələrdə gənclərimiz erməni yalanlarına qarşı mübarizədə, Qarabağ həqiqətlərinin təbliğində daha da fəal olmalıdır, elmi platformalarda da bu mübarizəni daha genişləndirməliyik. Diaspor təşkilatlarımız, diasporumuzun hər bir üzvü yaşadığı ölkədə bu məsələlərə daha geniş diqqət ayırmalıdır. Ermənistanın separatizmə, terrorizmə verdiyi dəstək və törətdiyi cinayətləri daha geniş duyurmalıyıq. Ermənistanın PKK terror təşkilatı da daxil olmaqla, bir çox terror təşkilatlarına verdiyi böyük dəstəyi, terrorçulara ucaltdığı abidələri bütün dünyaya daha da geniş duyuraraq Ermənistanın və ermənilərin xislətini bütün dünyada daha geniş göstərməliyik”, – deyə çıxışında millət vəkili deyib.