Qənirə Paşayeva məmurlara çağırış etdi

Millət vəkili Q.Paşayeva MM-də əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb.

MM-in bugünki iclasında “Əlillərin hüquqları ” ilə bağlı yeni qanun layihəsinin birinci oxunuşda müzakirələri zamanı millət vəkili Qənirə Paşayeva bildirib: “Ölkədə 620 min əlilliyi olan insan var və ölkə əhalisinin 6 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir. Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də əlillər işlə bağlı ciddi problemlə üzləşirlər və dəstək gözləyirlər. Əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində ciddi dönüş yaratmaq üçün ciddi işlər görülməlidir. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hesab edirəm ki, yeni qanun layihəsində də əlillərin iş, çalışmaq, əmək hüquqları məsələsinə ciddi önəm verilməlidir və bu istqamətdə qanunların həyata keçirilməsi mexanizmləri gücləndirilməlidir. Müvafiq qurumları bu məsələyə xüsusi diqqət göstərməyə çağırıram. Millət vəkili Q. Paşayeva əlillərin hüquqları ilə bağlı yeni qanun layihəsində əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə də çıxış edib. “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin. Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı. Ümumiyyətlə isə əlil gənclərin ali və ya peşə təhsili almasına daha çox stimullaşdırılması və bu istqamətdə hüquqları daha güclü şəkildə əks olunmalıdır. Eyni zamanda əlillərin məlumat almaq hüquqları ilə bağlı məsələlərə də xüsusi diqqət olunmalıdır. Eşitmə imkanları olmayan əlillərimizin televiziyalarımızda məlumat, xəbər almaq imkanları yox dərəcəsindədir. Bu məsələdə ciddi dönüş olmalıdır. Eyni zamanda nəqliyyat vasitələrində metrodan, avtobuslardan və digər nəqliyyatlardan əlillərin istifadə edə bilmək imkanları çox pis vəziyyətdədir və onların nəqliyyatdan istifadə edə bilmək hüquqları ilə bağlı ciddi işlər görülməlidir. Eyni zamanlarda yol infrastrukturunda, rəsmi qurumlarda, binalarda əlillərin hərəkət edə bilməsi üçün imkanlar genişlənməlidir və ciddi problemlər aradan qaldırılmalıdır. Eyni zamanda Qarabağ müharibəsi əlillərinin hüquqlarının müdafiəsi ilə də bağlı yeni qanunda daha geniş məsələlər öz həllini tapmalıdır və ümid edirəm ki müzakirələr və qəbul edilən sənəd əlillərin hüquqlarının daha çox müdafiəsinə xidmət edəcək. Çünki buna ciddi ehtiyac var.