Qənirə Paşayeva Malaziyada Azərbaycanla bağlı geniş məruzə ilə çıxış edib – FOTOLAR +VİDEO

Malayziya Milli Kitabxanasında Azərbaycanın bu ölkədəki səfirliyinin təşkilatçılığı ilə Milli Məclisin deputatı, yazıçı-dramaturq Hüseynbala Mirələmovun və Viktor Andriyanovun həmmüəllifləri olduqları “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının malay dilində nəşrinin təqdimat mərasimində çıxış edən Azərbaycan-Malayziya parlamentlərarası işçi qrupunun üzvü Qənirə Paşayeva çıxış edərək, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində belə bir mühüm tədbirin təşkilinə görə Malayziya Milli Kitabxanasına və Azərbaycanın Malayziyadakı səfirliyinə minnətdarlığını bildirib.

O, “Görkəmli adamların həyatı. Bioqrafiya davam edir” silsiləsindən “İlham Əliyev” kitabının Azərbaycanın uğurları və nailiyyətləri ilə tanış olmaq üçün mühüm vasitə olduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin dost Malayziya ilə əməkdaşlığın daha da genişləndirilməsinə daim xüsusi diqqət göstərdiyini qeyd edən deputat Milli Məclisin Malayziya parlamenti ilə əməkdaşlığı genişləndirmək əzmində olduğunu diqqətə çatdırıb.

Azərbaycanla Malayziya arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğu bildirən Q.Paşayeva Prezident İlham Əliyevin rəhbərliyi altında bu istiqamətdə işin davam etdiriləcəyinə inamını ifadə edib: “Biz bu gün Azərbaycanın prezidenti, Malaziyanın da dostu olan İlham Əliyevin haqqında yazılmış kitabın təqdimatına toplaşmışıq. Əslində Azərbaycan prezidenti haqqında yazılmış bu kitab eyni zamanda Azərbaycanın keçdiyi yolu, əldə etdiyi uğurları görə bilmək üçün çox önəmli bir vəsaitdir və Malziyadakı bütün dostları bu kitabı oxumağa çağırıram.  Azərbaycan prezidenti İlham Əliyev hər zaman dost Malaziya ilə əməkdaşlığın daha da genişlənməsinə xüsusi diqqət yetirib. Azərbaycan prezidenti və xalqı Dağlıq Qarabağ problemi, Azərbaycanın ərazi bütovlüyü, işğal edilmiş torpaqlarınımızın  azad edilməsi istiqamətində Malaziyanın Azərbaycana dəstəyini, yəni ədaləti dəstəkəməsini  hər zaman yüksək qiymətləndirir və biz inanırıq ki, bu dəstək daha da artacaq.

Malaziya ilə ölkəmiz arasında əməkdaşlığın genişlənməsi istqamətində bir çox işlər görülsə də, hələ də bunun üçün böyük potensial var və biz inanırıq ki, prezident İlham Əliyevin rəhbərliyi altında qarşıdakı 7 il ərzində də bu istiqamətdə işlər daha da genişlənəcək. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında Azərbaycan bütün istiqamətlərdə böyük uğurlar qazanıb. Azərbaycan bu gün Cənubi Qafqaz regionunun ən inkişaf etmiş ölkəsi olmaqla yanaşı qərblə şərq, qərblə müsəlman dünyası arasında önəmli bir körpü rolunu oynayaraq dünya səviyyəsində mədəniyyətlərarası dialoqa böyük töhfələr verir.  Azərbaycan prezidenti və ölkəmizin Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu gün Azərbaycan mədəniyyətlərarası dialoqun yaşandığı ən gözəl və örnək  ölkələrdən biri olmaqla yanaşı çoxlu sayda beynəlxalq tədbirlərə ev sahibliyi edir, təşəbbüslərlə çıxış  edir.

Azərbaycanın həyata keçirdiyi böyük enerji layihələrində dünyanın nəhəng neft-qaz şirkətləri o cümlədən dost Malayziyanın Petronas şirkəti də fəal çalışır.  Azərbaycan Böyük İpək yolu, TRASEKA, Cənub-Şimal nəqliyyat dəhlizi kimi beynəlxalq layihələrdə əsas ölkələrdən biridir və məhz İlham Əliyevin rəhbərliyi sayəsində bu istqamətlərdə də böyük uğurlar əldə edilmişdir.  Biz inanırıq ki Azərbaycanla əməkdaşlıq edən Malaziya şirkətlərinin sayı daha da artacaq, çünki bunun üçün geniş imkanlar var. Əziz dostlar,mən Azərbaycan Parlamentində Azərbaycan-Malayziya Paramentlərarası Dostluq Qrupunun üzvüyəm.   Bildirmək istəyirəm ki Azərbaycan Parlamenti də dost Malaziya Parlamenti ilə əməkdaşlığı daha da genişləndirir və bu işbirliyinin gələcəyə doğru daha da güclənəcəyinə inanırıq”.

Millət vəkili Q.Paşayeva Azərbaycanın gözəl təbiəti, zəngin tarixi və mədəniyyəti, uğurları və nailiyyətləri ilə tanış olmaq üçün qonaqları ölkəmizə səfərə dəvət edib:”Sizin hamınızı gözəl ölkəmiz Azərbaycana dəvət edirəm. Azərbaycan təbiət gözəlliyi ilə yanaşı böyük mədəniyyətə və gözəl mətbəxə sahib bir ölkədir. Bütün müsəlman şərqində ilk operanın, ilk teatrın, ilk qəzetin çıxdığı ölkəni və bütün müsəlman şərqində ilk dəfə qadınlara seçmək və seçilmək haqqı verən bir ölkəni görmək istəyirsinizsə, sizi Azərbaycana, gözəl ölkəmizə dəvət edirəm.  Siz orada bu kitabda oxuduqlarınızı, yəni əldə edilmiş böyük nailiyyətləri də yerində görə biləcəksiniz və mən əminəm ki,  Azərbaycanı çox sevəcəksiniz. İnşallah Azərbaycanda görüşərik”

XALQ.AZ xəbər verir ki, Millət vəkili Q.Paşayeva  Malayziya Milli Kitabxanasının rəhbərliyi ilə də görüşüb və əməkdaşlığın genişləndirilməsi istiqamətində maraqlı fikir mübadiləsi olub. Tədbir və görüşlərdə Azərbaycanın fəal qadınlarından ibarət heyət də iştirak edib.

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

Elgün