Qənirə Paşayeva “Qarabağ probleminin tənzimlənməsində obyektiv, ədalətli mövqe tutulmur”

Millət vəkili Q.Paşayeva MM-də işğal altında olan ərazilərlə bağlı qanunun qəbul edilməsini təklif edib və ATƏT-in Minsk Qrupu ölkələrini tənqid edib

Millət vəkili Q.Paşayeva MM-in yaz sessiyasının açılışında, Milli Məclisin 2018-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında Azərbaycan Respublika Milli Məclisinin qərarının layihəsi barədə müzakirələrdə gündəliyə işğal altında olan ərazilərlə bağlı qanun layihəsinin də salınmasını təklif edib və qəbul edilməsinin vacibliyini vurğulayıb:”Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə etirazlarımıza baxmayaraq, hələ də qanunsuz səfərlər edilir, Azərbaycandan icazə alınmır. Bu səfərləri edənlərin çoxu da Qarabağ münaqişəsinin həlini öz üzərinə götürən ATƏT-in Minsk qrupuna daxil olan ölkələrin təmsilçiləridir. Ona görə də belə qanunsuz səfərlərin qarşısını almaq məqsədi ilə “İşğal olunmuş ərazilər haqqında” qanun layihəsinin hazırlanması və qəbuluna ciddi ehtiyac var. Biz nəhayət, belə bir qanunu qəbul etməliyik. Mən Xarici İşlər Nazirliyimiz tərəfindən arzuolunmaz şəxslər elan edilmiş, yəni Azərbaycan dövlətinin icazəsi olmadan onun Ermənistan tərəfindən işğal olunmuş torpaqlarına qeyri-qanunu səfərlər edən insanların siyahısına baxdım. Siyahıdaki insanların çoxu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri və üzvü olan ölkələrin vətəndaşlarıdır. Bu ölkələr münaqişənin tənzimlənməsində obyektiv, ədalətli mövqe tutmalıdırlar, amma vətəndaşları qanunsuz olaraq Azərbaycanın işğal altında olan torpaqlarına qanunsuz səfərlər edən ölkələr arasında liderlik edirlər. Arzuolunmaz şəxslər siyahısına baxdıqda görürük ki, son 5 ildə onların sayı artır. Azərbaycan dövlətinin icazəsi olmadan onun işğal altında olan ərazilərinə səfər edən siyasətçilər, QHT, sənət insanları ilə yanaşı turistlərin, orada bizneslə məşğul olan və ya o bölgələrlə biznes əlaqələri olan xarici vətəndaşların, şirkətlərin də sayı artır, çünki işğalçı Ermənistan bununla bağlı qeyri-qanunu əməllərini davam etdirir və bu məsələ ilə bağlı xüsusi siyasət həyata keçirir. Onların işğal altında olan Azərbaycan torpaqlarına xaricilərin səfərlərinin, turistlərin ziyarətinin artması üçün, xarici şirkətlərin artması üçün həyata keçirdikləri siyasət və onların məqsədlərini hamımız bilirik və bunun qarşısını almaq üçün addımlarımızı daha da sərtləşdirməliyik. Bu hallar bizi ciddi narahat etməlidir və bunun qarşısını almaq üçün daha sərt tədbirlərə əl atılmalıdır. Hesab edirəm ki, belə bir qanunun qəbulu vacibdir və yaz sessiyamızın gündəliyinə daxil edilməsini və sessiya dövründə müzakirə edilərək qəbul edilməsini təklif edirəm. Bu qanun işğal edilmiş ərazilərimizlə bağlı məsələlərin vurğuladığım məsələlərdən daha da geniş məsələləri əhatə edə bilər və etməlidir”.