Qənirə Paşayeva rəsmi qurumlara çağırış etdi

Millət vəkili Q.Paşayeva Dünya Autizm Günü ilə bağlı tədbirdə rəsmi qurumları Autizm mərkəzinin yaradılmasına çağırıb. 

Millət vəkili Qənirə Paşayeva Dünya Autizm Günü və ayı ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə çıxışında bu problemlə bağlı qanunvericilik sahəsində qısa bir zamanda addımlar atılması ilə yanaşı autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. O, bildirib ki,  belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik. O, autizmlə bağlı ailələrin, cəmiyyətin geniş maarifləndirilməsi,  peşəkar kadrların hazırlanması məsələsinə də böyük önəm verməliyik deyib. Q.Paşayeva maarifləndirmə məsələsində hamımızın, o cümlədən KİV-lərimizin də üzərinə böyük bir missiya düşdüyünü deyib. “Bu xəstəliyi dərindən anlamaq üçün sadəcə 20 dəqiqə autizim sindromundan əziyyət çəkən ailənin qonağı olmaq kifayətdir”, – deyən millət vəkili Q. Paşayeva  Prezident İlham Əliyevin rəhbərliyi altında bir sıra xəstəliklərlə mübarizədə ailələrə dəstək istiqamətində  bir sıra dövlət proqramlarının həyata keçirilməsi, onların sayının hər  il daha da artması, ölkəmizin Birinci Xanımı Mehriban Əliyevanın bir sıra xəstəliklərdən əziyyyət çəkən uşaqlara dəstəklə bağlı həyata keçirdiyi çoxlu sayda layihələr barədə danışaraq  autizmli uşaqlarla da bağlı dövlət dəstəkli işlərin çoxalacağına inandığını vurğulayıb: “Autizmlə bağlı cəmiyyətin geniş maarifləndirilməsinə ciddi ehtiyac olduğunu deyən millət vəkili Qənirə Paşayeva ilk öncə ailələrin bununla bağlı geniş maariflənidirilməsinə ciddi ehtiyac var. Ailələr uşaqlarında autizmin olduğunu zamanında bilsələr, doğru mütəxəssis və həkim yardımı alsalar, bu uşaqların çoxunun gələcəyini xilas etmək olar. Bundan başqa cəmiyyətimizin bu istiqamətdə maarifləndirilməsi həm də ona görə vacibdir ki, insanlarımız hər yerdə bu cür uşaqlara və ailələrə qarşı həssas olmalı, ictimai yerlərdə belə ailələr heç bir zaman hər hansı sərt reaksiya ilə üzləşməməlidirlər. İnsanlarımız autizmli uşaqların bəzən normadan kənar hərəkətlər edə bildiyindən məlumatlı olmalıdılar”. Millət vəkili Qənirə Paşayeva KİV-ləri bu maarifləndirmənin daha da genişləndirilməsində geniş rol oynamağa çağırıb və bildirib ki, autizm xəstəliyi ilə bağlı məsələlər yaxın zamanlarda qanunverici orqanın da müzakirəsində olacaq. Bütün cəmiyyətimiz  bu cür ailələrə dəstək olmalı və onları anlamağa çalışmalıdır.Çıxışının sonunda millət vəkili Qənirə Paşayevaya Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyinin sədri Çiçək Məmmədli “Birgə əməkdaşlığa və autizmlə bağlı qanunvericiliyin yenidən müzakirəsi və müsbət dəyişikliyə nail olmasına görə” diplom təqdim edib.