Qənirə Paşayeva Tovuzda görüşlər kecirib

02

 

105 saylı Tovuz rayon seçki dairəsindən millət vəkili seçilən Qənirə Paşayeva seçildiyi ərazidə yerləşən kəndlərdə növbəti silsilə görüşlər keçirib. SİA-nın məlumatına görə, millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun Qədirli və Cilovdarlı kəndləri də daxil olmaqla, bir sıra kəndlərin seçiciləri ilə görüş keçirib. Çoxlu sayda insanın iştirak etdiyi bu görüşdə millət vəkili Qənirə Paşayeva  Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən, “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın həyata keçirilməsindən danışıb. Seçicilərini maraqlandıran və narahat edən məsələlərin tərəfindən araşdırılacağını bildirib.

Azərbaycanın xarici siyasət uğurları ilə yanaşı daxili siyasətdə də əldə etdiyi uğurlara toxunan millət vəkili Qənirə Paşayeva son illərdə ölkədə aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsi, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb. Əldə olunan bütün bu nailiyyətlərin Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinin uğurlu nəticəsi olduğunu vurğulayıb: “Prezident  İlham Əliyevin hər zaman Tovuz rayonuna böyük diqqət və qayğı ilə yanaşıb. Dəfələrlə Tovuza səfərlər edib, sadə insanlarla görüşüb, rayon  sakinlərini narahat edən məsələ və problemlərlə yerində maraqlanıb”.

Millət vəkili Qənirə Paşayeva çıxışında prezident seçkilərinin əhəmiyyətindən bəhs edib. Millət vəkili seçiciləri prezident seçkilərində fəal iştirak etməyə və xalqımızın firavan gələcəyi naminə doğru seçim etməyə çağırıb.