Qəzənfər Ağayev görüş kecirib

 

6

Züngüləş kəndi rayonumuzun ən səfalı guşəsində, İstisu ərazisində yerləşir. Ucqar dağlıq ərazidə yerləşdiyinə görə keçmiş sovet dövründə bu kənd diqqətdən kənarda qalmışdı. Sevindirici haldır ki, son dövrdə rayonumuzun ayrı-ayrı yaşayış məntəqələrinin, o cümlədən dağ kəndlərinin  sakinləri ilə rayon rəhbərliyinin görüşləri ənənəyə çevrilmişdir. Bu gün rayonumuzun elə bir ucqar kəndi yoxdur ki, icra hakimiyyətinin başçısı orda olmasın, əhali ilə görüş keçirməsin.

İyulun 1-də rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aid olan Züngüləş kəndində keçirdiyi səyyar qəbul və görüşdə rayonun bir sıra idarə, müəssisə və təşkilat rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Astaraçayın sahilində İran İslam Respublikası ilə sərhəddə yerləşən  Züngüləş kəndinin sakinləri ilə görüşdən məmnunluğunu bildirən İcra başçısı əvvəlki görüşlərdə verilən təkliflərin bir çoxunun icrası, yolların təmiri, fasiləsiz elektrik enerjisinin verilməsi və təbii qaz çəkilişi ilə əlaqədar görülən işlər barədə məlumat verdi.

Kənd sakinlərindən Ağaxan Novruzov, Xanış Bayramov, Şakir Həbibov, Böyükağa Xudadatov, Aysel İsayeva, Xudaverdi Əskərov və başqaları çıxış edərək son dövrdə artıq ikinci dəfə sakinlərlə görüşə gəldiyinə görə icra başçısına təşəkkürlərini bildirmiş, ümumiyyətlə rayonda aparılmış quruculuq-abadlıq işlərindən, illərdən bəri arzusunda olduqları  Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılmasından, rayon mərkəzində analoqu olmayan dənizkənarı park və çimərliyin tikintisindən hədsiz razılıqlarını ifadə etmişlər.

Çıxış edənlər respublikamızda o cümlədən, Astara rayonunda genişmiqyaslı tikinti-quruculuq və yol abadlıq işlərinin yüksək keyfiyyətlə və sürətlə aparıldığına görə möhtərəm Prezidentimiz İlham Əliyevə minnətdarlıqlarını, dövlətə və dövlətçiliyə daim sədaqətli olduqlarını, bundan sonra da ölkə başçısı ətrafında sıx birləşəcəklərini bildirmişlər.

Kənd sakinləri ərazidə narahatlıq doğuran məsələlər barədə təkliflərini, tənqidi qeyd və iradlarını bildirmişlər. Qeyd olunmuşdur ki, Züngüləş kəndində elektrik naqillərinin əsaslı təmirinə, istismara yarasız dirəklərin dəyişdirilməsinə, telefon xəttinin çəkilməsinə, yeni məktəb və bağçanın tikintisinə, kəndə təbii qazın verilişinin sürətləndirilməsinə, Astaraçay üzərində yerləşən körpülərin təmirinə köməklik göstərilməsinə ehtiyac vardır.

Rayon İcra hakimiyyətinin başçısı Q.Ağayev qaldırılan məsələlərin icrası ilə əlaqədar aidiyyəti təşkilat rəhbərlərinə konkret tapşırıqlar vermiş, əsaslı tikintilərlə əlaqədar müvafiq nazirliklər qarşısında məsələ qaldırılacağını bildirmişdir.

O, Azərbaycan dövlətinin dünyanın yüksək inkişaf edən dövlətlərindən birinə çevrildiyini, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikamızın hər yerində genişmiqyaslı tikinti və quruculuq işlərinin sürətlə aparıldığını, xalqın maddi rifah halının daha da yaxşılaşdırılması məqsədilə bundan sonra da səmərəli fəaliyyət göstəriləcəyini diqqətə çatdırmışdır.

İcra başçısı daha sonra qeyd etmişdir ki, ölkəmizin iqtisadi qüdrəti gündən-günə artır. Bu gün bütün sahələrdə sürətli inkişaf və irəliləyiş var. Ölkə rəhbəri tərəfindən əhalinin rifah halının yaxşılaşmasına yönəldilmiş proqramlar uğurla və ardıcıl olaraq həyata keçirilir. Ən ucqar dağ kəndlərinə yüksək keyfiyyətli asfalt yolun çəkilməsi, hər cür müasir avadanlıqlarla təchiz olunmuş məktəb binalarının inşası, elə bu kənddə bir qədər aralıda, Astaraçay üzərində su elektrik stansiyasının tikintisi də ölkəmizin yüksək iqtisadi  imkanlarına bir nümunədir. Çox səfalı təbiətə malik olan rayonumuzda, o cümlədən bu ərazidə turizmin inkişafı üçün gözəl imkanlar vardır. Yaxınlıqda yerləşən İstisuya müalicə məqsədilə gələnlərin normal istirahət etmələri üçün sahibkarlara tərəfimizdən hər cür köməklik göstəriləcəkdir.

Respublikamızda yüksək inkişaf və tərəqqinin əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş, ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin uğurlu siyasəti ilə davam etdirilir. Bundan sonra da ölkəmizin çiçəklənməsi, insanlarımızın azad, firavan yaşaması üçün bütün işlər görüləcəkdir. Bu işdə hamınıza uğurlar arzulayıram.

Sonda icra başçısı Züngüləş kənd məktəbində olmuş, mövcud vəziyyətlə maraqlanmış, tövsiyə və tapşırıqlarını vermişdir.