Qəzənfər Paşayevin kitabının təqdimatı olub- Fotolar

Görkəmli ədəbiyyatşunas alim Qəzənfər Paşayevin “İmadəddin Nəsimi: İraq divanı” latın əlifbasında ictimaiyyətə təqdim edilib

 

Azərbaycanin görkəmli ədəbiyyatşunas alimi, professor Qəzənfər Paşayevin “İmadəddin Nəsimi: İraq divanı” və onun ədəbi, elmi yaradıcılığını əks etdirən “Biblioqrafiya” adlı kitabının Mirzə Fətəli Axundov adına kitabxanada təqdimat mərasimi keçirilib.ədəbiyyatşunasların, bir sıra ziyalıların iştirak ilə keçirilən tədbiri giriş sözü ilə açan Axundov adına kitabxananın direktoru Kərim Tahirov bildirib ki, ədəbiyyatımıza töhfə olan sözügedən kitabların məhz bu kitabxanada keçirilməsi əlamətdar hadisədir. O görkəmli ədəbiyyatşunas alim, “İmadəddin Nəsimi: İraq divanı” kitanın tərtibçisi və ön sözünün müəllifi, professor Qəzən Paşayevin yaradıcılığını yüksək qiymətləndirərək onun növbəti kitabının da digərləri kimi elmi, ədəbi ictimaiyyətdə hadisəyə çevrildiyini vurğulayıb. AMEA Nizami adına ədəbiyyat İnstitutunun direktoru, professor İsa Həbibbəyli Qəzənfər Paşayevin bütövlükdə elmi-ədəbi yaradıcılığını yüksək qiymətləndirərək onun Azərbaycan ədəbiyyatşunaslığı və filologiyasına verdiyi töhfələrdən danışıb.  “Altı il Dəclə və Fərat sahillərində” kitabını xatırladan İsa Həbibbəyli növbəti kitab “İmadədddin Nəsimi: İraq divanı”nin İraq və Azərbaycan ədəbi əlaqələrində mənəvi körpü olduğunu vurğulayıb və Nəsimi yaradıcılığını öyrənən ziyalılar, xüsusilə də gənc tədqiqatçılar üçün dəyərli bir mənbədir.

Milli Məclisin deputatı, kitabın çapı və “Nəsimi dünyası” layihəsinin həyata keçməsinə dəstək göstərən “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva çıxış edərək əmisi Qəzənfər Paşayevin ustad şair Nəsiminin yaradıcılığını əks etdirən  sözügedən kitabın nəşr olunma zərurətindən və əhəmiyyətindən danışıb. Professor Qəzənfər Paşayevin bu kitabının ustad şair Nəsimi irsinin latın qrafikalı əlifba ilə nəşr edilməsini gənc nəsilə çatdırmaq baxımından mühüm addım hesab edib. O çıxışında Nəsimi yaradıcılığını, onun fəlsəfi görüşlərinin əsas məzmununu  məhz Qəzənfər müəllimin söhbətlərindən öyrəndiyini vurğulayıb. İllər öncə Suriyaya səfər edərkən Hələb şəhərində ustad sənətkarın məzarını da ziyarət etdiyini xatırladan millət vəkili Qənirə Paşayeva ulu öndər Heydər Əliyevin sənətkara verdiyi diqqətdən də söz açdı. Onun sözlərinə görə, Nəsimi yaradıcılığının və fəlsəfi fikrinin əsasında kamil insan anlayışı dayanır və insanın yaradanın bir parçası olduğun vurğulanır. O bildirib ki, işıq üzü görmüş kitab gənclərin daha çox faydalanması üçün  müxtəlif təhsil ocaqları, kitabxanalarına paylanılacaq.

Kitabın ərsəyə gəlməsində maddi-mənəvi dəstəyini əsirgəməyən iş adamı Tahir Gözəl  Nəsimi irsinin özəlliklərindən danışıb və bu nəşrə dəstək olduqları üçün məmnunluğunu dilə gətirib və Nəsimi yaradıcılığından geniş söz açıb. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, filologiya elmlər doktoru,  Şirindil Alışanov,Azərbaycan Yazıçılar Birliyinin üzvü, Milli Ensiklopediya Mərkəzinin direktor müavini Vaqif Bəhmənli, professor Rəhim Əliyev və digərləri çıxış edərək Qəzənfər Paşayevin elmi yaradıcılığını yüksək dəyərləndiriblər və onun ziyalı və şəxsiyyət kimi müsbət cəhətlərini səciyyələndiriblər. Qeyd edilib ki, Qəzənfər paşayevin Kərkük ədəbi isrinə olan sevdasının nəticəsidir ki, bu kitab oxucuların ixtiyarına verilib.

Sonra çıxış edən professor, kitabın tərtibçisi  professor Qəzənfər Paşayev onun yaradıcılığı ilə bağlı səslənən xoş sözlərə görə təşəkkür edib və kitabın ərsəyə gəlməsindən, xüsusilə də İraq divanının necə tapılmasından söhbət açıb. O bildirib ki, latın qrafikasında işıq üzü görmüş bu kitab Nəsimini daha geniş auditoriyaya çatdırılmasına kömək olacaq. Kitabın ərsəyə gəlməsində əməyi olan həer kəsə öz təşəkkürünü bildirib. Sonda  Qəzənfər Paşayevilə xatirə şəkli çəkilib və ziyalıya bundan sonrakı yaradıcılığında yeni-yeni nailiyyətlər arzulanıb.