“Qaçqınkom”un yeni sədri kollektivə təqdim olundu

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni təyin olunmuş sədri Rövşən Rzayevi Komitənin kollektivinə təqdim edib və ona işlərində uğurlar arzulayıb.

XALQ,AZ xəbər verir ki, Komitədən verilən məlumata görə, R. Mehdiyev R. Rzayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə geniş məlumat verib.

R. Mehdiyev Azərbaycan prezidenti İlham Əliyev tərəfindən ölkə əhalisinin ən həssas təbəqəsi olan qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb və bu istiqamətdə işlərin bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

R. Mehdiyev ölkə prezidenti tərəfindən qarşıya qoyulan vəzifələrə nail olmaq üçün Komitənin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

R. Rzayev isə prezident İlham Əliyevin ona göstərdiyi yüksək etimada görə minnətdarlığını bildirib və qaçqın və məcburi köçkünlərlə bağlı qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib.

Qeyd edək ki, R. Rzayev Azərbaycan prezidentinin sərəncamı ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edilib.

 

Elgün