“Qarabağ” ilk “100-lük”də

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası dünyanın milli çempionatlarının yeni reytinq siyahısını açıqlayıb.

XALQ.AZ  xəbər verir ki, Azərbaycan Premyer Liqası bu siyahıda 50-cidir.

Milli çempionatımız bu pilləni Şimali İrlandiya ilə bölüşdürür. Hər iki çempionatın 358 reytinq xalı var.

Siyahıda birinci yerdə İspaniya La Liqasıdı – 1195 xal. İkinci İngiltərə Premyer Liqası (1177), üçüncü Braziliya A Seriyasıdı (1134).

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası həmçinin dünyanın ən yaxşı klublarının siyahısı da açıqlayıb. Cədvəldə planetin ən yaxşı 402 komandası yer alıb.

2017-ci ilin yekunlarının əksini tapdığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub. Ən yaxşı təmsilçimiz “Qarabağ”dı. Ağdam klubu 136 xalla planetin 93-cü komandasıdı, o, bu yeri “Borussiya” (Mönhenqladbax, Almaniya) və “Paçuka” (Meksika) klubları ilə bölüşür.

Ölkəmizin siyahıdakı 2-ci komandası “Zirə”di. Paytaxt klubu 72 xalla 296-cı yerə şərikdi. “Atletiko” (Bukaramanqa, Kolumbiya), “Kolon” (Argentina), “Renn” (Fransa) və “Melqar”la (Peru) eyni xala malik Ayxan Abbasovun yetirmələri fantastik sıçrayışla diqqət çəkib.

Hesabında 65 xal olan “Qəbələ” isə 353-cü pillənin şərikləri arasındadı. Roman Qriqorçukun yetirmələri “Əl-Naser” (Səudiyyə Ərəbistanı), “Arka” (Polşa), “Defensor” (Uruqvay), “Atromitos” (Yunanıstan), “Hapoel” (Hayfa, İsrail), “Əl-Vəhdət” (İordaniya) ilə eyni nəticəyə malikdi. Əyalət klubu bir il əvvəlki ilə müqayisədə 255 pillə geriləyib. Bu, komandanın ötənilki uğurunu təkrarlayıb Avropa Liqasının qrup mərhələsinə yüksələ bilməməsi ilə bağlıdı.

Qeyd edək ki, siyahıya İspaniya “Real”ı başçılıq edir – 328 xal. Braziliya “Qremio”su 286 xalla 2-ci, İngiltərə təmsilçisi “Mançester Yunayted”  284 xalla 3-cüdü.