“Qarabağ” qələbə qazana bilmədi

 

3

Futbol üzrə UEFA Avropa Liqası yarışlarının qrup mərhələsi çərçivəsində Azərbaycan çempionu “Qarabağ” komandası ilk oyununu keçirib. XALQ.AZ-ın məlumatına görə, “Qarabağ” komandası Tofiq Bəhramov adına Respublika stadionunda Fransanın “Sent-Etyen” kollektivini qəbul edib. Şotlandiyalı baş hakim Stiven Maklinin idarə etdiyi oyun Azərbaycan təmsilçisinin üstünlüyü şəraitində keçib. Görüşün ilk hissəsində “Qarabağ”ın futbolçuları dəfələrlə rəqib qapısına zərbə endirsə də, “Sent-Etyen”in qapıçısı Stefan Ryüffe dəqiq oynayıb. Matçın 64 və 67-ci dəqiqələrində “Sent-Etyen”in futbolçuları Ceremi Klemen və Maks-Alen Qradel sarı vərəqə ilə cəzalandırılıblar. Sürətli oyun nümayiş etdirən Ağdam təmsilçisi hesabı açmağa yaxın olsa da, qapı tiri dəfələrlə “Sent-Etyen”i real qoldan xilas edib. Beləliklə, oyunda hesab açılmayıb və komandalar hərəyə 1 xal qazanıblar.