“”Qarabağ”la oyuna uduzmaq üçün çıxmayacağıq”

“Keşlə”nin müdafiəçisi Məqsəd İsayev müsahibə verib.

XALQ,AZ xəbər verir ki, komandasının fasilədən sonrakı qeyri-stabil çıxışının səbəblərini açıqlayan futbolçu millimizin yoldaşlıq oyunları barədə də fikirlərini bildirib.

– Milli komandaların oyunları ilə bağlı çempionatda 2 həftəlik fasilə yarandı. Bundan necə istifadə etdiniz?

  • Deyərdim ki, hazırlıqlarımız çox səmərəli keçdi. Komandada hər şey yaxşı, istədiyimiz kimidir. Əhval-ruhiyyə yerindədir.

– “Keşlə” qış fasiləsindən sonra qeyri-stabil çıxış edir. Bunun səbəbini nədə görürsən?

  • Pis oynadığımızı deyə bilmərəm. Çünki məğlub olduğumuz oyunlarda da yaxşı təsir bağışlamışıq. Bəzən oyunumuz alınmır, bəzən də bəxtimiz gətirmir. Bəzi matçlarda isə öz səhvlərimizdən qollar buraxıb xal itirmişik.

– Qış fasiləsində komandaya bir neçə yeni futbolçu qoşulsa da, onların bəzilərini ümumiyyətlə, meydanda görmürük. Bəziləri isə çox az oynayırlar…

  • Yeni oyunçular komandaya tam uyğunlaşmayıblar. Bəlkə də baş məşqçi elə buna görə onları meydana buraxmır. Həmin futbolçulara vaxt vermək lazımdır. Düşünürəm ki, gələn mövsümdan daha yaxşı vəziyyətdə olacaqlar. Hər şey özlərindən asılıdır.

– Topaz Premyer Liqanın 21-ci turunda səfərdə “Qarabağ”ın qonağı olacaqsınız. Liderlə oyundan nə gözləyirsən?

  • “Qarabağ” ölkənin ən güclü klublarından biridir. Amma onlarla oyuna uduzmaq üçün çıxmayacağıq. Məqsədimiz ən azı 1 xal götürməkdir. “Qarabağ”la görüşdə heç-heçə də bizim üçün yaxşı nəticədir.

– Yəqin ki, milli komandanın Belarus və Makedoniya ilə yoldaşlıq oyunlarını izlədin. Bu barədə nə deyə bilərsən?

  • Bəli, hər iki oyuna baxdım. Milli komandamız pis təsir bağışlamadı. Normal oyun göstərdilər. İnanıram ki, vaxt keçdikcə daha da yaxşı səviyyəyə çatacaqlar.

– Qurban Qurbanov bu toplanışa bir neçə yeni futbolçu dəvət etmişdi. Sən necə, özünü milli komandada görürsənmi?

  • Hər şey özümdən asılıdır. Yaxşı oynayıb, baş məşqçinin diqqətini çəkə bilsəm. əlbəttə, milliyə düşə bilərəm. Bunun üçün öz üzərimdə çox işləməli, meydanda əlimdən gələni etməliyəm.

 

Elgün