Qaradağ rayonunda hesabat yığıncağı olmuşdur

 

01

Qaradağ rayonunda 2013-cü ilin doqquz ayının sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur

 

Qaradağ Rayon İcra Hakimiyyətinin 2013-cü ilin doqquz ayında rayonun sosial-iqtisadi inkişafının yekunlarına və Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2013-cü il 6 oktyabr tarixli iclasındakı nitqindən irəli gələn vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilmişdir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, yığıncaqda icra başçısının yanında Şuranın üzvləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri, müəssisə rəhbərləri və ictimaiyyətin təmsilçiləri iştirak etmişlər. Gündəlikdəki məsələ barədə rayon icra hakimiyyəti başçısının müavini Zəfər Əliyevin məruzəsi dinlənilmişdir. Məruzədə qeyd olunmuşdur ki, hesabat dövründə rayon üzrə 416 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, sosial-iqtisadi sahələrin inkişafına bütün maliyyə mənbələri hesabına 373,9 milyon manat investisiya yönəldilmişdir. Bu vəsaitin 254,6 milyon manatı tikinti-quraşdırma işlərinə sərf olunmuşdur.
Məlumat verilmişdir ki, rayon iqtisadiyyatının aparıcı sahəsi olan neft və qaz sənayesi müəssisələrində 350,3 min ton xam neft və 215,6 milyon kubmetr təbii qaz hasil edilmişdir. Pərakəndə əmtəə dövriyyəsi 1,4 milyard manata, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 62,2 milyon manata çatmışdır. Rayon üzrə orta aylıq əmək haqqı 732,6 manat, sənayedə çalışanların əmək haqqı isə 1038 manat təşkil etmişdir.
Hesabat dövründə rayon əhalisinin və sosial obyektlərin enerji daşıyıcıları və kommunal xidmətlərlə təminatını yaxşılaşdırmaq istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, 5 yeni transformator məntəqəsi tikilmiş, 84 transformator məntəqəsi təmir edilmiş, 14 qaz tənzimləyici şkafı, 41 siyirtmə təzələnmişdir. Ötən qış mövsümündə 75 bina, 9 orta məktəb, 3 uşaq bağçası və 2 səhiyyə obyekti istiliklə təmin olunmuşdur.
Yığıncaqda rayon ərazisində aparılan geniş miqyaslı abadlıq işlərindən də söhbət açılmışdır. Belə ki, rayonunun şimal-şərq istiqamətindən giriş qapısı və Bakı-Astara magistral avtomobil yolunun Sahil qəsəbəsinin inzibati ərazisindən keçən hissəsinin kənarındakı iki hektar ərazi abadlaşdırılmışdır. Bakı-Astara yolunun Binə Ticarət Mərkəzinə yaxın hissəsində yaşıllıq zolağı salınmış, ümumilikdə rayon ərazisində iki mindən artıq ağac və bəzək kolları əkilmişdir. Əhalinin asudə vaxtının səmərəli təşkili üçün Lökbatan, Sahil, Qızıldaş, Ələt, Səngəçal, Müşfiqabad və digər qəsəbələrində nümunəvi həyətlərin salınması davam etməkdədir. Artıq Lökbatan, Sahil və Müşfiqabad qəsəbələrində 6 məhəllə abadlaşdırılmış, xeyir-şər evləri tikilmişdir.
“2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və əsasən rayon ərazisində təhsil, səhiyyə, mədəniyyət sahələrində də bir çox işlər görülmüşdür. Puta qəsəbəsindəki 326 nömrəli körpələr evi-uşaq bağçası üçün yeni binanın və Müşfiqabad qəsəbəsindəki 274 nömrəli tam orta məktəb üçün əlavə tədris korpusunun tikintisi yekunlaşmaq üzrədir. Lökbatan qəsəbəsindəki “Bülbül”, “Sevinc”, Sahil qəsəbəsindəki “Aynur”, “Nağıl” və 301 saylı körpələr evi-uşaq bağçalarının əsaslı təmirinə başlanılmışdır. Yeni tədris ilində Lökbatan qəsəbəsindəki 233, Sahil qəsəbəsindəki 253 və 273 nömrəli tam orta məktəblər əsaslı təmirdən sonra istifadəyə verilmişdir. Lökbatan qəsəbəsindəki 19 nömrəli birləşmiş şəhər xəstəxanasının poliklinika şöbəsi və Müşfiqabad qəsəbəsində 13 nömrəli şəhər poliklinikasının əsaslı təmiri başa çatdırılmışdır. Hazırda Qobustan qəsəbəsindəki 17 nömrəli birləşmiş şəhər xəstəxanası üçün yeni binanın inşası davam etdirilir.
Gündəlikdəki məsələyə dair çıxışlar dinlənilmiş və Qaradağ Rayon İcra Hakimiyyətinin hesabat yığıncağının qərar layihəsi yekdilliklə qəbul olunmuşdur.
Sonda yığıncaq iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.