Qarşımızda heç bir maneə ola bilməz

prezidentt

“Hər bir vəzifəli şəxs öz xalqına bağlı olmalıdır”

“İndi Azərbaycanda bütün yol infrastrukturu yenilənir, o cümlədən Bakı şəhərində. Bütün bölgələrdə, rayonlarda kənd yolları, qəsəbə yolları tikilir. Bakıda qəsəbələrarası yollar yenidən qurulur”. “Qafqazinfo” xəbər verir ki, bunu prezident İlham Əliyev sentyabrın 2-də Maştağada sakinlərlə görüşündə deyib. İ. Əliyev bildirib ki, Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı Dövlət Proqramı icra edilir. Bu il Proqramın əsas hissəsi başa çatacaqdır. Proqramda əsasən yol, qazlaşdırma, su, kanalizasiya xətləri layihələri nəzərdə tutulur. Bütün bu məsələlər ardıcıllıqla icra edilir.

Prezident bildirib ki, qəsəbələrdə bütün infrastruktur layihələri yüksək səviyyədə təşkil edilməlidir: “Bakının qəsəbələrinin arasında isə Maştağa ən böyük qəsəbədir, tarixi bir yerdir. Maştağanın çox böyük tarixi vardır. Bu gün də böyük potensiala malik olan bir qəsəbədir. Şadam ki, burada bütün işlər məqsədyönlü şəkildə aparılır. Biz bu işlərə kompleks şəkildə yanaşırıq. Məktəblər tikilir, təmir edilir, tibb məntəqələri, uşaq bağçaları, yollar, su-kanalizasiya layihələri də icra ediləcəkdir. Bütün yollar bax bu səviyyədə olmalıdır. Bu günə qədər görülmüş işlər xəritədə göstərilir, burada əks olunub. Ancaq bir daha demək istəyirəm ki, qəsəbə çox böyükdür. Qəsəbədaxili yollar da çoxdur. Biz hələ gərək bir müddət işləyək ki, bütün yollar bu səviyyədə olsun. Əlbəttə, hər bir qəsəbənin inkişafı ilə bağlı xüsusi proqramlar vardır. Qəsəbələrdə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradılması layihələri icra edilir. Əlbəttə ki, Bakının digər bölgələri ilə əlaqə rahat olmalıdır”.

Zabrat yolunun genişləndirildiyini deyə İlham Əliyev bildirib ki, indi Pirşağı yolu, sahilboyu Bilgəh-Sumqayıt yolu tikilir: “Bütün bu yollar Bakı sakinlərinin rahatlığı üçün edilir. Gördüyümüz bütün işlərin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Həm bölgələrdə, həm Bakıda, Bakının qəsəbələrində çox böyük quruculuq işləri aparılır. Əlbəttə ki, bu layihələrin icra edilməsi bizə əlavə güc verir. Ona görə də görülmüş bu işlərlə bağlı mən sizi ürəkdən təbrik edirəm. Deyə bilərəm ki, gələcəkdə də Maştağanın inkişafı daim diqqət mərkəzində olacaqdır”.

Prezident kimi ilk dəfə qəsəbəyə gəldiyini xatırladan İlham Əliyev bildirib ki, o vaxt yollar əlbəttə ki, belə vəziyyətdə deyildi: “O vaxt biz bəzi qəsəbədaxili yolların tikintisinə başlamışdıq. Ondan sonra sakinlərin bir neçə xahişi olmuşdu, onlar da icra edildi. Ancaq bu gün Azərbaycan daha da böyük maliyyə imkanlarına malikdir. Biz daha da böyük işlər görməyə qadirik, bunu edirik və edəcəyik”.

Sonra Prezident İlham Əliyev bildirib ki, qəsəbədə doğrudan da böyük işlər görülüb, amma görüləsi işlər çoxdur: “Əlbəttə, mənim rayonlara, qəsəbələrə səfərlərimin səbəbi ondan ibarətdir ki, əlavə nə kimi işlər görülməlidirsə onu Sizdən eşidim. Çünki əlbəttə ki, forsmajor hadisələr də olur, gözlənilmədən hansısa bir hadisə baş verir. Siz də qeyd etdiyiniz kimi, qrunt sularının qalxması ilə əlaqədar insanlar əziyyət çəkdilər. Ancaq bütün bu məsələlər operativ qaydada öz həllini tapdı. Yəni, bu hadisə və gördüyümüz bütün başqa işlər onu göstərir ki, iradə olan yerdə istənilən işi görmək olar. Təki iradə, istək, həvəs olsun.

Hər bir vəzifəli şəxs öz xalqına bağlı olmalıdır. Hər bir məmur öz vətəndaşlarına xidmət etməlidir. Əgər hər bir qəsəbənin problemi öz həllini taparsa, onda ölkədə heç bir problem qalmaz. Çox sadə bir məntiqdir”.

Prezident deyib ki, Sabunçu rayonu inkişafdadır, digər qəsəbələrdə də quruculuq işləri aparılır: “Bir daha demək istəyirəm ki, mənim üçün mərkəzi, yaxud da ki, qıraq rayon anlayışı yoxdur – nə ölkə, nə də Bakı şəhəri üzrə. Hər bir rayon mərkəzdir. Hər bir qəsəbədə işlər elə görülməlidir ki, sanki bu, şəhərin mərkəzidir. Bax, Bakı şəhərinin mərkəzi necə gözəldir. Bütün şəhərlər, bütün rayonlar elə olmalıdır. Bir daha demək istəyirəm ki, bunu etməyə bizim imkanımız da, iradəmiz də vardır. Xalq da bütün bu işləri dəstəkləyir. Belə olan halda qarşımızda heç bir maneə ola bilməz”.