Qazaxda sığorta fırıldağı

Qazax

Bu gün ictimaiyyət arasında sığorta haqqında nə qədər təbliğat aparılsa da yenə öz bəhrəsini vermir.

XALQ.AZ  Tia.az-a istinadən bildirir ki,bunun əsas səbəbi millətin qarşısında sığorta şirkətinin etmadsızlığıdır. Əhalininn çalışdığı idarə, müəssisə və təşkilatlatlarda rəhbərlər inzibati amirlik yolu ilə tabeçiliyində olanları incidirlər ki, məcburən sığorta olunsunlar. Bu o demək deyil ki, müdir işçilərinin qayğısına qalır. Əsla! Onlar da icra hakimiyyətindən ehtiyatlanırlar ki, sığortanın üstündə icra başçısı ilə sözə gəlməsinlər. Nəticədə, işçi sığortaya verəcək pulu sanki, “başına dolayıb” verir ki, incidilməsin. Daha onun heç yadına da düşmür ki, nə vaxtsa qolu, qıçı sınsa sığortaya müraciət edəcək. Onsuz da millət yaxşı başa düşür ki, sıgorta təşkilatına müraciət etsə də müdirlər elə sənədlər tələb edəcəklər ki, həmin sənədləri 1 ilə yığmaq mümkün deyil.

Dövlət sığortası özəlləşdirilib?

Dediklərimizə əsas olaraq Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Qazax filialını da həmin cərgədə göstərmək olar. Suyun bir yerdə qaldığı zaman iy verməsi təbii ki, hamıya yaxşı məlumdur. Eləcə də ölkədə işin hərəkətverici qüvvəsi birinci vəzifə sahibləridir. Diqqət etsək görərik ki, kim ki uzun illərdi vəzifə stulundan bərk-bərk yapışıbsa, həmin idarə, müəssisə və təşkilatda qətiyyən sıravi kütlə üçün din-bərəkət yoxdur. Əksinə, həmin təşkilatda korrupsiya, rüşvətxorluq, anarxiya və özbaşınalıq ayaq tutub yeriyir. Dediklərimizi dövlət sığorta kommersiya şirkətinin Qazax rayon filialının müdiri Mübariz Abdullayevə də şamil etmək mümkündür.

Əhali özəl sığortalara niyə qaçır?

Tia.az-a verilən məlumata görə, Mübariz Abdullayevin şəxsi münasibəti dövlət sığorta şirkətinin prezidenti ilə elə də pis deyil. Belə isti münasibətlərə səbəb kimi aşağının yuxarıya “maxinasiyalarla” yaxşıca hörmət etməsi də ictimaiyyət arasında səslənməkdədir. Bu cür vəziyyət isə sığortaçının vaxtında sığortasını ala bilməməsinə, eyni zamanda bürokratik əngəlliklərə gətirib çıxarmasına səbəb olur. Bununla da Mübariz Abdullayevin hərəkətləri sığortaçıda mənfi rəy və ümidsizlik yaradır.

Biz deyərdik ki, erməni ilə həmsərhəd olan Qazax əhalisinin gözü “od götürüb”. Yəni, əhaliyə o qədər “xox”lar edilib ki, millət başını ağrıtmamaq üçün axırda hər şeyə razı olur. Məmurlarda da insaf yoxdur. Yəni, bəlkə də Qazax sığortaya alınmada bütün rayonlardan qabaqdadır (Bu ifadələr şəxsi fikrimizdir). Buna görə də ən çox özəl sığorta təşkilatlarının filialları da Qazaxdadır. Əlbəttə, sığortalanma getməsə, rəhbərlik qazanc götürməsə filalını bağlayar. Baxın ki, dövlət sığortası məlum səbəblərdən özünü necə göstərib ki, hamı özəl sığortalara qaçır.

Sığortalanmayan sığorta alır, sığortalanan isə…

Bu ifadələrin nə dərəcədə doğru olub, olmamasını Mübariz Abdullayev və onun idarəsindəki sənədlər, bir də bank daha yaxşı bilər. Dilimizdə düzəlməyən işi “birtəhər düz, qoş “ söhbəti var. Qazaxdakı dövlət sığortası belə işin pərgarı kimi söylənilir. Bir tərəfdən də Mübariz Abdullayev köhnə partokrat olduğundan belə dəzgahlarda işləməkdə tam səriştəlidir. Dəqiq bilməsək də yaxşı yadımızdadır. Sığortalanmamış evə və maşına hadisədən sonra sövdələşmə və sənəd saxtalaşdırılması yolu ilə sığorta verib.

O da məlumdur ki, əsgəri xidmətə çağırılan hər bir şəxs dövlət tərəfindən birbaşa sığortalanır. Bəs necə olut ki, əsgər xidməti zamanı xəsarər alanda ona sığorta verilməməklə, valideyni qəsdən yüz cürə fırıldaqlarla aldadılır? Belə olan halda dövlət sığortasına inam qalarmı? Bunun nəticəsidir ki, sığorta adı çəkiləndə millət ya onu pul fırıldağı kimi, ya da təşkilatı etibarsız bir orqan kimi xəyallarında canlandırırlar.

Dövlət sığortası gəncləşəcəkmi?

Ölkə başçısı gələcəyin gənclərə məxsusluğunu təkrar-təkrar söyləsə də, icra rəhbərləri yerlərdə əməl etmirlər. İş başına gətirəndə elə gəncləri gətirirlər ki, onlar tam səriştəsiz olmaqla tərcümeyi-halını belə yazanmırlar. Deyirlər eybi yox, gələn də görsün ki, gəncləri işə-gücə cəlb edirik… Halbu ki, həmin gəncin ya yaxşı dayısı, ya xalası, ya da atasının pulu-parası var. Əks halada öz isted və bacarığına görə çox nadir halda gənc irəliyə çəkilə bilər. Sirr deyil ki, belə hallar az – çox ulu öndərin dövründə var idi. Bu səbəbdən etimadını itirmiş Qazax Dövlət Sığortasında uzun müddətdir işləyən, artıq “doymuş məhlula” çevrilmiş Mübariz Abdullayevin də dəyişilmək vaxtıdır. Onun sovet qayda qanunları ilə işləməsi bu günkü milli sığortamızın inkişafı ilə üst-üstə düşmür. Yəqin ki, bu məsələnin də qabardılmasının vaxtı çoxdan yetişib.