QHT ƏMƏKDAŞLIQ ALYANSI SEÇKI MONITORINQINƏ START VERIB

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “2013-cü il Prezident seçkisinin monitorinqinin aparılması və vətəndaş cəmiyyəti institutlarının prosesdə iştirakının təşkili” layihəsinin icrasına start verib. Alynsdan verilən məlumata görə, həyata keçiriləcək layihənin məqsədi demokratik seçki mühitinə dəstək verməklə tərəfsiz seçki monitorinqinin təşkili və aparılmasıdır. Demək olar ki, ilk dəfə yerli vətəndaş cəmiyyəti sektorunun geniş bir koalisiyası seçkilərin monitorinqini aparacaq. Monitorinqin bütün spektrləri əhatə etməsi və qarşıya qoyulan məqsədlərə çatması üçün koalisiyanın üzvü olan QHT-lərin resurslarından istifadə ediləcək.

Seçki monitorinqinin əsas predmetlərinə uyğun olaraq, Alyans paytaxtda və regionlarda seçkiöncəsi, seçki təşviqatı zamanı seçki subyekti olan siyasi qüvvələrin fəaliyyətini monitorinq edəcək və nəticələr ictimaiyyətə açıqlanacaq. Beləliklə də paytaxt Bakı şəhərinə daxil olan 9 rayonda seçki təşviqatının müşahidəsi və təhlili, namizədlərin resursları, siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçicilərin namizədlərə münasibəti, inamı və etibarı, namizədlərin seçicilərlə görüşlərinin sayı və seçicilərin iştirakı monitorinq ediləcək. Daha sonra isə Gəncə, Tovuz, Şəki, Bərdə, Lənkəran, Göyçay, Quba, Şirvan bölgəsində seçki təşviqatının müşahidəsi və təhlili, namizədlərin resursları, siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, seçicilərin namizədlərə münasibəti, inamı və etibarı, namizədlərin seçicilərlə görüşlərinin sayı və seçicilərin iştirakı ilə bağlı monitorinqlər davam etdiriləcək. Monitorinq zamanı hər bir bölgədə 5 rayon əhatə ediləcək. Gəncə üzrə Goranboy, Samux, Göygöl, Daşkəsən və Gəncə şəhəri, Tovuz üzrə Qazax, Ağstafa, Şəmkir, Gədəbəy və Tovuz, Şəki üzrə Oğuz, Zaqatala, Balakən, Qax və Şəki, Bərdə üzrə Yevlax, Tərtər, Ağcabədi, Ağdam və Bərdə, Quba üzrə Siyəzən, Şabran, Qusar, Xaçmaz və Quba, Lənkəran üzrə Astara, Lerik, Masallı, Yardımlı və Lənkəran, Göyçay üzrə Ağdaş, Ağsu, Ucar, Zərdab və Göyçay, Şirvan üzrə Hacıqabul, Salyan, Sabirabad, Saatlı və Şirvan şəhəri monitorinqə daxil edilib. Bununla da bütünlükdə paytaxt Bakı və 8 regionda seçki monitorinqi həyata keçiriləcək. Layihənin arealı böyük olduğundan artıq qrafiklər hazırlanıb və təsdiqlənib. Monitorinq oktyabr ayının 5-də yekunlaşacaq. Monitorinq zamanı təşkilat və layihə rəhbərliyi mütəmadi olaraq, mətbuat konfransları və brifinqlər keçirəcək.
Bundan əlavə bütün seçki prosesi boyu KİV-də və elektron informasiya vasitələrində ayrı-ayrı namizədlərin və seçki qruplarının apardığı təbliğat monitorinq ediləcək. Aparılan monitorinqlə bağlı hesabatlar hazırlanacaq və yayımlanacaq. Hər bir region üzrə ayrı-ayrılıqda monitorinq hesabatının hazırlanması nəzərdə tutulur. Nəticələr monitorinq qrupları tərəfindən Alyans rəhbərliyinə və layihə rəhbərinə təqdim ediləcək, daha sonra layihənin ekspertləri tərəfindən hesabatlar hazırlanacaq.
Layihənin həyata keçirilməsində məqsəd seçkiöncəsi mühitin demokratikliyi ilə bağlı vətəndaş cəmiyyəti sektorunun ümumi Yekun Rəyinin hazırlanması və ictimaiyyətə, o cümlədən beynəlxalq təşkilatlara təqdim edilməsidir. Bununla da tərəfsiz seçki monitorinqi real seçki mənzərəsini ictimaiyyətə çatdıracaq və ilk dəfə olaraq, seçkinin iştirakçısı olan siyasi qüvvələrin postseçki dövründə dialoqunun təməli qoyulacaq. Monitorinqin yekunu olaraq, seçki nəticələri ilə exzitpolun və rəsmi seçki nəticələrinin də müqayisəli təhlili və analizinin aparılması, yekun hesabatın hazırlanması nəzərdə tutulur.
62 təşkilatı sıralarında birləşdirən QHT Əməkdaşlıq Alyansının bu ilin əvvəlində seçkidə iştirak edəcək siyasi partiyaların resurslarının öyrənilməsi ilə bağlı apardığı monitorinq ictimai rəydə rəğbətlə qarşılanıb və hazırlanan Monitorinq Hesabatı tərəfsiz sənəd kimi ictimaiyyətin müxtəlif  təbəqələri tərəfindən təqdir edilib. Daha sonra bu ilin may ayında “seçkiöncəsi vəziyyətin qiymətləndirilməsi” ilə bağlı Alyansın geniş təhlili ictimaiyyətə təqdim edilib. Bu hesabat da ictimai rəydə müsbət qarşılanıb və hesabatın real mənzərəni əks etdirdiyi ilə bağlı ictimai fikir formalaşıb. Hazırlanan hesabatın sosial şəbəkələrdəki müzakirəsi bunun sübutudur.
Layihə zamanı gündəlik məlumatlar əldə edilməsi üçün region QHT-lərinin də prosesə cəlb olunması nəzərdə tutulur. Prosesə cəlb edilən region QHT-lərindən formalaşdırılan yerli qruplar bütün proses boyu fəaliyyətini davam etdirəcək və Alyans rəhbərliyini gündəlik məlumatla təmin edəcək. Bu da regionlarda seçki prosesinin gündəlik nəzarətdə saxlanılmasına imkan verəcək.
Layihə çərçivəsində monitorinqlə yanaşı müəyyən tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. İlkin olaraq “vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyətinin təşkili üçün ictimai müzakirənin təşkili” mövzusunda keçiriləcək tədbirdə vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyət mexanizmləri müzakirə ediləcək. Daha sonra isə bütün respublikanı əhatə edən və beynəlxalq təşkilatların iştirakı ilə “Azad və ədalətli seçkilər: demokratiyanın əsas qalası” forumu keçiriləcək.

Comments are closed.