Qobustanın acınacaqlı günləri

Qobustan-1

Son vaxtlar Qobustan Rayon İcra Hakimniyyətinin (RİH ) işindəki nöqsanlarla bağlı redaksiyamıza xeyli məlumatlar daxil olur.
XALQ.AZ xəbər verir ki, hələ bir neçə gün öncə rayonun inzibati mərkəzi olan Qobustan şəhərində içməli suyun olmaması, sakinlərin çox baha qiymətə su alması barədə yazmışdıq. Hətta su çatışmazlığına etiraz edərək yolu kəsən vətəndaşlarla icra başısı Adil Məmmədov özü görüşərək onlara tezliklə su problemini həll edəcəyini söz verib.
Bu gün bizimlə əlaqə saxlayan bölgə müxbirimiz Nazim Bəşirli bildirdi ki, hələ heç bir dəyişiklik yoxdur, sadəcə xeyli sayda boru gətirib töküblər, vəssəlam.
Bölgə müxbirimiz daha vacib bir problemə toxundu. Onun dediyinə görə Qobustan rayonunun Hilmilli kənd sakinlərindən imkanlı məmurlar torpağın bir hektarını 500 dollara alırlar. Sonra həmin torpağı iri “Shadman”, “KamAZ” maşınlarına yükləyərək Bakıya bağlara daşıyırlar.
Bölgə müxbirimiz bildirdi ki, Hilmilli kəndinin bütün münbit torpaq sahələrini bu torpaq alverçiləri məhv edib, istənilən vaxt gəlib çəkiliş edə bilərsiniz.
Görəsən, bu biabırçılığa ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov və rayonun icra başçısı Adil Məmmədov niyə göz yumurlar..? Bəlkə, “Ulduz” filmində deyilən kimi gözlərinə nəsə düşüb?
Redaksiyadan: Yaxın günlərdə Hilmillidə çəkiliş etməyi planlaşdırırıq. 

qafqaznews.az