Qubada alma bayramı keçirldi

02

 

Qubada keçirilən Alma bayramında 100-dən çox xarici ölkədən nümayəndələr iştirak etmişlər

Quba şəhərində möhtəşəm Alma bayramı keçirilmişdir.
Xalq.az xəbər verir ki, Heydər Əliyev adına mədəniyyət və istirahət parkında təşkil olunmuş bayram tədbirinə bu rayon rəhbərləri, ziyalılar, Milli Məclisin deputatları, Azərbaycandan kənarda yaşayan qubalı iş adamları, eləcə də 100-dən artıq xarici ölkədən qonaqlar dəvət olunmuşlar. Bir sıra xarici ölkələrin Azərbaycandakı səfirləri və diplomatik nümayəndələri tədbirə ailə üzvləri ilə birgə qatılmışlar.
Ardıcıl ikinci ildir ki, keçirilən bayram tədbirinə ulu öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlanılmışdır.
Əvvəlcə çaparlar meydan boyunca yürüş keçirmişlər. Bunun ardınca rayonda yaşayan azsaylı xalqların nümayəndələri milli geyimlərdə qonaqları salamlamışlar. Qubada yetişdirilən alma növlərinin nümayiş olunduğu avtomobillərin paradı da maraqla qarşılanmışdır.
Tədbirdə 6 hektar ərazidə milli adət-ənənələrimizi əks etdirən “Qədim Quba” adlanan kompozisiya nümayiş etdirilmiş, iştirakçılara almadan hazırlanmış müxtəlif şirniyyatlar, kokteyl və içkilər təqdim olunmuşdur.Bayram çərçivəsində rayonda yaşayan azsaylı xalqların folklorunu, mətbəxini və həyat tərzini əks etdirən stendlər əcnəbilərin diqqətini daha çox cəlb etmişdir.Tədbirdə iştirak edən Koreya Respublikasının Azərbaycandakı səfiri Çoi Suk-İn bayramdan məmnun qaldığını bildirərək demişdir: “Quba almasının dadına baxmaq imkanı qazandım və çox bəyəndim. Olduqca dadlıdır. Rayonda möhtəşəm bayram əhval-ruhiyyəsi var”.Milli Məclisin deputatı Vahid Əhmədov isə ikinci ildir keçirilən Alma bayramının meyvəçiliyin təbliğində xüsusi əhəmiyyətə malik olduğunu bildirmişdir. Qeyd etmişdir ki, alma Qubanın simvoludur. Bu bayram həm də almanın satışı üçün yeni satış bazarlarını müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir.Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə Alma bayramının yüksək səviyyədə təşkil olunduğunu bildirərək demişdir: “Bu təkcə qubalıların deyil, həm də bütövlükdə alma yetişdirənlərin, bu meyvədən yararlananların bayramıdır”.
Bayram tədbirinə yeni istifadəyə verilmiş Yaşıl teatrın səhnəsində tanınmış incəsənət ustalarının konsert proqramı ilə yekun vurulmuşdur.